“Audi” komandasının DTM ban seriyasında ikiqat çempion, məşhur isveçli sürücü Mattias Ekstrem bu il xüsusi olaraq hazırlanmış hetçbek “Audi S1 Supercar”-da ralli-kross üzrə dünya çempionatında iştirak etməyi planlaşdırır.
Milli.Az auto.az-a istinadən bildirir ki, bolidin hazırlanması ilə Ekstremin komandasından olan mühəndislər məşğuldurlar. Ekstremal hetçin texniki göstəriciləri barədə hələlik az məlumat var. Yalnız kompakt 3-qapılının 600 a.g. verən 2,0-litrlik turbomühərriklə təchiz olunacağı məlumdur. Hesablamalara əsasən, hetçbek 100 km/saatı 2 saniyədən az vaxta yığacaq.
Mattias Ekstrem 2013-cü ildə analoji gücə malik “VW Polo” ilə bu çempionatın mərhələlərindən birində iştirak edib və ikinci yer tutub. Bir il əvvəl Ekstrem “Marklund Motorsport” komandasının şərəfini qoruyurdu, lakin bu mövsüm üçün o, EKS adlandırılmış kollektivini yığıb.
Ralli-kross üzrə dünya çempionatı mayın 3-də Portuqaliyada başlayacaq. Lakin yeni bolid bu ayın sonunda Böyük Britaniyada debüt edəcək.
Mənbə:Milli.Az