Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) "Facebook" sosial şəbəkəsində feyk-akkauntlarla (saxta hesablar) mübarizəyə başlayıb. Bu barədə Trend-ə nazirlikdən deyiblər.
Nazirlikdə hazırda bununla bağlı kitabça hazırlanır. Kitabçada "Facebook" sosial şəbəkəsində təhlükəsizlik məsələsinə və arzuolunmaz hallarla mübarizə metodlarına xüsusi diqqət yetiriləcək.
Nazirlikdən bildiriblər ki, kitabça yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq və ETM-in internet səhifəsində yerləşdiriləcək: "Təəssüf ki, bir çox istifadəçi mövcud problemin ciddiliyini dərk etmir. İstifadəçilər çox vaxt hətta bilmirlər ki, onların akkauntu cinayətkarlar tərəfindən ələ keçirilib və ya onların adından saxta səhifələr yaradılıb".
Mənbə: Trend.az