Qadin.NET / Hər ağızdan bir avaz gəlir, ölkə isə dağılır

Hər ağızdan bir avaz gəlir, ölkə isə dağılır

 

 

 

Ukraynada qeyri-müəyyənlik davam edir
Cenevrədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Con Kerri, Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton və Ukrayna xarici işlər naziri səlahiyyətlərini icra edən Andrey Deşşisanın iştirakı ilə Ukrayna böhranına dair aparılan danışıqlar bütün mənfi gözləntilərə rəğmən, müsbət nəticə verdi. Görüş iştirakçılarının qəbul etdikləri birgə Cenevrə bəyanatında bildirilir ki, tərəflər "gərginliyin aradan qaldırılması üçün ilkin vacib addımların atılmasının, Ukraynanın bütün vətəndaşları üçün təhlükəsizliyin təmini istiqamətində tədbirlərin görülməsinin vacibliyinə dair razılığa gəliblər".
S. Lavrov keçirdiyi mətbuat konfransında bildirib ki, münaqişə tərəfləri "istənilən zorakılıqdan çəkinmək, qarşı tərəfi qorxutmaq və təxribatçılıq əməllərindən imtina" haqda razılıq əldə ediblər. Bütün qanunsuz silahlı birləşmələr tərk-silah olunmalı, zəbt edilmiş inzibati binalar legitim sahiblərinə qaytarılmalı, Ukraynanın bütün şəhərlərindəki işğal olunmuş küçələr, meydanlar, digər ictimai yerlər boşaldılmalıdır. Ağır cinayətlər törətmiş şəxslər istisna olmaqla, etirazçıların hamısına amnistiya tətbiq olunmalıdır. Bütün bu tədbirlərin həyata keçirilməsi üçün ATƏT-in xüsusi monitorinq komissiyası yaradılıb. O, Ukrayna hökumətinə və regionların yerli icmalarına köməklik göstərəcək. Artıq missiyanın, təxminən, 120 müşahidəçisi Ukrayna ərazisindədir.
Amma görünən odur ki, razılaşmaya rəğmən, tərəflər ona müxtəlif cür yanarşırlar. Məsələn, söhbət qanunsuz silahlı birləşmələrin tərk-silahından getdikdə Moskva, əsasən, "Sağ sektoru", Kiyev isə məsələn, "Donbass xalq qeyri-nizami qoşunu"nu nəzərdə tutur. Aİ ilə ABŞ Rusiyadan qoşunlarını Ukrayna sərhədindən uzaqlaşdırmağı tələb edir, Andrey Deşşinsa isə Kiyevin qoşunlarını Ukraynanın cənub-şərqindən geri çəkmək fikrində olmadığını və antiterror əməliyyatlarının davam etdiriləcəyini bildirir. Deşşinsa ordunun Ukrayna ərazisində olduğunu və bu üzdən hərbçilərin geri çəkilməsindən söhbətin gedə bilməyəcəyini söyləyib. Bununla yanaşı, o, ordunun hər hansı yerə dislokasiyasının hələ ordudan istifadə olunacağı anlamına gəlmədiyini bildirib.
Amma Rusiya da öz ordusu ilə bağlı eyni sözləri deyir. Kerri isə razılaşmanı müəyyən müddətə keçərli sayır. Onun sözlərinə görə, sonradan ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək. Avropa Parlamenti isə gözləmək fikrində deyil. Artıq o, Rusiya şirkətlərinə qarşı cəza tədbirlərinin ikinci mərhələsinin gücləndirilməsinə, Rusiyaya silah və yüksək texnologiyaların tədarükünə embarqo qoyulmasına çağıran qətnamə qəbul edib. Əlbəttə ki, Cenevrə danışıqlarının sonunda iştirakçıların mətbuat konfranslarını ayrı-ayrılıqda keçirmələri də çox şeydən xəbər verir. Bununla yanaşı, qəbul edilmiş bəyanatda razılaşmaların həyata keçirilməsi və monitorinqin aparılması mexanizmlərinin göstərilməməsi də diqqət çəkən məqamlardandır. Odur ki, Ukraynada, xüsusilə onun cənub-şərqində qeyri-müəyyənlik davam edir.
