Bakının Binəqədi rayonunda qorxunc hadisə baş verib. Səhər yuxudan ayılanda Mahmudovlar ailəsinin mənzillərində ilan görməsi və dərhal mənzili tərk etməsi isə çox vaxt aparmayıb. Ailə üzvlərinin sözlərinə görə, səhər saatlarından axşama kimi günlərini küçədə keçirərək evə girməyə qorxublar. Sonra isə həyatlarını təhlükə altına ataraq ilanın axtarışlarına başlayıblar.
Mahmudovlar ailəsi bu gün səhər saat 10-dan günlərini binanın həyətində keçirməli olub. Ailənin evinə girə bilməməsinə səbəb isə mənzillərindəki sanitar qovşaqda ilanın peyda olmasıdır.
Müsahibim deyir ki, ölçüsü kiçik olmayan ilanı görər-görməz qışqıraraq qapını örtüb və gördüklərindən şoka düşüb. O, ilanın sanitar qovşağının şaxtasından gəldiyini güman edir. Bundan sonra Ulduz xanım və onun 45 yaşlı oğlu Azər Mahmudov qorxularından evə daxil ola bilməyiblər. Elə yeməklərini də binanin həyətindəki kafedə yeməklə kifayətləniblər. Mahmudovlar ailəsi evlərində ilanın olması barədə müvafiq orqanlara müraciət etsələr də, onlara kömək edən tapılmayıb.
Şikayətçi Ulduz Mahmudovanın sözlərinə görə, gördüyü ilani qara rəngdə imiş: “Unitazın yanında uzanmışdı. Sonradan mən təzədən qapını açdım, gördüm ki, ilan gəlib qapının düz yanına. Başını gördüm, qara başı var idi.”
Ulduz xanımla birlikdə evə daxil olduq. Sanitar qovşağının qapısını açdıq. Hər yerə baxdıq, sanitar qovşağın tavanı və eləcə də şaxtanın açıq olmasından belə başa düşdük ki, ilan böyük ehtimalla həmin dəliklərdən gəlib. Bir müddət evdə də axtarış etdik.
Mənzil sahibi evində ilanın olduğunu desə də, amma biz gələndə artıq evdə ilan yox idi. Görünür, ilan sanitar qovşağın dəliklərindən çıxıb gedib.
Küçədə qalan ailə üzvləri təhlükənin uzaqlaşdığına əmin olduqdan sonra, rahat bir şəkildə mənzillərinə qovuşa bildilər. Günləri ağır keçən Mahmudovlar indi çox güman ki, bu yorğunluğu çıxarmaqdadır.
anspress.com