Qadin.NET / Azərbaycanda abituriyentlər üçün ilk imtahan keçiriləcək

Azərbaycanda abituriyentlər üçün ilk imtahan keçiriləcək

Bu həftənin sonu Azərbaycanda 2014-cü tədris ili üzrə abituriyentlər üçün ilk imtahan keçiriləcək. 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənın APA-ya verdiyi xəbərə görə, mayın 4-də Azərbaycanda rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı təşkil olunacaq. Onun sözlərinə görə, həmin imtahanda 8 mindən artıq abituriyentin iştirakı gözlənilir. E.Nağızadə qeyd edib ki, həmin imtahanda iştirak etmək üçün abituriyentlər mayın 1-dən etibarən elektron ərizələrinə daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni əldə edə bilərlər: “Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı 2 dəfə - mayın 4-ü və iyulun 3-də keçiriləcək. Aprelin 25-dən sonra sənədlərini təsdiq etdirən və I imtahandan qeyri-kafi qiymət alan şagirdlər iyulun 3-də keçiriləcək imtahanda iştirak edə biləcəklər. Azərbaycan dili imtahanından uğurla keçdikləri halda rus bölməsinin abituriyentləri ali məktəblərə imtahan verə biləcəklər”. 

TQDK rəsmisi vurğulayıb ki, bu il üçün qəbul imtahanlarına isə mayın 11-dən start veriləcək. Onun sözlərinə görə, əvvəlki illərin məzunları II və III qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanını mayın 11-də, I və IV qruplar isə mayın 18-də keçiriləcək. Həmin imtahanda bir neçə gün qalmış abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edib götürəcəklər.

E.Nağızadə əlavə edib ki, gələn həftədən etibarən TQDK həftəlik mətbuat konfranslarına start verəcək.

Mənbə:Milli.Az

 

28 aprel 2014
GO BACK