Ölkənin şərq regionlarında - Donetskdə, Xarkovda, Luqanskda, Slavyanskda, Mariupolda, Yenakiyevoda, Kramatorskda və s. - təlatümlər bir neçə həftə əvvəl başlayıb. Amma onların böyüməsi, kütləvi aksiyalara çevrilməsi halları aprelin ortalarından müşahidə olunmağa başlayıb. Həmin bölgələrdə baş verənlərlə bağlı məlumatlar son dərəcə ziddiyyətli xarakter daşıyır - atışmadan, insan oğurluğundan tutmuş, müxtəlif şəhər və qəsəbə sakinlərinin xüsusi təyinatlıları tərk-silah etməsinədək (!). Şəhər sakinlərilə hərbçilərin razılığa gələ bilmədikləri Mariupolda bir neçə nəfər həlak olub. Maskalı insanlar şəhər və qəsəbə şuralarının binalarını, vilayət administrasiyalarını ələ keçirirlər. Yenə də barrikadalar qurulur və təkərlər yandırılır - sanki, Ukraynada təkərlərin sayı-hesabı yoxdur. Ən maraqlısı isə Ukraynanın cənub-şərq bölgələrinin sakinlərinin PDM-ləri, qaubitsa yedəkçilərini ələ keçirməsi xəbəridir. Məlumata görə, Luqansk vilayətinin Rayqorodka kəndi yaxınlığında yerli sakinlər Ukrayna hava-desant qoşunlarına məxsus zirehli texnika kalonunu saxlayıblar. Ukraynanın Müdafiə Nazirliyi Kramatorskda "6 zirehli texnikanın Rusiyapərəst ekstremistlər tərəfindən ələ keçirildiyini" rəsmən təsdiqləyib. Ordunun vəziyyəti müəyyən dərəcədə aydın olsa da, milisin baş verənlərdə rolunu anlamaq olmur - Ukrayna daxili işlər naziri səlahiyyətlərini icra edən Arsen Avakov ölənləri və yaralananları "Facebook" sosial şəbəkəsində sayır, əmrləri isə Kiyevi tərk etmədən verir.
Nümayişçilərin hədəfləri əvvəlcə tam aydın deyildi - onlar gah ölkənin federasiyalara bölünməsini istəyir, gah da muxtariyyət tələb edir, gah müqəddəratı təyinetmə prinsipindən danışır, gah da Rusiyanın tərkibinə qoşulmaqdan dəm vururdular (hər halda, aksiyaların əksəriyyəti, məhz, Rusiya bayrağı altında keçirilirdi və keçirilir). Onların bütün bunların reallaşdırılması yollarını necə gördükləri də bəlli deyil - əgər referendum vasitəsilədirsə, onu kim və necə təşkil edəcək? Luqanskda "Vahid Ukrayna uğrunda" şüarı altında mitinqin keçirildiyi bir vaxtda Luqansk Vilayət Apellyasiya Məhkəməsinin sabiq rəhbəri Anatoli Vizir özünü "Cənub-Şərq Respublikası"nın prezidenti elan edir, Donetskdə "Müstəqil Donetsk Respublikası"nın yaradıldığı bəyan olunur, Odessada "antimaydan" "Odessa Xalq Respublikası"nı elan edirdi. Bir sözlə, Kiyevin mərkəzi hökumətinə qarşı çıxmış cənub-şərqdə vahid etiraz mərkəzi yoxdur. Onların nə aydın fəaliyyət mexanizmləri var, nə də dəqiq ortaya qoyulan tələbləri. Amma bu, bu istiqamətdə cəhdlərin edilmədiyi anlamına gəlmir. Məsələn, "Cənub-Şərq" hərəkatının Koordinasiya Şurası tərəfindən qəbul edilmiş bəyanatda Ukraynada federativ dövlət quruluşuna keçilməsi, yalnız bundan sonra prezident seçkisinin təşkili, o cümlədən antiterror əməliyyatlarının dayandırılması, rus dilinə xüsusi statusun verilməsi, bütün milli azlıqların müdafiəsinin təşkili kimi tələblər yer alıb. Yeri gəlmişkən, bütün bunlar Lavrovun böhrandan çıxış yolu kimi Cenevrədə açıqladığı variantla tam üst-üstə düşür.
Digər yandan Ukraynanın hazırkı hökumətinin fəaliyyəti də kifayət qədər əsaslandırılmış sayıla bilməz. Aprelin 15-də Ali Radanın spikeri, ölkə prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov insanların müdafiəsinin təşkili məqsədilə hərbi əməliyyatlara başlanıldığını elan etsə də, ölkənin cənub-şərq əyalətlərində yaşayan əhalinin kimlərdən və hansı yollarla qorunacağını açıqlamayıb. Başqa sakinlərdən? Özlərindən? Yoxsa Rusiyadan?
