“Öz dəbdəbəli həyatını, bahalı avtomobillərini nümayiş etdirən şəxslər elə bilirlər ki, insanlar bunlara baxıb, həsəd aparırlar. Burada daha çox söhbət psixopatiyadan gedir. Psixopat o insandır ki, nə özü yaşayır, nə başqalarını qoyur yaşamağa”. Bu günlərdə psixoloq Dəyanət Rzayevin jurnalistlərə verdiyi bu açıqlama sosial şəbəkələrdə ciddi müzakirə olundu. Psixoloq deyib ki, yaxşı olardı ki, bu insanlar özlərini hansısa xeyriyyə işləri görməkdə təsdiqləsinlər.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev isə deyir ki, nəqliyyat vasitəsi hansısa ünvana getmək üçündür, pulunun çoxluğunu, gücünün çoxluğunu göstərmək üçün deyil. Amma bəziləri bunu başa düşmürlər: “Şəhərin mərkəzində iri avtomobillərə hər addımbaşı rast gəlirik. Yüksəktutumlu nəqliyyat vasitələri şəhərin mərkəzi üçün deyil”.
Cahangir Qocayevin sözlərinə görə, istismar mədəniyyətinin yüksəldilməsi nöqteyi-nəzərindən cəmiyyətimizdə maarifləndirmə işlərinin aparılmasına ehtiyac var: “İndi Allaha şükür, savadlı adamların sayı çox, alitəhsillilərin sayı çox, evimizdə kütləvi informasiya vasitələrinin bütün növlərindən yararlanmaq imkanı var və s. Bu mənada insanların maarifləndirilməsi imkanları çoxdur. Cəmiyyətin aparıcı qüvvələri, ziyalılar cəmiyyəti bu istiqamətdə tərbiyə eləməlidirlər. Tərbiyə sözünü mən pis mənada demirəm - yəni istismar mədəniyyətinin yüksəldilməsi nöqteyi-nəzərindən, nəqliyyat infrastrukturundan düzgün istifadə etmək baxımından deyirəm. Cəmiyyətin nəqliyyat infrastrukturundan istifadə nöqteyi-nəzərindən intellektual səviyyəsinin yüksəldilməsinə çox böyük ehtiyac var”, - o bildirdi
Bir müddət əvvəl Nazirlər Kabinetinin qərarı ilə Bakı şəhərində sərnişindaşımanın Bakı Şəhər İcra Hakimiyyətinə verilməsi istiqamətində ilkin addım atıldı. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılacaq. Baş nazir Artur Rasizadənin imzaladığı qərarda deyilir ki, Bakıda sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımaların yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması məqsədi ilə “BakuBus” MMC yaradılsın. Qərara görə, “BakuBus”ın nizamnamə kapitalı 30 milyon manat müəyyənləşib. Həmin məbləğ 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan ayrılacaq. “BakuBus” yeni avtobuslar alacaq, fəaliyyətini quracaq. Nəqliyyat Nazirliyi isə Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə “BakuBus”a məxsus avtobusların marşrutlarını və hərəkət qrafiklərini müəyyən edəcək. Təbii ki, bunlar ilkin addımlardır və hələ qarşıda hansı işlərin görüləcəyi gələcəkdə məlum olacaq.
Küçələrin, yolların son dərəcədə genişləndirilməsi və ya mərtəbələndirilməsi...
Qəribədir ki, Bakıda bu qədər yol qovşaqlarının, yeraltı keçidlərin inşa olunmasına baxmayaraq, bir çox problemlər hələ də tam həllini tapmayıb. Bu məsələdə əsas ümidlərdən biri də Bakının Baş Planıdır. Amma Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev deyir ki, təkcə Baş Planın nəzərdə tutduğu məsələlərlə bütövlükdə nəqliyyatla bağlı ekoloji problemləri həll etmək mümkün deyil: “Küçələrin, yolların son dərəcədə genişləndirilməsi və ya mərtəbələndirilməsi, 5-6 mərtəbəli yol tikilməsi ilə bu problem həll olunası deyil. Əvvəla, Bakı tarixi şəhərdir. Bunu biz yaddan çıxarmamalıyıq. Ümumiyyətlə, nəqliyyatdan istifadənin özünə yeni baxış lazımdır - həm ictimai nəqliyyat baxımından, həm də şəxsi nəqliyyatdan istifadə baxımından. Düzdür, ictimai, şəhərdaxili nəqliyyat vasitələrinin çoxu özəl şirkətlərə tabedir, amma, ümumiyyətlə, dövlətin özünün də bu işə qoşulması, belə demək mümkünsə, artıq zərurətə çevrilmişdi”.
İnsanlar dərk eləməlidirlər ki...
