“Kupça”lı evi belə, bir neçə nəfərə satıblarBiri kiçik, digəri müqayisədə nisbətən böyük otaqlara günəş işığı düşmürdü. Evin sol tərəfini sahibinin kürsülü evi qapatmışdı, sağında isə qonşunun hündür barısı vardı. Sadəcə, qarşıdan bir qədər işıq almaq mümkün idi.
Həyət kiçikdi, baxmayaraq ki, elanda 0,1 ha-dan çox ərazisinin olduğu qeyd edilirdi. Hamam-tualet isə iddia olunduğu kimi evdə yox, bayırdaydı. Yalnızca divarı evə bitişikdi. Bu “ev” deyilən tikiliyə ən azından özü qədər xərc çəkib başa çatdırmaq lazım gələcək. Üstəlik, heç bir sənədi də yoxdur.
Üz tutduq üçüncü ünvana. Qiyməti 23 min manat olan ev Bayıl qəsəbəsində yerləşirdi. Gecəqondular arasında A.Əliyevin yazdığı ünvanı axtarmağa başladıq. Artıq bu məsələ ev almaq istəyindən çıxmışdı. Tanışım da mənim kimi sadəcə maraqlanırdı ki, bunun axırı hara gedib çıxacaq. Üzündən bəlli idi ki, ev almaq istəyi sönüb. Bayılın xırda-xırda, az qala bir-birinin içinə girmiş evləri, küçələrini keçib Bayıl Buxtası, ikinci dalanı xeyli axtardıq. Gah dağa qalxdıq, gah arana endik, axtardığımız küçəni “gördüm” deyən olmadı. Biri yuxarını göstərirdi, o biri aşağını. Tapa bilmədik. Yanımızdakı “makler” də ağzını açıb bir kəlmə danışmırdı. Evi heç özü də görməmişdi. Əlini ağdan qaraya vurmaq niyyəti görünmürdü.
50 adama satıldığı iddia olunan qaraj-ev
Biz artıq yorulmuşduq, maşının benzini bitmək üzrə idi. Aclıq da güc gəlmişdi. Dedik, dördüncü ünvanı da elə-belə maraq üçün görüb gedək. Çünki, əmin idik ki, bu da əvvəlkilər kimi olacaq. Sovetski küçəsinə gəldik. Bizi kirayənişin qarşılayacaqdı. Amma zəngimizə cavab verib dedi ki, rayona təzəcə çıxıb, sabah axşam gələcək. Fikirləşdik ki, bir yaxına gedək. Ev haqqında təsəvvürümüz olsun.
Dalanda ikimərtəbəli evlərin birinci mərtəbəsində bir ünvana gəldik. 15 kvadratlıq, qiyməti 23 min manata deyilən tikili kənardan nəyə desəniz oxşayırdı, təkcə evə yox. İki tərəfdən pərdə ilə qapatmışdılar. Mənim təkidimlə makler A.Əliyevə zəng elədi. O da dedi ki, evdə kimsə olmalıdır və oranı bizə göstərəcəklər. Mən yenə maklerdən israrla qapını döyməsini istədim. Bu zaman yuxarı mərtəbənin pəncərəsindən bir qadın başını çıxartdı. Nə lazım olduğunu soruşdu. Dedik, evə baxmağa gəlmişik. Bizi kimin göndərdiyini xəbər aldı. Onu da dedik. Qadın “o Akifin başı xarabdır? Bir evi neçə adama satmaq olar? O fırıldaqçıdır” dedi.
Xanım bildirdi ki, ev artıq bir neçə adama satılıb, mübahisəlidir, hazırda həbs altındadır və onu satmağa ixtiyarları yoxdur: “Bundan əvvəl ev bir neçə nəfərə eyni kupça ilə satılıb və iş məhkəməlikdir. Akif fırıldaqçılığının ucbatından bir dəfə tutulub. Mən yalandan deyə bilmərəm ki, gəlin pulunuzu verin alın, mənə də 5-10 manat düşsün. O haqsızlığı götürə bilmərəm. Bura bir qadının idi. O qadın özü də fırıldaqdır, yeri verib Akifə. Akif isə buranı 50 adama satır. O, adamların pulunu alıb yedi. Özü də mən burada olduğuma görə qorxusundan gəlmir. Sizinlə gəlsəydi, onu buradan süpürüb atardım”.
Makler niyə aradan çıxdı?
Tanışım və makler yavaş-yavaş oradan uzaqlaşmışdılar. Makler guya həmkarının hərəkətlərindən utandığı, tanışım isə ümidsizliyə qapıldığı üçün. Mən isə qonşü ilə söhbətimi davam etdirdim. Qonşu Mətanət xanım deyirdi ki, Akif bu əməllərinin üstündə həbsdə yatıb çıxandan sonra da törətdiklərindən dərs almayıb.
Küçədə qarşılaşdığım qızı Dürdanə də anasının dediklərini təsdiqlədi. Dedi ki, bura əvvəllər qaraj olub, sonradan ev kimi düzəldiblər: “İçəri rütubətlidir. Qonşuların hamamının suyu həmin qarajın divarlarındadır. Ona görə də tikili çökmüşdü. Bura həbsdədir, aldanmayın. Bir adam evi görmədən beh vermişdi, onun üstündə 2 ay qiyamət getdi. Sonra makler Akifi tutdular, moşennik idi”.
Məsləhət gördülər ki, Akifə aldanıb vaxtımızı və pulumuzu boş yerə sərf etməyək. Qayıdanda makleri orada görmədim, tanışımın dediyinə görə aradan çıxmışdı. Guya ki, A.Əliyevin belə işləri olduğundan xəbərsizmiş.
Tanışım bu dəfə elanda “Azadlıq” metrosu yaxınlığında, sakit bir yerdə, supertəmirli olduğu bildirilən 40 min manatlıq evin sahibinə zəng elədi. Vətəndaş nə desə yaxşıdır? “Elanda adres səhv göstərilib, ev Mehdiabaddadır” dedi. Bir qadın isə fikirlərini dəyişdiklərini, elandakı evin qiymətini iki dəfə artırdıqlarını söylədi. Elanda “Sahil” metrosu yaxınlığında göstərilən başqa bir evin isə 20-ci sahədə yerləşdiyi məlum oldu.
Mənbə:Milli.Az