Məlumdur ki, HİV (İnsanın İmmun Çatışmazlığı Virusu) antiretrovirus preparatlarına uyğunlaşa bilir. Bir çox elmi işlər də məhz buna həsr edilib.
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, Saymon Frezer Universitetinin əməkdaşı Zabina Brumme isə virusun insan bədəninə adaptasiyası prosesini öyrənməyi qərara alıb. Onun araşdırmasına görə, HİV immun reaksiyaya öyrəşir, buna görə də immun vaksinlərini nəzəri cəhətdən perspektivsiz edir.
Söhbət HİV-ə immunitetdən qaçmağa kömək edən virus mutasiyalarından gedir. Brumme HİV haqqında ilkin məlumatların əldə edildiyi 1979-cu ildən bu yana pasiyentlərin HİV ardıcıllığını araşdırıb. Məlum olub ki, virus Şimali Amerikada immunitetə çox ləng adaptasiya edir. Ancaq virusun çox yayıldığı ölkələrdə mutasiyaların sayı getdikcə artır.
Bu nəticələrə virusun RNT-sini (ribonuklein turşusu) nümunələrdən götürərək laborator şəraitdə çoxaltdıqdan sonra gəlinib. Əvvəllər belə bir tədqiqat aparılmamışdı. Ekspertlərin rəyinə görə, HİV-ə qarşı vaksin və dərmanın tapılmasına elə də çox qalmayıb. Müalicə metodları üzərində aktiv iş HİV-in bütün dünyada insan immunitetinə qalib gəlməsindən əvvəl onu dayandıra biləcək.