Özlərini yolların ağası sayan Bakıdakı avtobus sürücülərinin özbaşınalıqları hər keçən gün artmaqdadırGünbəgün yollarda problemlər yaradaraq sərnişinlərin əsəbi və vaxtı ilə oynayan sürücülərdən şikayətlər bitib-tükənmək bilmir. Milli.Az bildirir ki, saytımıza daha bir müraciət 77 saylı xətlə hərəkət edən 850 dövlət nömrə nişanlı avtobusla bağlıdır. Redaksiyaya məktub ünvanlayan şəxs bilmək istəyir ki, sürücü özbaşına marşurut xəttini dəyişə bilərmi?
"Bu gün səhər 77 nömrəli marşrutda sürücü öz xətti ilə getmədi. Təxminən 3 dəqiqəyə yaxın "İnşaatçılar" metrosunda dayandı, sonra isə sərnişinləri Yasamal qəbiristanlığı ilə apardı. Yolun bağlı olduğunu bəhanə edərək təhqirə keçdi".
Məsələ ilə bağlı "Bakı Sərnişin Nəqliyyat" Departamentinin mərkəzi nəzarət dispetçer şöbəsinin aparıcı məsləhətçisi Etibar Əzməmmədov Milli.Az-a açıqlama verib.
Onun sözlərinə görə, avtobus sürücüsü öz xəttindən ancaq istisna hallarda çıxa bilər. Əgər yolda rəsmi kortec varsa, sürücü məcburən başqa bir yol ilə gedə bilər.
"İlk dəfə deyil ki, sürücülər öz xətlərindən ayrılaraq başqa bir yol ilə gedirlər. Ancaq sürücü bunu bir şərtlə edə bilər ki, yol müəyyən səbəblərə görə bağlı olar və o, məcburiyyət qarşısında xəttini dəyişər. Yox, əgər o, özbaşnalıq edib öz xoşu ilə marşurutu dəyişirsə, həmin sürücü mütləq cərimələnməlidir".
Ceyhun Ələkbərov
Mənbə:Milli.Az