Qadin.NET / Erməni tarixçilərinin etirafları

Erməni tarixçilərinin etirafları

Dünya erməniləri qondarma “erməni soyqırımı”nın 100 illiyini yüksək səviyyədə qeyd etmək, olmayan bir hadisələrlə bağlı Türkiyəni suçlu çıxarıb arzularını gerçəkləşdirmək üçün ciddi şəkildə hərəkətə keçiblər. Belə bir ərəfədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın həlak olan ermənilərin nəvələrinə başsağlığı verməsi “Böyük Ermənistan” xülyasında və Türkiyədən böyük təzminatlar almaq iddiasında olan erməni diasporunu xeyli həvəsləndirib.
Düzdür, ardınca Ərdoğan erməni tarixçilərini Türkiyəyə arxivləri araşdırmağa dəvət etməklə erməniləri fakt qarşısında qoydu. Ancaq şübhəsiz ki, dünya erməniləri və onların havadarları gələn il üçün xeyli şoular hazırlayacaqlar. Praqa sammitində Ermənistan prezidentinin Türkiyəyə hədyanlar yağdırmasının qarşılığında Azərbaycan prezidenti İlham Əliyevin “Türkiyə yoxdursa, mən buradayam” deyib düşmənin cavabını verməsinin yaratdığı effekt erməni iddialarına qarşı Türkiyə və Azərbaycanın birgə olmasının yeganə çıxış yolu olduğunu bir daha təsdiqlədi.
Tarixi faktlar da ermənilərin ziyanına işləyir. Ən mühümü odur ki, tarixdə erməni soyqırımının olmadığını təkcə türklər və ya azərbaycanlı tarixçilər deyil, ermənilərin özləri də vaxtaşırı etiraf ediblər. Belə faktlardan bir neçəsini bizə Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə təqdim edib. Maraqlısı və diqqətçəkəni həm də odur ki, sözügedən faktlar qardaş Türkiyədə də dərc olunub. Belə ki, artukluhaber.net internet qəzeti “ERMENİLER, 1 MİLYON TÜRK’Ü KATLETTİ” sərlövhəli yazıda erməni cinayətlərinin ermənilər tərəfindən təsdiqi və etirafından bəhs edən yazı çap edib. Yazıda əks olunduğu kimi, tarixi qaynaqlar sübut edir ki, ermənilər türklərə qarşı həmişə qəddar və amansız olublar. Faktlar bir daha göstərir ki, erməni psixologiyası bu gün də dəyişməyib və ermənilər özləri də bunu etiraf edirlər. Erməniləri faşistlərlə də müqayisə edənlər var. 
Amma diqqət yetirsək, görərik ki, faşistlər işğal etdikləri ərazilərdə daha çox əsir götürürdü, nəinki qətliam həyata keçirirdilər. Lakin ermənilər işğal etdikləri ərazilərin sakinlərini qadın, uşaq demədən işgəncə ilə qətlə yetirməkdən sanki zövq alırlar. 2010-cu ilin yanvarında könüllü şəkildə Azərbaycana keçən və hazırda Bakı ətrafındakı hərbi şəhərciklərin birində saxlanılan erməni Yegişe Gevorkyan deyib ki, erməni terroru bu gün də dövlət siyasətinin əsasını təşkil edir. Fakt budur, erməni psixologiyasının bariz üzü. İllər ötsə də bəşəriyyətin düşüncə və yanaşması dəyişsə də, erməni təfəkküründə demək olar ki, heç nə dəyişməyib.
Ermənilərin tarixən əzəli türk məskəni olan, indi Ermənistan adlandırılan torpaqlarda soydaşlarımızın başlarına açdıqları müsibətlər barədə erməni tarixçiləri özləri belə utanmadan, həyasızcasına danışırlar. Erməni tarixçisi A.Lalayansa ötən yüz ilin əvvəllərində ermənilərin vəhşiliklərini belə etiraf edir: “Daşnak nümayəndələri ətraflarına çoxlu könüllü dəstələr yığaraq müharibə gedən Türk ərazilərində qadın, uşaq, qoca və əlilləri amansızcasına doğrayıb tökürdülər. Daşnak dəstələrinin tutduqları türk kəndləri canlı insanlardan təmizlənib, eybəcər hala salınmış qurbanları ilə birlikdə xarabalığa çevrilib”. (“İnqilabi Şərq” jurnalı, в„– 2-3, 1936. Moskva).
