Qadin.NET / İsmətini itirməyən qızlarımız

İsmətini itirməyən qızlarımız

 


Gənclərimiz köçüb gedirlər. Cümə, yəni həftənin beşinci günü, cəmi altmış-yetmiş nəfərin yığışdığı bir toyda idim. Harada-harada Sumqayıt şəhərində. Bu sətirləri yazanda fikirləşdim ki, çoxları ağız büzüb deyə bilər ki, burada nə var ki?
İnsan imkanı daxilində toy edir, dəvətlilər olur, şadyanalıq keçirirlər. Əslində bu, mənim üçün də belədir. Amma zaman və məkan dəyişir.
Bu problemi biz lap çoxdan qaldırmışdıq. Hansı problemi soruşsanız, deyim?
Gənclərmizin miqrasiya problemi, təkbaşına bütün dünyanı gəzməsi, sonra yerli xalqların nümayəndəsindən olan bir qızla evlənməsi.
Batdı millət, batdı gen yaddaşı, batdı sənin tarixin. Zatən buna bir misal olaraq Rusiyanı imperiya halına gətirən tatarların tarixinə diqqət yetirsək, bir daha aydın olar ki, Rusiya imperiyasının qurucuları tatarlar (türklər) bir neçə nəsildən sonra, çox hallarda milli kimliyini itiriblər.
Aydındır, qüdrətli dövlətlərdə qüdrətli ideologiya olur. İdeologiya, iqtisadiyyat, təbliğat, təşviqat, satınalma insanları bir tərəfdən o biri tərəfə keçirir.
Baxın bu gün də Rusiyada çalışan insanlara problem yaradaraq ölkənin vətəndaşlığını qəbul etməyə məcbur edirlər.
Erkəklərimiz təkbaşına miqrasiya olunurlar, sonra isə daha dəhşətli olur. Orada evlənirlər, cocuq-coluqa sahib olurlar. Kişi ailəni dolandırmaq, milli mentaliteti qorumaq, xanımına yaxşı baxmaq üçün sutkanın on altı saatı evdə tapılmır. Nəticəsi nədir? Başqa millətdən olan bu xanım doğduğu övladına ərinin deyil, özünün mentalitetini təbliğ edir. Nəticə heç də uzaqda olmur. İkinci nəsildən sonra o cocuq, sonradan bəlkə də, haradasa dahi olacaq bir insan özünü anasının vətəni kimi qələmə verir, vicdanı olsa deyir ki, tarixi köklərim Azərbaycana, türkcə bağlıdır. Vəssalam, bu qədər. Azərbaycana onu heç nə bağlamır. Dili bilmir, adətləri bilmir. Üçüncü nəsildən heç kəs dinləmək istəmir ki, sənin tarixi kökün hardan başlayıb, harda qurtarır.
Nə isə Ağ atlı şahzadəni gözləyən xanımdan yazaq. Heç birinin adını yazmıram. Bəyin əlli iki yaşı, xanımın qırx iki. Bəy belorus xanımına evli olub, özü boyda bir oğlu var, hətta gətirib Bakıda dostlarımız tərəfindən sünnət elətdirib. Bu adam sıravi bir adam olsa da, Minskdə yaşayan dostlarımın ən önəmlisidir. On səkkiz yaşında Azərbaycandan çıxıb, daha geri qayıtmayıb. Dörd qana qaynaşan bir belorus, ziyalı xanımla evlənib. İzdivaclarından bir erkək uşaq da dünyaya gəlib. Zatən o bunun peşmançılığını çəkmir. Amma illər ötdükcə (bunun hamısını mənə danışıb) vətən nisgili, vətən həsrəti, danışdığı dildə, ləhcədə ona cavab verilməməsi onun həsrətini ağırlaşdırıb, ona bir yük edib. Arada mənə deyirdi ki, artıq qocalıram, amma evimdə türkcə, mənim dilimdə danışan yoxdur. Sual verdim: Yəni sənin nəslin bununla bitəcəkimi? Savadı yoxdur, ancaq erudusiyalıdır. Dünyanın siyasətindən danışar, deməzsən ki, bu adam sıradan birisidir. Bu yaşda, bu başda siyasətlə məşğul olanlar ona həsəd apara bilərlər. Vətənini, dövlətini (Azərbaycanı nəzərdə tuturam) sevən insanları harada taparsan belə?
Keçək gəlinə!
Gəlini birinci dəfə toyda gördüm. Savadlı, elmli (musiqi məktəbində dərs deyir) dünyəvi bir xanım. Bəs bu yaşına qədər niyə evlənməyib? Cavab çox sadə. Erkəklərimiz pul qazanmaq dalınca xaricə üz tutanda onlar qarımış qıza çevrilirlər.
Qırx iki yaşına qədər ismətini, namusunu qorudu. Qırx iki yaşına qədər ailəsinin, atasının-anasının üstünə çamur, ləkə, palçıq atılmasın deyə canını qurutdu, özünü qurutdu, amma alçalmadı, başqa yollara düşmədi. İsmətini, namusunu qorudu. Bəlkə də belə ölməyə qərar vermişdi. Ancaq gözlədiyi ağ atlı oğlan-əlli iki yaşında bəy gəlib çıxdı.
Hər gün hadisələrlə doludur, amma ismətini qoruyan qızlarımızın hadisələri getdikcə azalır. Bu da Avropa Şurasının bizə sırıdığı prinsiplərdir.
İsmətini, namusunu qoruyan qızlarımıza gec-tez dönürlər. Əlli iki yaşında səhvini başa düşüb geri dönən erkəklərimiz kimi.

İsmətini qoruyan qızlar!
Tanrı sizə yar olacaq!
Bakı. 2.05.14

Yunus Oğuz
(“Kənardan baxış” silsiləsindən)

Mənbə:Milli.Az

 

5 may 2014
GO BACK