Mayın 4-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş “Naxçıvan Open-2014” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib.
ANS PRESS-in məlumatına görə, açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Naxçıvan Open-2014” Beynəlxalq Şahmat Festivalının iştirakçılarını salamlamış, təşkilatçılara təşəkkürünü bildirib.
Beynəlxalq dərəcəli hakim, şahmat festivalının baş hakimi Faiq Həsənov çıxış edərək ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında şahmatın inkişafına göstərilən diqqət və qayğıdan danışmış, turnir barədə məlumat verib.
Qeyd olunub ki, “Naxçıvan Open-2014” Beynəlxalq Şahmat Festivalında 9 ölkədən 300-dən artıq şahmatçı iştirak edir. Turnir üç yarımqrupda keçiriləcəkdir. Şahmatçılar şəxsi əmsallarına görə “A”, “B” və “C” qruplarında mübarizə aparacaqlar. Beynəlxalq festival 9 turdan ibarət olacaq və mayın 12-də yekunlaşacaqdır. Yarışda keçmiş dünya və Avropa çempionları, 22 beynəlxalq qrossmeyster, 15 beynəlxalq şahmat ustası və 6 FİDE ustası iştirak edirlər. Muxtar respublikanı festivalda 66 şahmatçı təmsil edir.
Sonra festivalın püşkü atılıb.
anspress.com