Qadin.NET / "Xəzər status qazanmağa yaxındır?"

"Xəzər status qazanmağa yaxındır?"

Aprelin 22-də Moskvada 5 Xəzəryanı ölkənin xarici işlər nazirlərinin konfransı keçirilib. Konfransda Azərbaycandan Elmar Məmmədyarov, Rusiyadan Sergey Lavrov, Qazaxıstandan Erlan İdrisov, Türkmənistandan Rəşid Meredov, İrandan Məhəmməd Cavad Zərif iştirak ediblər. Toplantı Həştərxanda dövlət başçıları səviyyəsində keçirilməli olan IV Xəzər Sammitinə hazırlıq məqsədi daşıyırdı.

2010-cu ilin noyabrında Bakıda keçirilmiş III sammitdə Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlığa dair razılaşma əldə edilmişdi. Dənizin statusunun müəyyənləşdirilməsi üçün elə həmin toplantıda Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində fəaliyyət göstərən xüsusi nümayəndələr komissiyasına müəyyən tapşırıqlar verilmişdi. Onların ötən dövr ərzində apardıqları intensiv dialoq nəticəsində artıq Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlıq haqqında saziş, Xəzər dənizində fövqəladə halların aradan qaldırılması və xəbərdarlıq sahəsində əməkdaşlıq haqqında saziş imzalanmağa hazırdır. Bundan başqa, Xəzərin bioloji resursların qorunması və rasional istifadəsi haqqında razılaşma üzərində iş də yekunlaşmaq üzrədir.
Görüşün sonunda keçirilən mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov ona ümumilikdə müsbət qiymət verib: "Biz Xəzərin hüquqi statusuna dair Bəyannamə üzərində aparılan işin gedişini müzakirə etdik, bu sahədə bugünkü danışıqlarımız da daxil olmaqla, ciddi irəliləyişin olduğunu vurğuladıq". Lavrovun sözlərinə görə, Xəzərin hüquqi statusuna dair Bəyannamə Həştərxanda bu ilin payızında keçiriləcək sammitədək hazır olmayacaq, amma tərəflər gələcək razılaşmanın əsasını təşkil edəcək prinsiplərin böyük hissəsi ilə bağlı razılığa gəliblər. Həştərxanda keçiriləcək sammitdə Xəzəryanı dövlət başçılarının müzakirəsinə çıxarılacaq sənədlər də ciddi hazırlıq mərhələsindədir. S. Lavrov misal kimi, Xəzərin su hövzəsinin sərhədlərinin müəyyənləşdirilməsi sahəsində ciddi irəliləyişə nail olunduğunu bildirib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı ilə həmrəylik nümayiş etdirməklə yanaşı, Xəzərin hüquqi statusunun razılaşdırılması sahəsində ciddi irəliləyiş olduğunu vurğulayıb. Onun fikrincə, bu, Xəzəryanı dövlətlərin əməkdaşlığı üçün mövcud bazanı daha da gücləndirəcək. E. Məmmədyarov Bakının ciddi rolu ilə reallaşdırılan layihələrin əhəmiyyətini və uğurunu xüsusi qeyd edib. Söhbət Xəzər dənizini Qara və Aralıq dənizləri ilə birləşdirən, region ölkələrinin iqtisadi inkişafına, rifahına, dünyanın enerji təhlükəsizliyinə töhfə olan Bakı-Supsa, Bakı-Tiflis-Ceyhan neft kəmərlərindən, Bakı-Tiflis-Ərzurum qaz kəmərindən, Bakı-Tiflis-Ərzurum dəmir yolu xəttindən gedir.
