Cib telefonumu bir-iki günlüyə dostuma vermişdim. Qaytaranda telefonun yaddaşındakı “heaven”in nə olduğunu soruşdu. “Evimin nömrəsidir”, - deyəndə, o da “Elə mən də ona görə soruşdum. Nömrə tanış gəldi, ancaq nə üçün qarşısından “heaven” yazıldığını heç cür başa düşə bilmədim”, - dedi. | |
Mən isə “Heaven” cənnət deməkdir. Evim mənim üçün cənnətdir”, - deyə cavab verdim. Doğrudan da insanın evi onun üçün, ailəsi üçün cənnətdir və cənnət də olmalıdır. Həyatı bizim üçün cənnətə çevirən də, zindan edən də insanın evidir. Təbii ki, ev deyəndə söhbət daşdan, divardan, evimizdəki əşyalardan yox, ailəmizdən, uşağımızdan, evimizdəki atmosferdən gedir. İnsan iradəli bir varlıqdır. Və insan üçün hər şey iradə ilə mümkündür. Bəlkə də, buna görə, insan oğlu Allahın yer üzündəki xəlifəsidir. Bəlkə də, ona görə, insan yer üzündə yaradılmışların ən şərəflisidir. Elə isə bu iradədən nə üçün dünya və axirətimizi cənnətə çevirmək üçün istifadə etməyək? Bütün başqa şeylərdə olduğu kimi insan bunu da nəzəri olaraq qəbul etməli və əhəmiyyətinə inanmalıdır. “Atamızdan, anamızdan belə gördük” - deyib hər şeyi “taleyin ümidinə” buraxmamalıdır. Bu isə şüurlu bir həyatla, geniş dünyagörüşü ilə, “niyə” və “nə üçün” suallarına cavab axtarmaqla mümkündür. Bəli, gəlin birlikdə əvvəlcə evimizi cənnətə çevirməyə and içək və nə olur olsun bu andımızdan dönməyək. Bir-birimizə “dava yox, dalaş yox, incimək yox, küsmək yox” deyək. Sonrası? Sonrası asandır. Mənbə:zaman.az |