Cahangir Qocayevin fikrincə, şəhərdaxili nəqliyyatın tənzimlənməsində alternativ nəqliyyat növlərinə ehtiyac var: “Yəni, sadəcə olaraq, daxiliyanma mühərriki ilə işləyən nəqliyyat vasitələrindən yox, elektriklə işləyənlərdən də istifadə edilməlidir. Mən hətta hesab edirəm ki, vaxt gələcək biz şəhərimizin küçələrində günəş batareyası ilə işləyən avtobusların, trolleybusların da şahidi ola biləcəyik. Bu işlərin tənzimlənməsinə dövlətin də qoşulmasının zamanı gəlib”.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri hesab edir ki, digər ən vacib məsələ cəmiyyətin özünün nəqliyyat infrastrukturunun istismarında, nəqliyyat sisteminin təşkilində iştirakının təmin olunmasıdır: “İştirak ondan ibarət deyil ki, elə müharibədə döyüşə gedən kimi insanların sayını çoxaldaq. Yəni o iştirak peşəkar olmalıdır, dərk edilən olmalıdır. İnsanlar dərk eləməlidirlər ki, nəqliyyat vasitəsi onları hansısa mənzilə, ünvana daşımaq üçündür, onların pulunun çoxluğunu, gücünün çoxluğunu göstərmək üçün deyil. Sizinlə söhbətimizdə bir neçə dəfə vurğulamışam ki, yüksəktutumlu nəqliyyat vasitələri şəhərin mərkəzi üçün deyil. Yəni deyək ki, ov üçün nəzərdə tutulan nəqliyyat vasitələrini şəhərimizdə çox adamlar alıblar, belə deyək, su yoluna getmək üçün, marketə getmək üçün, bazara getmək üçün istifadə edirlər. Bu tamamilə absurddur. İnsanlarımız bunu dərk etməlidirlər ki, belə etmək, yumşaq şəkildə desək, normal hal deyil. Başqalarının gözü qarşısında nümayiş etdirirlər ki, mənim böyük maşınım var. Əksər insanlara nəqliyyat vasitəsindən nəqliyyat vasitəsi kimi istifadə etmək öyrədilməlidir. Bu istiqamətdə geniş maarifləndirmə işləri aparılmalıdır. Mən bu gün də gənclərimizə müraciət edirəm - başlayın velosipeddən istifadə etməyə. Qoy bu onlarda vərdişə çevrilsin, orta yaşa çatana qədər, hətta bacarsalar ağsaqqal olana qədər bu nəqliyyat növündən istifadə eləsinlər. Bu bizim sağlamlığımız baxımından da mühüm əhəmiyyət kəsb edir. Əgər bizim istifadə elədiyimiz nəqliyyat vasitələri bizim canımıza qənim kəsilirsə, biz ondan bu dərəcədə istifadəni özümüz üçün niyə məqbul sayaq? Ona görə mən gənclərə belə müraciət edərdim ki, indidən ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsinə, xüsusən onların sağlamlığına xidmət edən nəqliyyat vasitəsindən istifadə etsinlər.
Bəziləri deyir, velosiped üçün yol olmalıdır ki, ondan istifadə edilsin. Ona qalsa, heç bu gün maşın üçün də bəzi yerlərdə normal yol yoxdur. Velosipeddən istifadə edən çox olmalıdır ki, onun yolu barədə düşünsünlər. Sən bu gün yolun kənarına bir xətt çək və de ki, bura velosiped yoludur. Əgər velosiped sürən yoxdursa, maşınlar həmin xəttin üstündən keçib gedəcəklər. Mən hesab edirəm ki, velosiped çoxalarsa, onlara yol tapılar. Velosiped çoxalar, o biri maşınlar azalar.
İnsan evindən çıxanda bilməlidir ki, mən bu nəqliyyat vasitəsini nədən ötrü istifadə edirəm. Mənim buna dəqiq ehtiyacım varmı? Təbii ki, ictimai nəqliyyatdakı problemlər də həll olunmalıdır. Əgər tutaq ki, Mərdəkandan gələn bir insan rahat, kondisionerli elektriçka olarsa, ona minər, yoxsa istidə boğula-boğula avtobusa? Təbii ki, elektriçkaya minər də. İctimai nəqliyyat belə inkişaf eləməlidir.
İndi Allaha şükür savadlı adamların sayı çox, ali təhsillilərin sayı çox, evimizdə kütləvi informasiya vasitələrinin bütün növlərindən yararlanmaq imkanı var və s. Bu mənada insanların maarifləndirilməsi imkanları çoxdur. İndiki dövrdə insanlara nəyisə məcburən etdirmək mümkün deyil. Cəmiyyətin aparıcı qüvvələri, ziyalılar cəmiyyəti bu istiqamətdə tərbiyə eləməlidirlər. Tərbiyə sözünü mən pis mənada demirəm - yəni istismar mədəniyyətinin yüksəldilməsi nöqteyi-nəzərindən, nəqliyyat infrastrukturundan düzgün istifadə etmək baxımından.
Gəlin yollarımızın kənarında piyadalar üçün ayrılmış yerlərə diqqət edək. Piyadaların gedişi üçün yer nəzərdə tutulub, amma orada nə qədər maşınlar saxlanılıb? Axtarsan, o maşını saxlayanın biri nazirliyin şöbə müdiridir, biri nə bilim elmlər doktorudur, biri elmlər namizədidir. Ona görə də cəmiyyətin nəqliyyat infrastrukturundan istifadə nöqteyi-nəzərindən intellektual səviyyəsinin yüksəldilməsinə çox böyük ehtiyac var”.
Mənbə:Milli.Az