Qadin.NET / Həyatla ölüm arasında...

Həyatla ölüm arasında...

 


Müasir dövrdə insanlar arasında geniş yayılan ən təhlükəli xəstəliklərdən biri də xərçəngdir. Bu xəstəlik ən çox mədədə, yemək borusunda, bağırsaqlarda, dəridə, ağciyərdə, qadınlar arasında isə həmçinin uşaqlıqda, süd vəzisində, yumurtalıqda təsadüf olunur.

Mədə xərçəngi

Həkim-onkoloq Məxmər Əliyevanın Milli.Az-a dediyinə görə, günümüzdə insanlar arasında daha çox rast gəlinən mədə xərçənginin əmələ gəlməsi üçün münbit şərait var. Mədənin xroniki qıcıqlanması, katarı, iltihabları nəticəsində mədənin selikli qişasında defektlər əmələ gəlir, regenerasiyaya uğrayıb qalınlaşır, dənəli, qabarlı, əmziyə bənzər polipoz şəklə çevrilir. Belə dəyişikliyə preblastomatoz hal deyilir. Buna girdə mədə xorasının kənarlarında çox rast gəlmək olur.

Mədə xərçənglərinin əlli faizə qədəri antral hissədə, kiçik əyriliyində, daha az faizi isə mədənin başqa nahiyələrində təsadüf olunur. Mədədə xərçəngin, demək olar ki, bütün növlərinə - sərt xərçəng, selikli, beyinvari, solit xərçəngə rast gəlmək mümkündür. Polipoz xərçəng mədədə daha çox polipoz qastrit şəkildə olur. Polip və ya bir neçə polip tədricən xərçəngə çevrilərək selikli qişanın səthindən yüksəlir. Bu ən çox mədənin kiçik əyriliyində əmələ gələrək göbələyə, gül kələmə bənzəyir.

Xərçəngin növləri

Həkim mədə xərçənginin bir neçə növünün olduğunu bildirib.

Xora xərçəngi mədə xorasından əmələ gələn xərçəngə deyilir. Xora xərçənginin kənarları hündür olur, böyüdükdə bəzən şüşəyəbənzər şəkil alır. Bu növ xərçəng nisbətən qonşu nahiyələrə tez yayılır. Xora xərçəngin dibi fibrozlu olur, bəzən serroz qişayadək davam edir, xoranın kənarları isə pilləyə və qayaya bənzəyir.

Diffuz (infiltrativ) xərçəng sərt xərçəng quruluşunda olub, ən çox pilorusdan (mədə girəcəyi) başlayır və mədənin başqa yerlərinə yayılır. Nəticədə mədə divarı 1-2 sm qədər qalınlaşır, sərtləşir, selikli qişanın səthi kələ-kötür, büküşləri kobud şəkil alır və xoralar əmələ gəlir. Bu zaman mədənin həcmi kiçilir.

Balaca xərçəng (yastılaşmış). Belə xərçəngi klinik və rentgenoloji cəhətdən təyin etmək çətin olur. Çünki ölçüsü çox xırda (1-3 sm) olur. Adətən mədənin kiçik əyriliyində əmələ gəlir və makroskopik olaraq selikli qişalarda bir o qədər dəyişiklik törətmir. Yalnız mikroskop altında mədənin bir qədər qalınlaşmış qatlarında, ayrı-ayrı xərçəng toxumalarına rast gəlmək olur. Bu tip xərçəng çoxlu metastaz verir.

Göründyü kimi mədə xərçəngləri müxtəlif ağırlaşmalar verir. Bunlar ən çox limfogen yollarla yayılaraq regionar limfa düyünlərinə və uzaq nahiyələrə metastazlar verir. Limfogen metastazlar, mədənin xırda əyriliyindən regionar və qapı venasının limfa düyünlərinə, mədənin kiçik əyriliyindən kardiyaya və dibinə, mədənin böyük əyriliyindən dalağa tərəf və dalaq qapısının limfa düyünlərinə yayılır. Mədə xərçəngi limfa axarının əks istiqaməti ilə də metastazlar verə bilər – yumurtalıqlara və körpücükaltı limfa düyünlərinə.

Mədə xərçəngi zamanı mədə qanaxması, mədənin perforasiyası, tutulması, kaxeksiya, anemiya kimi ağırlaşmalar baş verir.

Yemək borusu xərçəngi

Məxmər Əliyeva deyir ki, yemək borusunun selikli qişası çoxqatlı yastı epiteli ilə örtülü olduğuna görə, burada ən çox yastıhüceyrəli xərçəngə təsadüf edilir. Bunun keratinləşəni, keratinləşməyəni və bazal hüceyrəsi olur. Burada sərt xərçəngə də təsadüf edilir. Yemək borusunda xərçəngin başqa formaları nadir hallarda müşahidə olunur.

Ağımtıl düyün

Xərçəng yemək borusuna təzyiq olan yerlərdə, xüsusən qırtlağa yaxın olan nahiyədə, traxeya yaxınlığında və aşağı kardial hissədə daha çox əmələ gəlir. Bu xəstəliyə qadınlara nisbətən kişilərdə, cavanlara nisbətən qocalarda daha çox rast gəlinir. Yemək borusunun selikli qişasında olan xərçəng makroskopik olaraq bəzən kiçik ağımtıl sərt düyün şəklində olur. Yemək borusu xərçəngi bəzən xorasız şəkildə, uzun müddət davam edir. Bəzən isə sirkulyar xarakter alaraq yemək borusunu boğa bilər. Belə xərçəngdə xora çox sonralar əmələ gəlir.