Nazir Azərbaycanın bütün sahələrdə əməkdaşlığa, o cümlədən Xəzər dənizinin hüquqi statusuna dair məsələlərin Xəzəryanı dövlətlərin suveren hüquqlarına, qarşılıqlı tərəfdaşlığa uyğun, dinc yolla və danışıqlar vasitəsilə həllinə sadiq olduğunu bildirib. Bununla yanaşı, E.Məmmədyarov Bakının öz baxışlarının olduğu bəzi məqamları da açıqlayıb. Məsələn, nazir təhlükəsizlik məsələləri ilə bağlı deyib: "Xəzər dənizində hərbi qüvvələrin mövcudluğu və hərbi fəaliyyət bütün sahilyanı ölkələr üçün bərabər təhlükəsizlik şəraitinin təmin edilməsi prinsipinə əsaslanmalıdır". Bununla Məmmədyarov Xəzərdə real təhlükəsizlik şəraitinin olmadığına diplomatikcəsinə, eyni zamanda kifayət qədər açıq şəkildə işarə edib. Belə ki, birmənalı şəkildə regiona aidiyyəti olmayan dövlətlərin bölgədə hərbi mövcudluğuna qarşı çıxan, onsuz da Xəzərdə daha ciddi hərbi-dəniz qüvvələrinə məxsus Rusiya bu qüvvələrini artırmaqda davam edir. Eyni fikir qismən İrana da aiddir.
Azərbaycanın xarici işlər naziri "...Xəzəryanı dövlətlər üçün Xəzər dənizindən digər dənizlərə və Dünya okeanına tranzit azadlığının vacibliyini" də vurğulayıb. O, "Azərbaycan tərəfinin ticarət gəmiçiliyi rejimi, gəmilərin digər ölkələrin ərazi zonalarından sərbəst keçməsi, habelə Xəzər dənizinin dibi ilə boru xətlərinin çəkilməsi hüququ ilə bağlı məsələlərin beynəlxalq dəniz hüququ normalarına uyğun olaraq danışıqlar prosesi çərçivəsində həllinə ümid etdiyini" söyləyib.
Bu məsələdə Xəzəryanı dövlətlərin mövqeləri haçalanır. Rusiya gəmilərin Xəzərdə öz daxili çay kommunikasiyaları ilə Qara dənizə keçidinə məhdudiyyət qoyur. Bununla yanaşı, o, Türkmənistandan Qazaxıstana, oradan isə Azərbaycana və Avropa bazarlarına neft, qaz nəql edəcək boru xətlərinin nəql olunacağı boru xətlərinin çəkilişinə qarşı çıxır.
Elmar Məmmədyarovun növbəti mesajı Türkmənistan və İrana ünvanlanmışdı. Qeyd edək ki, bu dövlətlər Xəzərdə özlərinə aid sektorların Azərbaycanın hesabına genişləndirilməsi ilə bağlı iddialarını əsaslandırmaq üçün "orijinal", beynəlxalq təcrübədə qəbul olunmayan variant - dənizin dibinin bölünməsini təklif edirlər. "Biz Azərbaycan, Qazaxıstan və Rusiya arasında Xəzər dənizinin dibinin bölünməsinə dair imzalanmış sazişlərə böyük önəm veririk. Onları Xəzər dənizinin hüquqi statusunun ayrılmaz hissəsi, ümumi razılaşmanın əldə olunması üçün əsas sayırıq. Şübhəsiz ki, region ölkələrinin investisiya iqliminin yaxşılaşdırılması, enerji ehtiyatlarının hasilatı, təhlükəsiz kommunikasiyalarının yaradılması, habelə Xəzər dənizi regionunda təhlükəsizlik və sabitliyin təminatında maraqlı olmaları bizdən bütün açıq qalan məsələlərdə anlaşmanın əldə edilməsi üçün əlavə səylər tələb edir. Biz əminik ki, beynəlxalq təcrübənin tətbiqi ilə başlanğıc xətlərlə bağlı məsələdəki konsensus ümumi anlaşmaların əldə edilməsinə xidmət edəcək", - deyə E.Məmmədyarov qeyd edib.
Göründüyü kimi, danışıqlarda irəliləyişə nail olunmasına rəğmən, sahilyanı dövlətlərin mövqelərində hələ də ciddi fərqlər var və onların mövqelərindən geri çəkilmək niyyətləri hiss olunmur.
"İranın Xəzərin statusu ilə bağlı mövqeyi dəyişməyib. Hesab edirik ki, belə dəyişikliyə ehtiyac da yoxdur", - deyə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib. Onun sözlərinə görə, Tehran Xəzərdə sahilyanı dövlətlərdən başqa, hər hansı ölkənin silahlı qüvvələrinin mövcudluğunu yolverilməz sayır: "Təəssüf ki, bəzi qeyri-regional oyunçular Xəzərə yalnız neft və qaz mənbəyi kimi baxır və ekologiyanı unudur. İran hesab edir ki, Xəzərlə bağlı məsələlərin həlli üçün hərtərəfli uzunmüddətli, kollektiv maraqları təmin edən addımlar atılmalıdır".
