7-9 may tarixlərində Heydər Əliyev Fondunun təşəbbüsü və xüsusi dəstəyi, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, Müasir İncəsənət Muzeyi və "Qız Qalası" incəsənət qalereyasının təşkilatçılığı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən "Qız qalası" Beynəlxalq incəsənət festivalı keçiriləcək.
2010-cu ildə başlanan, üç il ardıcıl Azərbaycanın paytaxtında, bir dəfə isə Fransanın Kann şəhərində keçirilən "Qız qalası" Beynəlxalq incəsənət festivalının bu il beşincisi gerçəkləşdiriləcək. Ənənəvi olaraq Ümumilli lider Heydər Əliyevin doğum günü ərəfəsində keçirilən builki V Festival İçərişəhərdə, Qız qalasının qarşısındakı meydanda təşkil olunacaq. Azərbaycan memarlğının incisi, xalqımızın zəngin mədəniyyətinin və beynəlxalq tarixi irsin nümunələrindən biri olan Qız qalası həm də mədəniyətlərarası dialoqun zənginləşdirilməsinə xidmət edən əhəmiyyətli vasitədir. Festivalın keçirilməsində əsas məqsəd dünyanın müxtəlif yerlərindən gələn rəssamlar vasitəsilə Azərbaycan mədəniyyəti və incəsənətinin tanıdılması, eləcə də Bakının rəmzi olan Qız qalasının dünyada təbliğinə töhfə verməkdən ibarətdir.
Festivalda rəssamlar Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlər yaradırlar. Hər biri özünəməxsus və fərqli üslubda olan bu unikal müəllif işləri dünyanın müxtəlif ölkələrində nümayiş etdirilərək, Qız qalasının təbliğində əhəmiyyətli vasitəyə çevrilir. Festivalın təşkilatçıları diqqəti həm də ətraf mühitin mühafizəsi məsələsinə cəlb etməyə qərar vermişlər. Nəsli kəsilməkdə olan "Qafqaz beşliyi"nin simvolu kimi seçilmiş ceyran maketləri hazırlanaraq və ötən il festivalda iştirak etmiş rəssamlar tərəfindən xüsusi rəsm üslubu və dekorasiya ilə bəzədiləcəkdir. Bu il festivalda dünyanın 27 ölkəsindən 29 tanınmış rəssamın iştirak edəcəyi gözlənilir.
Festivalın konseptual xəyal sərhədləri hər il yeni tematik komponentin əlavə edilməsi sayəsində genişləndirilir.
Bu il Bakıda festival çərçivəsində dünyada küçə incəsənətinin (street art) ən populyar növlərindən biri olan 3D rəsmlərin təqdim edilməsi planlaşdırılır. 3 ölçülü optik illüziyanın köməyi ilə yaranan müəyyən nəzər nöqtəsi Qız qalasının zirvəsinə qalxmaq, qədim şəhərin meydanına açılan məftunedici mənzərəni seyr etmək imkanı yaradır.
Bənzərsiz sənət əsərlərinə çevrilən Qız Qalası maketləri əvvəlcə Bakı sakinləri və şəhərimizin qonaqları üçün İçərişəhərdə, daha sonra isə müxtəlif ölkələrdə sərgilənir, ölkəmizi, onun tarixini və mədəniyyətini təmsil edir.
Mənbə:Anspress.com