Bu gün Mingəçevir şəhərində Kür Olimpiya İdman-Tədris Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə vaterpol idman növü üzrə beynəlxalq turnir start götürüb. ANS PRESS-in Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edilmiş yarışda Azərbaycan yığması ilə yanaşı, Gürcüstan, Belarus, Macarıstan və Özbəkistan yığmaları da iştirak edir.
Artıq üç gündür ölkəmizdə olan komandalar yarışdan öncə məşqlərini Kür Olimpiya İdman-Tədris Mərkəzində keçiblər. Təqvimə əsasən bu gün rəsmi açılış mərasimi keçirilib. Tədbiri giriş sözü ilə Mingəçevir İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov açıb. O, qonaqları salamlayaraq hər bir komandaya uğurlar arzulayıb.
Açılış mərasimində iştirak edən Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti, millət vəkili Xanlar Fətiyev dövlət başçısı İlham Əliyevin idmana diqqət və qayğısını ön plana çəkərək son illər ölkəmizin böyük idman tədbirlərinə layiqli ev sahibi etdiyini vurğulayıb. X.Fətiyev qeyd edib ki, 2015-ci ildə Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi təsadüfi deyil: "Azərbaycanda su idman növlərinin inkişafı davamlı xətt üzrə davam edir. Üzgüçülük Federasiyası, öz növbəsində, imkanlarından istifadə edərək ölkəmizi yarışlarda layiqincə təmsil etmək üçün bütün qüvvələrini səfərbər edib. Bu gün vaterpol idman növü üzrə keçirilən bu beynəlxalq turnir də həmin məqsədə xidmət edir. Ötən il keçirilən bu turnirdə 2-si Azərbaycan komandası olmaqla cəmi 4 komanda iştirak edirdi. Bu il isə ümumilikdə 6 komanda gücünü sınayır. Biz su idman növlərinə olan marağı artırmaq, gənclərin diqqətini bu idman növlərinə yönəltmək üçün yorulmadan çalışacağıq".
Təqvimə əsasən açılış günündə 4 qarşılaşma nəzərdə tutulub. Mayın 5-də Azərbaycan-Macarıstan, Belarus-Azərbaycan, Özbəkistan-Belarus, Gürcüstan-Macarıstan komandaları qarşılaşacaq. Yarışların ikinci günü Gürcüstan-Azərbaycan, Özbəkistan-Azərbaycan yığmaları qüvvələrini sınayacaqlar. İki qrupda mübarizə aparacaq komandaların final görüşləri və qaliblərin mükafatlandırılması isə mayın 7-də olacaq.
Qaliblər medallar və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Mənbə:Anspress.com