“Azərbaycan dili” fənnindən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələri açıqlanıb.
ANS PRESS-in Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının saytına istinadə verdiyi məlumata görə, TQDK 2014-cü il mayın 4-də rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirib. İmtahanda Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində rus bölməsi abituriyentləri iştirak edib.
Nəticələr yaxın saatlarda TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər nəticələrini iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə biləcəklər.
İmtahanında 15 və daha çox bal toplayan abituriyentlər “məqbul” la qiymətləndirilir.
Məlumat üçün qeyd edək ki, imtahanda iştirak etmək hüququ olan 8215 abituriyentdən 288 nəfəri imtahana gəlməyib.
İmtahanda iştirak edən 7927 abituriyentdən 7211 nəfəri qeyd olunan müsabiqə şərtini ödəyib və “məqbul” qiyməti alıblar. 28 abituriyent təqdim olunan bütün test tapşırıqlarına düzgün cavab verərək maksimum nəticə (30 bal) göstərib.
İmtahandan “qeyri-məqbul” qiyməti alan və ya bu imtahanda iştirak etməyən abituriyentlər 2014-ci il iyulun 3-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.