Qadin.NET / Paytaxtda sakinlər ölüm yolu ilə çarpışırlar

Paytaxtda sakinlər ölüm yolu ilə çarpışırlar

 

Bakıda bu yol təhlükə, risk və ölüm mənbəyinə çevrilib
Milli.Az xəbər verir ki, Bakının Suraxanı rayon Hövsan qəsəbəsində yerləşən yol hər kəsin kabusuna çevrilib. Qəsəbəyə zülmət çökəndə isə yolda bədbəxt hadisələrdən qaçmaq qeyri-mümkündür.

Uzun müddətdir ki, qəsəbə sakinləri tərəfindən müraciətlər olunsa da, bu yolda nə işıqfor, nə keçid zolağı, nə də sürət həddini bildirən yol nişanları qoyulub. 
 
Çarəsiz qalan hövsanlılar Milli.Az-a məktub ünvanlayaraq problemin həll olunmasına ümid ediblər:

"Texnikanın bu qədər inkişaf etdiyi bir dövrdə niyə keçilməz ölüm yoluna dönən Hövsan yolunda əsaslı təmir, yenidənqurma, yolun genişləndirilməsi, işıqlandırılması, işıqforların  quraşdırılması və digər tədbirlərin həyata keçirilməsi aidiyyatı qurumlar tərəfindən aparılmır? Hövsan əhalisinin sayı hər gün keçilməz ölüm yolunda azalsınmı?" 

Məsələ ilə bağlı Milli.Az Suraxanı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb problemin nə vaxt həll olunacağını öyrənib. İcra Hakimiyyətindən verilən məlumata görə, sözügedən yol artıq "Azəryolservis"in bərpa planında var:

"Bundan öncə bizim özümüzə də Hövsan qəsəbəsində yerləşən yol ilə bağlı müraciət olunub. Baş verən hadisələr və şəraitlə bağlı məlumatımız var. 

Ötən ildən “Azəryolservis”ə müraciət olunub. Plana görə, həmin yolda keçən ilin dekabr ayından əsaslı təmir işləri aparılacaqdı, amma bəzi problemlərə görə bu alınmadı”. 

“Azəryolservis”dən isə bildirdilər ki, Hövsan yolunda yaxın günlərdə əsaslı təmir işləri aparılacaq. "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəriPünhan Mürsəliyev Milli.Az-a açıqlamasında bildirdi: 

“Həmin yol çoxdan tikilmiş bir yoldur. Orada əsaslı təmirə ehtiyac var. Hövsan yolu tədbirlər planına salınıb və yaxın aylarda, hətta günlərdə əsaslı şəkildə yenidən bərpa olunacaq”.

Ceyhun Ələkbərov
Mənbə:Milli.Az

 

28 aprel 2014
GO BACK