Qadin.NET / Özümə qavır seçerəm

Özümə qavır seçerəm

Yediyim o halal əppəyə and olsun, o qavırsannıxda yatannarın coxu ajınnan ölüf, heş sağlığında 10 manat qiymət verən olmuyuf, ölənnən soram az qala 10 min manatdıx heykəl qoyullar ki, biz ölümüzə belə dəyər veririk.

 
- Ay Ürfan, sana şikillər göndərəcəm, onnardan birini mana seç.
 
- Yenə nə şəkil tapmısan?
 
- Ayə, dəbdəbəli heykəllərdi dana.
 
- Heykəl?
 
- Hə dana. Öləndə qavrımın üstündən qoydurajam.
 
- Heç nə başa düşmədim.
 
- Ayə, sən də o Tərs Məmmədnən oturuf durannan lap xaraf olufsan ey. Gərək tərs danışam başa düşəsən? Adam dilində söz deyirəm dana, nooluf bala saa? Qulax as, təzədənnən deyirəm, sana başdaşı şikilləri göndərəjəm, onnarın içinnən birini mana seç. Yiyələrinə qismət, a Ürfan, hamısı bir-birinnən qəşəydi ey, çaşıf qalıram, hansını seçim. Əlajım olsa, vəsiyyət yazaram, mən ölənnən soram ildə bir dəfə heykəlimi, başdaşımı dəyişin, hamısınnnan olsun dana, adam eyni daşın altında yatmaxdan bezər ey.
 
- Hə, indi başa düşdüm.
 
- Şükür sana, ay Allah.
 
- O qəbir daşları, heykəllər-zadlar hardadı?
 
- Ayə, zadda dana. Yasamal qəbristannığında. Ayə, qavrıstannıx döyül ey, incəsənət muzeyidi vallah. Adamın bu şikillərə baxanda irağ olsun, ölməyi gəlir ey.
 
- Ay Məsmə nənə, o dəbdəbəli qəbirlər bilirsən nə qədər pul tutur? Onlar imkanlı ailələr üçündür. Sənlik deyil.
 
- Ayə, mana ağıl öyrətmə dana. Yediyim o halal əppəyə and olsun, o qavırsannıxda yatannarın coxu ajınnan ölüf, heş sağlığında 10 manat qiymət verən olmuyuf, ölənnən soram az qala 10 min manatdıx heykəl qoyullar ki, biz ölümüzə belə dəyər veririk. Gözdən pərdə asmaxdı dana hamısı. Bizim milllət bəhsəbəs xəstəsidi, onda bir zad varsa, mütlax məndə onnan da yaxşısı olmalıdı prinsipi var dana.
 
- Afərin, Məsmə nənə, prinsip sözünü haradan öyrənmisən?
 
- Hardan olajax, bu andır internatdan. Bir arvad istatus yazmışdı ki, ərimnən prinsip aparıf üş gündü öydə yiməy bişirmirəm, ərim də mənnən prinsip aparıf kafedə yiyif gəlir, öyə də heş nə almır, mana məsləhət verin mən nağayrım? Onda bildim prinsip nədi dana. Arvaddardan soruşurdu dana, əri olannar o dəyqam yazdı ki, elə şey eləmə, dur yiməy bişir, əri olmuyannar da yazdı ki, yaxşı eliyirsən, neynirsən o əri, təcili boşan. Hayıf, mənim cavannığımda bu internat kopayoğlu, feysbux olsaydı...
 
- Qəbirstanlıqdan danışırdın ey...
 
- Hə, ay Ürfan, göndərirəm şikilləri.
 
- Ay Məsmə nənə, yaxşı, tutaq ki, mən şəkil seçdim, sən də öldün...
 
- Allah eləməsin, ayə.
 
- Gələcəkdən danışıram da, ölmək üçün seçmirsən bu şəkilləri? Yaxşı, bəs bu heykəli sənə kim qoyacaq? Olmaya pensiyanı xərcləməyib yığmısan, öləndən sonra özünə maya qoymağa?
 
- Ay Ürfan, səndə ağılmı var? Ayə, pensiya heş mənim şoruma çatmır, ölməyiməmi çatajax? Heş xərşdəmiyib pensiyanı 10 il yığsam belə o heykəlin bircə ayağının qiyməti eliyər ey, tək ayaxmı qoyajaxlar qavrımın üstünə? 12 uşağım, 25 nəvəm, 45 nəticəm, 1 kötücəm var dana.
 
- Onlar yığışıb qoyacaq? Ay nənə, xətrinə dəyməsin, onlar baxan olsa, pensiya ümidinə qalmazsan ki, yenə sağ olsun bəyənmədiyin o gəlinin, yanındakı oğlun baxır sənə.
 
- Bunnar ən kasıfdı dana ona görə mana baxıllar. O birilər imkannıdı, yerrərini dar eliyərəm dana onnarnan qalsam. Ona görə aparmıllar məni, qojaldın heş kimin başı götürmür qojanı dana...
 
- Yaxşı, ay Məsmə nənə, kövrəlmə. Baxmırlar baxmasınlar, neynək, onlar da bir gün qocalacaqlar. Təki canları sağ olsun.
 
- Olsun qadan alım, onnarın da canı sağ olsun, mənim də.
 
- Yaxşı söbəti niyə fırlatdın? Deyirsən sənin də övladıarın diriykən baxmayıb öləndən sonra heykəl qoyacaqlar sənə?
 
- Ayə hə dana. İnternatda məşhurraşmışam, millət tanıyır, mən ölən kimi hay düşəjək ki, Məsmə nənə öldü. Mənim nəslim köküm, törəmələrim də görəjək ki hamı məni tanıyır, özdərini millətə göstərmək üçün hamısı atışıb, səxavətnən pul yığıf mana heykəl qoyuf, şikillərini də düzəjəklər internata ki, baxın, anamıza, nənəmizə nətər qavır düzəltdirmişik.
 
- Lap tutaq ki, elədilər, bunun sənə o dünyada nə xeyri var?
 
- Heş nə. Bu dünyadan aj gedəjəm, heç olmasa bu dünyada qoy tox qavrım olsun dana, ay Ürfan.
 
- Məsmə nənə, dinimizdə elə şeylər günahdır axı, sən bilmirsən?
 
- Yenə başdadı. Sana məslahat eliyəndədi qəbahət. Həmişə arzuma pərdə çəkirsən, ay Ürfan, di get yazını yaz, sənnən maa xeyir gəlməz!
 
- ...Gəlin, ay gəlin, gəl, mana burdan, internatdan bir yaxşı bahalı başdaşı seçək, qavır hazırrıxlrı görək. Ən yaxşı mərmərdən göydələn başdaşım, üstündə qavax tərəfdə qojalıx şiklim, şikildə qavağımda nooutbuk, yanında 3-4 dənə alfons telfon, başdaşının arxa tərəfində cavannıx şiklim. Qavrımın əyax tərəfində də qəşəng bir heykəlim olsun, yanında da ziyarətə gələnnərin oturuf çay-çörək yemələri üçün qəşəng stol, stullar. Bəh-bəh nətəər fikirrəşdim? Hamı qavrıma həsəd aparajax. Ağız, yox, hara ölürəm? Gələjəyə hazırrıx görürəm dana, ölmürəm hələ, tez sevinmə! Di gəl, qurtar, Ürfan kimi həvəs öldürmə, gəl, qavrımı seçək dana...
Mənbə:Milli.Az

 

2 may 2014
GO BACK