Qadin.NET / Azərbaycan İİV daşıyıcılarının son statistikası

Azərbaycan İİV daşıyıcılarının son statistikası

 

Azərbaycanda İİV (İnsanda İmmun çatışmazlığı Virusu) infeksiyasına yoluxan insanların sayı 4444 nəfərə çatıb

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumilikdə Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2014-cü ilin I rübünün sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 4444 nəfər rəsmi qeydiyyata götürülüb.

Onlardan 4289 nəfəri (96,5%) Azərbaycan vətəndaşı, 155 nəfəri (3,5%) isə əcnəbidir. İİV-ə yoluxmuş vətəndaşlardan 3319-u (77,4%) kişi, 970-i (22,6%) qadındır. QİÇS mərhələsində olan insanların sayı 1361 nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı 1340 nəfər, İİV infeksiyasından dünyasını dəyişmiş insanların sayı 596 nəfər, onlardan Azərbaycan vətəndaşların sayı 588 nəfər olub.

İİV-ə yoluxması təsdiq olunmuş 4289 Azərbaycan vətəndaşından 2435-də (56,8%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 1391-də (32,4%) heteroseksual, 55-də (1,3%) isə homoseksual kontakt nəticəsində, 71-də (1,7%) anadan uşağa keçməklə olub. 337 nəfərdə (7,8%) yoluxma yolu naməlumdur.

Azərbaycan vətəndaşında ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1992-ci ildən 2014-cü ilin I rübünün sonunadək 4289 İİV-ə yoluxmuş insandan 1117-si (26,0%) Bakı şəhəri və Abşeron rayonunda, 2737-si (73,2%) respublikanın digər 57 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir, 34 nəfərin (0,8%) isə yaşayış yeri naməlumdur.

2014-cü ilin I rübü ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 146 nəfər təşkil edib. Onlardan 140-ı (95,9%) Azərbaycan vətəndaşı, 6 nəfəri (4,1%) isə əcnəbi vətəndaşdır. Qeydiyyata alınmış 140 Azərbaycan vətəndaşından 83-ü (58,6%) kişi, 57-si (41,4%) qadındır. Bu dövr ərzində 39 nəfər Azərbaycan vətəndaşı QİÇS mərhələsinə keçib, İİV infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı 11 nəfər olub.

2014-cü ilin I rübü ərzində İİV-ə yoluxması təsdiq olunmuş 140 nəfər Azərbaycan vətəndaşının 79-u (56,4%) heteroseksual, 34-ü (24,3%) inyeksion narkotik istifadəsi, 6-sı (4,3%) anadan uşağa keçməklə, 4-ü (2,9%) isə homoseksual yolla bu xəstəliyə yoluxub. 17 nəfərin (12,1%) yoluxma yolu hazırda müəyyənləşdirilir.

2014-cü ilin I rübü ərzində 140 nəfər Azərbaycan vətəndaşından 32-si (22,9%) Bakı şəhəri və Abşeron rayonunda, 108-i (77,1%) respublikanın digər 36 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir. 140 nəfər İİV-ə yoluxmuş Azərbaycan vətəndaşından 34 nəfərin (24,3%) respublikadan kənarda yoluxduğu müəyyənləşdirilib.

Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə Mərkəzində və 6 regional ART mərkəzində davam etdirilib. Belə ki, 8 noyabr 2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 1915 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 144 nəfərin müalicəsinə 2014-cü ilin 3 ayı ərzində başlanılıb.

Mənbə:Milli.Az

 

1 may 2014
GO BACK