Qadin.NET / Ən ağır dərdləri onlar sağaldır

Ən ağır dərdləri onlar sağaldır

 


İnsanın təbiəti, heyvanları sevməsi və onlarla bərabər varlığını dərk etməsi onun inkişafında böyük rol oynayır. Elmi-texniki tərəqqinin inkişafına bağlı olaraq, insanlar tədricən təbiətdən uzaqlaşmaqla bərabər özlərindən də uzaqlaşmağa başlayırlar. İnsanın canlılarla təması azaldıqca o, bu möhtəşəm bir sistemdə varlığını da təhlükəyə atır. Bir anlıq yer kürəsində heyvan, bitki olmadan insanın yaşadığını xəyal etsək, həyatımızın sanki mənasını da itirərik.

Psixoloq Mələk Kərimovanın sözlərinə görə, təbiətdə hər bir ünsür bir-biri ilə qarşılıqlı əlaqədədir: "Müxtəlif xalqların tarixi keçmişlərinə nəzər saldıqda asanlıqla görmək olur ki, heyvanların insan həyatında rolu həmişə böyük olub. Bu mənada insan həyatında atın rolunu qeyd etmək lazımdır. İnsan at ilə birlikdə bir tarixi keçmişi paylaşaraq, müxtəlif müharibələrdə onların qüvvəsindən istifadə edib. Azərbaycan ədəbiyyatında da bunu aydın görmək mümkündür. Xüsusən, Koroğlu dastanı bunun bariz nümunəsidir. Koroğlunun Qıratının onun həyatının bir parçası halına gəldiyini və onunla necə fəxr etdiyini bu dastanda aydın görmək mümkündür". 

Qeyd edək ki, Miladdan əvvəl 460-377 illər arasında Hippokrat "Təbii idman" adlı yazısında ata minmədən bəhs edib. 1569-cu ildə, italyan Merkurialis "Cimnastika sənəti" adlı əsərində ata minmənin ən faydalı idman olduğunu qeyd edib. İngiltərə isə əsrin əvvəllərində İkinci Dünya müharibəsində yaralananların müalicəsində, zəka qüsuru olanlarda atlardan istifadə etmənin faydalarını kəşf etdilər. Hətta 1952-ci ildə ingilis Liz Hartel uşaq iflici olmasına baxmayaraq, Helsinki at olimpiadasında gümüş medal alır. Bu hadisə mütəxəssislərin diqqətini çəkir və Avropada atla terapiya mərkəzləri qurulmağa başlayır. Atla terapiya 1960-cı illərdən etibarən Avropa, Kanada və Amerikada yayılmağa başlayır. 1992-ci ildə isə Amerika İppoterapi Birliyi (AHA) qurulur. 1994-cü ildə atla terapiyaya standartlar gətirildi və Amerika İppoterapiya Sertifikasiya Birliyi və ilk İppoterapiya Klinik mütəxəssisi imtahanı tətbiq edildi. Artıq Amerikada həkimlər, psixiatristlər, psixoloqlar pasiyentlərinə atla terapiyanı məsləhət görməkdədirlər. "Michigan" universiteti, "St.Andrew" kolleci öz dərs proqramlarına at terapiyasını əlavə ediblər. 

Psixoloq bildirib ki, ippoterapiya at üzərində müxtəlif hərəkətlər vasitəsilə bədən əzələlərinin hərəkət etməsinə kömək edən bir müalicə üsuludur. Bu terapiyanın müxtəlif faydaları var. Misal üçün, atın belində olan şəxs onunla birlikdə hərəkət edərək yıxılmamağa və tarazlığını qorumağa çalışır. Beləcə həm sağlam, həm də zərər görmüş əzələlər hərəkətə keçir. Müalicə xüsusən uşaqlar üçün bir oyun kimi qəbul edilir. Bundan başa, ippoterapiya insanda özünə inam hissi formalaşdırır, atın belində olan şəxs atı idarə etməkdən zövq alır, daha cəld və çevik olur. Nəzərinizə çatdıraq ki, atın istiliyi 1.5-2 dərəcə daha yüksəkdir. Bu da masaj aləti kimi ayaq əzələlərinə təsir edir, qan təzyiqi yüksəlir. İppoterapiya mədə-bağırsaq, ürək-damar xəstəliklərinin müalicəsində, iflic, autizm, diqqət əksikliyi, artıq çəki kimi xəstəliklərin profilaktasında da rol oynayır. 

Onun dediyinə görə, təbiətdə sadəcə iki canlı növü - atlar və delfinlər müsbət enerji yayır: "At bir idman aləti deyil və əsla insanı yormur. İnsanda müsbət hisslər oyadır, müvazinət hissini inkişaf etdirir, qamətin formalaşmasına, paylaşma, dostluq hissinin formalaşmasına təsir edir. Bu cür müalicənin pis təsiri yoxdur. Sadəcə olaraq, ippoterapiyaya başlamazdan əvvəl dəri problemləri, allergiyanın olub-olmaması müəyyənləşdirilməlidir". 

Ümumiyyətlə, ippoterapiya ata minmə və onu çapmağı öyrənmək kimi qiymətləndirilməməlidir. Müsahibimiz bildirib ki, ippoterapiya klinik mütəxəssisi olmaq üçün əvvəlcədən bu sahədə müəyyən bilik və təcrübənin olması əsasdır: 

"Xüsusən bu təhsili almaq istəyən mütəxəssis 3 il (600 saat) nəzəri dərs və 100 saatlıq ippoterapiya praktikası ilə məşğul olmalıdır. Bu daha sonra Klinik Mütəxəssis Sertifikatı almaq üçün imtahanda iştirak etməyə icazə verir. Sertifikat 5 il müddətində keçərli olur, bu müddət bitdikdən sonra isə terapist təkrar imtahan verməlidir. İmtahan vermək istəməyən yazılı olaraq 120 saatlıq təcrübəsini təqdim etməlidir. Təhsilin bu mərhələsində 50%-ni (60 saatlıq) əsas fənlər psixologiya, çapma bacarıqları, təlim təşkil edir. Alternativ olaraq bu sahədəki iş təcrübəsi də diqqətə alınır". 

Həmsöhbətimiz onu da əlavə edib ki, insanın psixi və fiziki sağlamlığı təbiəti və canlıları sevməklə mümkündür. Bu səbəbdən də ippoterapiya əvəzsizdir. Bu terapiya təbiət gözəlliyindən zövq almağa kömək edir, insanın həyatını daha da mənalandırır. 

Mənbə:Milli.Az

 

27 aprel 2014
GO BACK