2014-cü ilin aprel ayı ərzində İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə 450-ə yaxın müraciət edilib.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, nazirlik tərəfindən göstərilən elektron xidmətlər, eləcə də nazirliyin səlahiyyətlərinə aid olan digər məsələləri əhatə edib. Ümumiyyətlə indiyədək 195-2 Telefon Məlumat Mərkəzinə 25 minə yaxın müraciət daxil olub.
Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edilən müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və müvafiq tədbirlər görülür. Qeyd edək ki, 195-2 Telefon Məlumat Mərkəzi İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə dair sualların nazirliyə gəlmədən operativ və ətraflı cavablandırılması məqsədilə yaradılıb. Ölkənin istənilən ərazisindən stasionar və mobil telefonlardan məlumat mərkəzinə zəng etməklə nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciətlərə cavab almaq mümkündür. Telefon xidməti canlı rejimdə, qanunvericiliklə təsdiq edilmiş iş günlərində, fasiləsiz olaraq saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.
Mərkəz tərəfindən göstərilən telefon məlumat xidməti ödənişsizdir.
Mənbə: Anspress.com