Şəxsiyyət vəsiqəsi və pasportlar üçün ödənilən dövlət rüsumunun 20 faizi DİN əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsinə sərf olunacaq. "Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin mövcud qərarında dəyişiklik edilib. ANS PRESS-in məlumatına görə, yeni qərarda qeyd olunub ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin və Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə ödənilən dövlət rüsumunun 20 faizi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin pasport və qeydiyyat qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının ("ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən işçilər istisna olmaqla) sosial müdafiəsini gücləndirmək, maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi hesaba köçürülür.
Mənbə: Anspress.com