Son vaxtlar cəbhəyanı rayonlarda yaşayış məntəqələrinə yırtıcı heyvanların basqını çoxalıb. Tülkü, çaqqal, bəzən isə canavarların hücumuna məruz qalan yaşayış məntəqələrində sakinlərə məxsus ev heyvanları və ev quşlarına zərər dəyir. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Ağdamın Çıraqlı kəndində isə vəziyyət bu baxımdan çox acınacaqlıdır. Vəhşi heyvanların daha çox məruz qaldığı yaşayış məntəqələri təmas xəttinə yaxın yerləşən kəndlərdir.
Kənd sakinlərinin sözlərinə görə, yırtıcılar artıq evlərə soxulmaqdan belə çəkinmirlər. “Həyət-baca nəzarətsiz qalsa, hər şeyi talan edərlər”, - deyə sakinlər bildirir. İşğal altındakı ərazilərdə sürətlə çoxalan vəhşi heyvanlar durmadan yem dalınca yaşayış məntəqələrinə soxulduğundan buradakı ev heyvanları arasında yoluxucu xəstəliklərin artması ehtimalı da çoxalır.
Vəhşi heyvan sürülərinin Aran ərazilərinə də axını müşahidə olunur. Bir gecə ərzində 200-300 km məsafə qət etmək qabiliyyətinə malik olan bu yırtıcılara qarşı mübarizə başlamasa, vəhşi heyvan sürülərinin qısa zamanda ölkənin müxtəlif istiqamətlərinə yayılacağı şübhəsizdir.