Yemək borusunda yumşaq, beyinvari, xoralı formada da xərçəng olur. Belə xərçənglər selikli qişadan qalxaraq polipoz, xora və bəzən boşqababənzər şəkil alır.

Yemək borusu xərçəngləri başlanğıc dövrdə qonşu toxuma və üzvləri infiltrasiyaya uğratmağa və başqa nahiyələrə metastaz verməyə meyilsiz olur. Lakin sonralar bunlar regionar limfa düyünlərinə limfogen, başqa üzvlərə hematogen metastazlar verə bilir. Yemək borusunun xərçəngi mediastinuma (ara divara) yayılmış olarsa, traxeya, bronx və aortanın divarlarını dağıdır. Çox vaxt aspirasion pnevmoniya, ağciyər qanqrenası, qanaxmalar kimi müxtəlif ağırlaşmalara səbəb olur.

Bağırsaq xərçəngi
Həkim-onkoloqun dediyinə görə, mədə və yemək borusuna nisbətən bağırsaqlarda xərçəngə az təsadüf olunur. Burada əsasən adenokarsinomalara təsadüf edilir. Bunlara ən çox Fater əmziyində, düz bağırsaqda, yoğun bağırsağın əyriliyində, kor bağırsaqda rast gəlinir. Sərt xərçəng, yastıhüceyrəli xərçəng və xərçəngin başqa formaları isə bunlarda çox az olur. Fater əmziyi xərçəngləri çox vaxt məhdud şəkildə inkişaf edir və metastaz verməyə az meylli olur. Belə hal cərrahi əməliyyat üçün imkanlar yaradır. Proses çox uzanarsa, mədəaltı vəz, öd yolları, qaraciyər və başqa bu kimi qonşu toxuma və üzvlərə yayılaraq limfogen və hematogen metastazlar verir.

Xərçəng niyə öldürür?
Xərçəng xəstələrinin çoxu şişin olduğu orqanda, nahiyədə və yayıldığı bölgənin böyüklüyü səbəbi ilə dünyasını dəyişir. Ölümün əsas səbəbi həyati vacib orqanlar olan beyin, ağciyər və qaraciyərdə şişin olması və bu orqanlara yaılmasıdır.

Müalicə
Məxmər Əliyeva bildirib ki, xərçəng xəstəliyinin vaxtında aşkarlanması və müalicəsi nə qədər tez aparılarsa, daha effektli nəticə əldə etmək olar. Xəstəliyin əsas müalicə üsulu isə kimya terapiyasıdır. Kimyaterapiya ümumi olaraq xərçəng xəstəliyinin müalicəsində istifadə olunan dərman vasitələrindən ibarətdir. Müalicə prosesi xərçəng şişlərinin növünə, cinsinə, böyüklüyünə və yerləşdiyi nahiyə nəzərə alınaraq aparılır. Kimyaterapiyada əsas məqsəd müxtəlif peraparatlarla xərçəngə yoluxmuş toxumaların məhv edilməsinə nail olmaq və ya mümkün qədər onları neytrallaşdırmaqdır. Kimyəvi müalicə ilə bərabər cərrari müdaxilə ilə də xəstəliyə qarşı mübarizə aparıla bilər. Həmçinin kimyaterapiya ilə yanaşı, radioterapiya da uyğulanan müalicə üsullarındandır.

Kimya terapiyada istifadə olunan dərman vasitələri ağız yoluyla qəbul olunduğu kimi bəzi peraparatlar damar vasitəsi ilə də orqanizmə yeridilir. Bəzən damla-damla yeridilən dərman damarda ağrı, acı və yanma hissi yaradır.

Qeyd etmək lazımdır ki, kimyəvi terapiyada istifadə olunan dərmanlar heç də hər zaman saç tökülməsi ilə nəticələnmir. Ancaq bu zaman tökülən saçlar müəyyən müddətdən sonra yenidən bərpa olunur. Terapiya zamanı qanın tərkibində ciddi sayıla biləcək dəyişikliklər baş verir ki, müntəzəm olaraq bu yoxlanılmalıdır.

Necə qorunmalı?
Xərçəng xəstəliyindən qorunmaq üçün qidalanmaya ciddi fikir vermək lazımdır. Bunun üçün geni dəyişdirilmiş qidalardan istifadə edilməməlidir. Həmçinin qidalarda xərçəng yaradan qatqı maddələrinin çox olması bu xəstəliyə tutulma riskini daha da artırır. Belə ki, aparılan araşdırmalarda istifadə olunan şəkər tozunun tərkibinə qatılan sümük tozunun xərçəngi yaradan səbəblər arasında olduğu bildirilir.

Zavodlardan və avtomobillərdən buraxılan tüstünün havanı çirkləndirməsi, həmçinin kimyəvi maddələrdən - hidrokarbonlar, aflatoksin, nikel, xrom, boya maddələri, parfümeriyada istifadə olunan bəzi maddələr və siqaret xərçəng yaradan səbəblər arasındadır.

Zəhra
Mənbə:Milli.Az

 

5 may 2014
GO BACK