Bakıda fərdi yaşayış evləri tikərkən çox vaxt sənəddən qabaq “uçastkovunun payı” yada düşür.
Qeyri-qanuni ev tikən şəxs məsələni dərinə getmədən, daha asan olması üçün sahə müvəkkili ilə həll etmək istəyir. Bunun üçün sahə müvəkkilinin haqqını verib tikintiyə başlayır. Sonrası isə göz qabağındadır: Bakının hazırkı reallığı meydana çıxır, başdan-başa gecəqondular peyda olur. Bu işdə sahə müvəkkilinin icazəsi, başqa sözlə desək, aparılan qeyri-qanuni tikiliyə göz yummasına niyə göz yumulur?
"Qeyri-qanuni evlərin tikilməsi uçastkovıdan başlayır"
Ekspertlər hesab edirlər ki, Bakıda və Abşeron yarmadasında tikilən qeyri-qanuni evlərin “icazə”sini sahə müvəkkilləri verirlər. Elmi-Praktik Hüquq Mərkəzinin eksperti, keçmiş polis rəisi Mahmud Hacıyev Milli.Az-a açıqlamasında bildirdi ki, sahə müvəkilinin “razılığı” olmasa, heç bir qanunsuz iş görmək olmaz.
Sabiq rəisin sözlərinə görə, sahə müvəkkili hər bir şeydən xəbərdardır, aparılan bütün qanunsuz işlərdən xəbərdar olur, göz yumur, qeyri-qanuni əməlin baş verməsinə şərait yaradır: “Onun payını verib tikinti apara bilirsən. Bütün qanunsuz tikililərdən birinci sahə müvəkkilinin xəbəri olur. Bu o deməkdir ki, qeyri-qanuni evlərin tikintisi birinci sahə müvəkkilinin göz yummasından başlayır. Əraziyə cavabdeh olan hüquq-mühafizə orqanının nümayəndəsidir. İcra hakimiyyətinə xəbər çatana kimi qeyri-qanuni ev tikilib başa çatır”.
Ekspertiin fikrincə, ev tikmək üçün sənədlər yerindədirsə, burada “sahə müvəkkilinin payı” və ya “icra hakimiyyətinin payı” kimi fikirlər Azərbaycan reallığında baş verə bilər: “Bunun qanuna heç bir aidiyyatı yoxdur. Ev tikərkən onun sənədləri, torpağın çıxarışı, evin layihəsi olmalıdır. Bütün sənədlər yerindədirsə, burada sahə müvəkkili rol oynamır. Bu kimi hallar son dövrlərdə çıxan haldır. Bakıda neçə min ev qeyri-qanuni tikilib. Ev tikiləndə sahə müvəkkili gəlib müdaxilə edə bilər, çünki əraziyə baxan hakimiyyət nümayəndəsidir. Həmin ərazidə baş verən xuliqanlıq, oğurluq, quldurluq və yaxud qeyri-qanuni tikilən tikiliyə cavabdehdir. Baş vermiş bütün kriminallara, qanun pozuntularına hüquq mühafizə orqanının əməkdaşı cavabdehdir və onun vəzifəsi bunun qarşısını almaqdır. Qeyri-qanuni tikili də qanun pozuntusudur, qarşısının alınması yolunda addım atmalıdır”.
"Vətəndaş özü sahə müvəkkili ilə razılaşma əldə edir"
İqtisadçı-ekspert Nüsrət İbrahimov Milli.Az-a açıqlamasında bildirdi ki, hazırda torpağın sənədi qaydasında deyilsə, fərdi yaşayış evi tikilməsinə icazə verilmir. Tikinti aparmaq üçün torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin olmalıdır. Alınan torpaq təyinatı üzrə fərdi yaşayış evinin tikintisi üçün olmalı və torpağın dövlət reyestrindən çıxarışı olmalıdır. Bu təyinat varsa, müvafiq icra hakimiyyəti orqanına tikinti ilə bağlı müraciət edib, evin eskiz layihəsi təqdim olunmalıdır. Üç ay müddətində irad bildirilməsə, tikintini başlaya bilərsən.
İqtisadçının sözlərinə görə. sənədlər qaydasında olarsa, sahə müvəkkilinə əhəmiyyət vermək lazım deyil. Vətəndaş əgər sənədsiz iş görürsə, özü sahə müvəkkili ilə gizli “razılaşma” əldə edir. Artıq səbəbi olmadan ev tikmək mümkün deyil.
"Deyirlər ki, balığı uçastkovunun payından ver..."
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Ramazanov Milli.Az-a açıqlamasında “uçastkovunun payı” deyimini camaat arasında gəzən söz-söhbət adlandırdı.
Anar Məmmədov
Mənbə:Milli.Az