A.Lalayanın daha bir etirafı: “Ermənistanda daşnak hökuməti özünün 30 aylıq hakimiyyəti dövründə (may 1918 - noyabr 1920) azərbaycanlı əhalinin 60 faizini qırıb”. 1917-ci ilin dekabrından 1918-ci ilin avqustuna qədər təkcə Sisyan rayonunun 15 kəndində 625 nəfər qətlə yetirilib. Bəyazid, Eçmiədzin, İrəvan qəzalarında qarət olunmuş, doğma yurdunu tərk etmiş soydaşlarımızın sayı 200 min nəfərə yaxındır. Zəngəzur qəzasında 115 müsəlman kəndi dağıdılmış, həmin kəndlərdə yaşayan 3257 kişi, 2276 qadın, 2196 uşaq öldürülmüşdü. İrəvan quberniyasında 1918-ci ilin martınadək 199 kənd dağıdılmış, 135 min nəfərlik əhalinin bir qismi qılıncdan keçirilmiş, bir qismi isə çətinliklə də olsa qaçaraq dəhşətli vəhşilikdən canını qurtara bilmişdi. 1919-cu ilin 9 ayı ərzində Eçmiədzin və Sürməli qəzalarında 96 kənd, İrəvan qəzasında isə bütün kəndlər yerlə yeksan edilmişdi". Təkcə dəhşət saçan bu rəqəmlər ermənilərin susdurulması üçün yetərli ola bilərdi, ancaq davamı da var...
Ermənilər bir çox hallarda qondarma “erməni soyqırımı”nın da yalan olduğunu etiraf ediblər. Türkiyə ermənilərinin tanınmış simalarından olan tarixçi-yazar Levon Panos Dabağyan da vurğulayır. Qeyd edək ki, Dabağyan erməni lobbisinin və Qərb dairələrinin “soyqırımı” kampaniyasına açıq şəkildə qarşı çıxan az sayda erməni ziyalılarından biri, bəlkə də birincisidir. Özü də Dabağyan “erməni soyqırımı” iddialarının əsassız olduğunu, sadəcə, deklarativ şəkildə deyil, tarixi tədqiqatlar nəticəsində nəzərə çatdırır. O, Osmanlı ermənilərinin tarixini uzun zamandan bəri tədqiq edir, 2003-cü ildə onun “Türkiyə ermənilərinin tarixi” adlı böyük kitabı çapdan çıxıb. Türkiyədə tarix boyu ermənilərə qarşı hər hansı soyqırımı hərəkəti olmadığını vurğulayan Dabağyan bu xüsusda səslənən bütün bəyanatların tarixi gerçəyə deyil, siyasi maraqlara dayandığını deyib: “Birinci Dünya müharibəsi dövründə Türkiyədə yaşamış ermənilərə qarşı deportasiya həyata keçirilib və bunu hər kəs etiraf edir, amma Türkiyə tarixində ermənilərə qarşı soyqırımı deyilən bir şey qəti şəkildə olmayıb”. Dabağyanın sözlərinə görə,  bu  deportasiya qərarı müharibə dövrünün şərtlərinə görə verilib və onun faciələrə yol açdığı da gerçəkdir: “Amma bunu heç bir halda soyqırımı adlandırmaq olmaz”.
Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə deyir ki, 2009-cu ildə isə Türkiyədə ermənilərin türklərə qarşı soyqırım törətdiyini etiraf edən hesabat kitab şəklində də nəşr olunub və geniş yayılıb. Düşməni ifşa istiqamətində türk tarixçilər də xeyli işlər görüb. İstanbul Universitetinin tarix fakültəsinin müəllimi Mehmet Perincək Rusiya Silahlı Qüvvələri Baş Qərargahının arxivindən əldə etdiyi hesabatı kitab şəklində nəşr etdirib. Hesabatı türk dilinə tərcümə edən M.Perincək bildirib ki, bu, son dərəcə mühüm sənəddir: “Çünki general Bolxovotinov Baş Qərargaha göndərdiyi hesabatda Anadoluda ermənilərin Osmanlı dövlətinə qarşı üsyan etdiklərini və türk əhalini qətlə yetirdiklərini sənədlərlə ortaya qoyub. Təsəvvür edin ki, cəbhədə türklərə qarşı döyüşən və ermənilərə gizli dəstək verən bir ordunun generalı bildirir ki, Anadoluda ermənilər türklərə qarşı soyqırım həyata keçiriblər. Bu sənəd Türkiyənin böhtanlara qarşı mübarizəsində nə dərəcədə haqlı olduğunu ortaya qoymaqdadır. Biz ilk dəfə bu kitabda çoxlu sayda tarixi fotolardan istifadə etmişik. O fotolarda erməni quldurların türklərə qarşı soyqırımı törətməsi öz əksini tapıb”.
Bütün bu tarixi həqiqətlər ondan xəbər verir ki, dünya güclərinin əlində Türkiyə və Azərbaycanı zəiflətmək üçün sadəcə oyuncağa çevrilmiş ermənilər elə erməni tarixçilərinin də etiraf etdiyi kimi olmayan bir şeyi sübut etmək uğrunda çarpışırlar. Əslində 2015-ci ildə soyqırımın 100 illiyi qeyd olunmalıdır, ancaq bu dünya miqyasında ermənilərin Türkiyə və Azərbaycan türklərinə qarşı soyqırım törətdiyinə görə ermənilər mühakimə edilməlidir. Bu gün Ermənistanda mühüm dövlət postları tutanlar, S.Ohanyan, S.Sərkisyan, eləcə də R.Köçəryan və digərləri soydaşlarımıza qarşı törədilən soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.

Milli.az

4 may 2014
GO BACK