İranın XİN başçısı maraqların harmonizasiyasından danışsa da, əslində, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair artıq 20 ildir aparılan danışıqlarda nailiyyətə məhz Tehranın mövqeyi mane olur. Bu, İranın əsas neft və qaz yataqlarının əsasən Fars körfəzində yerləşməsi, Xəzərin İran sahillərinə yaxın hissəsinin dərin olması, geoloqların qiymətləndirməsinə görə, orada karbohidrogen ehtiyatlarının o qədər də zəngin olmaması ilə əlaqədardır. İran belə yataqları təkbaşına işləmək iqtidarında deyil. Nüvə proqramı ilə əlaqədar üzləşdiyi beynəlxalq sanksiyalar üzündən o, bu işə Qərb texnologiyalarını və kapitalını da cəlb edə bilmir. Odur ki, Tehran müxtəlif bəhanələrlə (hüquqi qeyri-müəyyənlik, ekologiya və s.) danışıqları uzatmağa, mümkün qədər məhdudlaşdırmağa, Xəzərə Qərb şirkətlərinin gəlişinə mane olmağa çalışır. Regiona aid olmayan dövlətlərin dənizə hərbi infrastruktur gətirməsindən isə, Tehranın fikrincə, söhbət belə gedə bilməz.
Tərəflər arasında konsensus olmadığı əsas məsələ Xəzərin dibinin sektorlara bölünməsidir. Azərbaycan, Qazaxıstan və Rusiya 1958-ci ildə qəbul edilmiş Cenevrə Bəyannaməsinin 6-cı maddəsinə uyğun olaraq, dənizin "orta xətt" variantı ilə bölünməsini vacib sayır. Ölü dəniz, Botnik körfəzi ilə Baltik dənizi, Amerikanın Böyük gölləri və digərlərində məhz bu variantdan istifadə olunub. Xəzərdəki analoji bölünmə hər bir ölkənin sahil xəttinə uyğun aparılmalıdır ki, onun da uzunluğu: Azərbaycanda 955 km, Qazaxıstanda 2020, İranda 724, Rusiyada 695, Türkmənistanda 1200. Moskva, Bakı və Astana bu məsələdə konsensus əldə ediblər və bunu istər maraqlı tərəflər arasında, istərsə də üçtərəfli razılaşmalarla təsdiqləyiblər. Tərəflərin imzaladıqları sazişlərdə Xəzərin şimalındakı milli sektorların kəsişdiyi nöqtə müəyyənləşdirilib. Amma İran dənizin dibinin orta xətt prinsipi ilə bölünməsinə qarşıdır. Bu halda Tehrana şelfin 14-16%-i düşür. Tehran dənizin dibinin bərabər şəkildə, sanki "tort" şəklində 5 yerə bölünməsini tələb edir: dəniz hövzəsində orta nöqtə tapılmalı, oradan sahildəki sərhəd nöqtələrinə radikal xətlər çəkilməlidir. Tehran öz variantını işə keçirməklə, dənizin mərkəzi, neft və qazla zəngin hisəsinə girməyi, eyni zamanda, Transxəzər boru xəttinin çəkilişinə qanuni əsaslarla mane olmağa çalışır. Söhbət Türkmənistan qazının tranzit kimi Azərbaycandan keçməklə Qərbə nəqlini təmin edəcək boru xəttindən gedir.
Xəzər şelfinin "modifikasiya olunmuş orta xətt" üsulu ilə bölünməsində Moskva Bakı və Astana ilə həmrəylik nümayiş etdirərsə, Transxəzər boru xətləri məsələsində o, İranla eyni fikirdədir. Rusiya və İranın irəli sürdükləri hüquqi və ekoloji arqumentlər heç bir tənqidə dözmür. Axı Rusiyanın özü Qara və Baltik dənizlərinin dibi ilə qaz kəmərləri çəkib. Bununla yanaşı, Xəzərdə onilliklərdir, işlənilən yataqlardan dənizin dibi ilə minlərlə kilometr uzunluğunda boru xətləri çəkilib. Şükürlər olsun, həmin boru xətlərində indiyədək ekoloji fəlakətlə nəticələnən heç bir qəza baş verməyib.
