Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində nazirliyin rəhbər işçilərinin, millət vəkillərinin, vətəndaş cəmiyyəti institutlarının və KİV nümayəndələrinin, habelə məhkumların valideynləri və yaxın qohumlarının iştirakı ilə tədbir keçirilib.
Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, görüşlərdə 30-dan çox məhkum dinlənilib, onların şəxsi işləri və digər aidiyyəti sənədlər diqqətlə öyrənilib, azadlıqdan məhrumetmə cəzasından şərti olaraq vaxtından əvvəl azad etmənin və daha yüngül rejimli müəssisəyə keçirilmənin mümkünlüyü hərtərəfli araşdırılıb.
Məhkumların səmimi peşmançılığı, islah prosesinə qədəm qoyması, o cümlədən davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti nəzərə alınaraq onlardan bir qisminin vaxtından əvvəl şərti azad olunmaları, digərlərinin isə cəzalarının qalan hissəsini daha yüngül rejimli müəssisədə çəkməsi ilə bağlı məhkəmə qarşısında məsələ qaldırılması məqsədəuyğun hesab edilib.
Mənbə:Milli.Az