"Bu gün nikaha girənlərin 9-11 faizinin uşağı olmur, yəni təxminən nikaha girənlərin 9 mininin uşağı olmur. Bu, çox ciddi məsələdir".
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
Millət vəkili bildirib ki, 10 ildən çox uşağı olmayan ailələrə dövlət vəsaiti hesabına süni mayalanma əməliyyatı tətbiq olunacaq:
"Sözügedən əməliyyat çox bahalıdır. İmkansız, kasıb ailələr buna gedə bilmirlər. Düşünürük ki, belə bir dəstək olsun. "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsində 10 ildən çox uşağı olmayan ailələrə süni mayalanmanın tətbiq edilməsi nəzərdə tutulur. Qanun layihəsində, həmçinin aborta getməmək kimi məsələlər var".
H.Rəcəbli əlavə edib ki, qanun layihəsində süni mayalanma zamanı donorların yalnız azərbaycanlı olması ilə bağlı məsələ olsa da, bununla bağlı hələ heç bir nəticəyə gəlinməyib.
Qeyd edək ki, bu gün Milli Məclisin Sosial siyasət komitəsində "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinin müzakirəsi olub. Bu qanun layihəsinin müzakirəsi milli mentalitetə uyğun gəlməməsi səbəbindən bir neçə dəfə təxirə salınıb.