Transxəzər qaz kəmərinin çəkilməsinə mane olan daha bir məqam Azərbaycanla Türkmənistan arasında sərhəd ərazidə yerləşən "Kəpəz" ("Sərdar") yatağı ilə bağlı mübahisənin çözülməməsidir. Azərbaycanın yatağın birgə işlənməsinə dair təklifi həqiqətən də nəinki ədalətli və kompromis variantdır, həm də Türkmənistan üçün sərfəlidir. Axı birgə işlənilən yatağın karbohidrogen ehtiyatının Azərbaycanın yaxınlıqda yerləşən boru xətti infrastrukru ilə (Azəri-Çıraq-Günəşli) nəqlinə etiraz etmək mümkün deyil. "Kəpəz" ("Sərdar") yatağının birgə işlənməsi hasil olunan neft və qazın Qərb bazarlarına çıxışını təmin edər, eyni zamanda, onun gələcək istismarı üçün lazım olan investisiyaların, xərclərin həcmini xeyli azaldardı. Son zamanlar Bakı ilə Aşqabad arasında dialoq nəzərəçarpacaq dərəcədə intensivləşib. Ötən ay Türkmənistanın xarici işlər naziri Bakıda olub, apreldə isə SOCAR prezidenti Rövnəq Abdullayev Türkmənistanda səfər edib. Səfər zamanı o, ölkə başçısı Qurbanqulu Berdımuhammedov tərəfindən qəbul edilib. Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana səfərə dəvət olunub. Hazırda diplomatik kanallarla səfərin vaxtı dəqiqləşdirilir. Azərbaycanla Türkmənistan arasında Xəzərdə enerji resurslarının istifadəsi ilə bağlı əməkdaşlıq hər iki tərəf üçün əlverişlidir. Bunun başa düşülməsi tərəfləri mübahisəli məsələlərdə kompromisə sövq etməli, onlara lazım olan və sərf edən layihələrin reallaşdırılmasına təkan olmalıdır.
Bakı Tehranla da dialoqu davam etdirir. Xəzər dənizi ilə bağlı Moskvada keçirilən konfransda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə də görüşüb. Azərbaycan prezidenti İlham Əliyevin bu günlərdə Tehrana etdiyi səfəri xatırladan İranın XİN başçısı həmin səfər zamanı bir sıra məsələlərin, o cümlədən Xəzərin hüquqi statusunun müzakirə olunduğunu bildirib. Məhəmməd Cavad Zərifin sözlərinə görə, səfər zamanı müzakirələr kifayət qədər məhsuldar keçib. O, bununla əlaqədar olaraq, 2 ölkə arasında əməkdaşlığın davam edəcəyinə ümidini dilə gətirib.
Rusiya sərhədlərində gərginliyin artması fonunda Moskvanın Xəzərlə bağlı mübahisəli məsələlərin dialoq, kompromis əsasında həllinə nail olmaq niyyətini bəyan etməsini yalnız alqışlamaq olar. Amma Xəzəryanı ölkələrin XİN başçılarının Moskva konfransının səhəri gün Xəzərdəki Rusiya donanmasında gözlənilmədən hərbi hazırlıq vəziyyətinin yoxlanılmasına başlanılmasını təsadüf saymaq olmaz. Flotiliyada 7 günlük yoxlama taktiki təlimlər vasitəsilə "sınaqdan keçirilib". Təlimlərdə flotiliyanın flaqmanı olan "Tatarıstan" raket gəmisi, 10-dək reyd tral gəmisi, kater, təchizat gəmisi, sahil raket batareyası, o cümlədən 400-dən artıq dənizçi iştirak edib. Bunun fonunda Azərbaycanın diplomatik səylərlə yanaşı, HDN-i gücləndirilməsi, Xəzərin özünə aid sektoruna nəzarətin artırılması tamamilə yerinə yerində atılan addımlardır.
 Mənbə:Milli.Az

 

3 may 2014
GO BACK