Azərbaycanda nikahda olan şəxslərdən biri özünü nəsil artırmaq qabiliyyətindən məhrum etmək istədikdə bunun üçün qarşı tərəfin razılığını almalı olacaq.
Milli Məclisdən Trend-ə bildirilib ki, bu məsələ "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsində nəzərdə tutulub.
Layihəyə görə, nikah yaşına çatmış şəxslər arzuolunmaz hamiləliyin qarşısını almaq üçün tibbi sterilizasiyadan (insanı nəsil artımı vermək qabiliyyətindən məhrum etmək, yaxud qadını hamiləlikdən qorumaq məqsədilə tətbiq edilən cərrahi metod) könüllü istifadə edə bilərlər. Lakin nikahda olan şəxs yalnız ərinin, yaxud arvadının razılığı olduqda tibbi sterilizasiya oluna bilər.
Eyni zamanda, tibb müəssisəsi nəsil artımı vermək qabiliyyətindən məhrum olmaq üçün müraciət edən şəxsi tibbi sterilizasiyasının dönməzliyi ilə bağlı məlumatlandırmalıdır.
Qeyd edək ki, hazırda "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsi Milli Məclisin Sosial siyasət komitəsində müzakirə edilir. Bu layihənin müzakirəsi milli mentalitetə uyğun gəlməməsi səbəbindən bir neçə dəfə təxirə salınıb.
Mənbə: Trend.az