Ukraynalılar Donetskdəki fəalların Krımdakı "yaşıl adamcıqlar"a çox bənzədiklərinə əmindirlər. Ukraynalılar onları "terrorçular" və "rus diversantlar" adlandırırlar. Kiyev ortaya "maddi sübutlar" da qoyub - Ukrayna Təhlükəsizlik Xidmətindən (UTX) verilən açıqlamada bildirilir ki, "Ukraynanın şərqində inzibati binaları ələ keçirən, sabitliyi pozan silahlı birləşmələrin" lideri Rusiya Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (BKİ) xüsusi təyinatlılarının zabiti İqor Strelkovdur. KİV-də və internetdə belə bir informasiya "dolaşır" ki, Ukrayna sərhədinin bilavasitə yaxınlığında artıq Rusiya ordusunun həmləçi qrupu yerləşdirilib. Güman ki, Ukraynanın müdafiə naziri səlahiyyətlərini icra edən Mixail Kovalın Rusiya ilə sərhəd boyunca möhkəm atəş mövqeləri yaradılması əmri də bununla bağlıdır. Bununla yanaşı, Kiyev sakinlərinə hərbi xarakterli fövqəladə halların yaranması zamanı özlərini necə aparmalı olduqlarına dair informasiya verilir.
Kreml isə Ukrayna hökumətinin Donetsk vilayətindəki əməllərini "öz xalqına qarşı müharibə" kimi qiymətləndirir. Moskva Rusiya hərbçilərinin qonşu ölkənin ərazisinə daxil olmasına dair məlumatları birmənalı şəkildə təkzib edir. Bununla yanaşı, Rusiya prezidenti Vladimir Putin aprelin 17-də təşkil olunmuş "birbaşa yayım" zamanı "Krım özünümüdafiəçilərinin arxasında Rusiya hərbçilərinin durduğunu" etiraf edib. Onun fikrincə, "açıq, təmiz referendumun təşkili, insanlara öz iradələrini ifadə etmək imkanının verilməsi üçün başqa yol sadəcə yox idi". Putin əmindir ki, Ukraynanın cənub-şərqində yaşananlar Kiyev rəhbərliyinin rus və rusdilli əhalinin maraqlarını nəzərə almaq istəməməsi və bunu bacarmamasının nəticəsidir.
Ukraynanın şübhələri Qərb tərəfindən də dəstəklənir. Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq düşünür ki, Ukraynanın şərqində təşkil olunan etiraz aksiyaları "Rusiya tərəfindən planlaşdırılıb və təşkil olunub". "The Huffington Post" "Reuters" agentliyinə istinadən yazır ki, aprelin 14-də ABŞ dövlət katibinin köməkçisi Tomas Şennon ölkəsinin Ukraynaya silah verə biləcəyini istisna etməyib. Amerikalı respublikaçı senator Con Makkeyn isə Ukraynanın silahlandırılmasına açıq çağırış edib.
NATO Şurası Ukraynada baş verənlərlə əlaqədar olaraq, Şərqi Avropa ölkələrinin təhlükəsizliyinin gücləndirilməsi üçün tədbirlər paketini təsdiqləyib. Alyans Baltik regionunda hava patrulu xidmətinin gücləndirilməsi, Baltik dənizinə və Şərqi Aralıq dənizinə gəmilərin göndərilməsi haqda qərar qəbul edib. Artıq "soyuq müharibə" dövrünü çox xatırladan ilk "toqquşma" haqda məlumat da var. Pentaqonun verdiyi xəbərə görə, aprelin 12-də Rusiyaya məxsus Su-24 qırıcısı Qara Dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinin "Donald Cook" gəmisi üzərindən uçaraq, guya, hücum imitasiyası edib. Dənizdə konkret nəyin baş verdiyi məlum deyil. Amma Pentaqon təmsilçisi polkovnik Stiven Uorren "toqquşma"ya çox sərt reaksiya verib. Bəzi mətbuat orqanlarında yer almış və rəsmən təsdiqlənməmiş məlumata görə, insidentdən sonra Amerika gəmisinin heyət üzvlərinin psixoloqa ehtiyacı yaranıb, heyət üzvlərinin 27-si isə istefa haqda raport yazıb.
Rusiyanın ciddi təşvişə düşməsinə isə MKİ-nin başçısı Con Brennanın Kiyevə səfəri səbəb olub. Brennan Kiyevdə Ukrayna rəhbərliyilə və güc strukturlarının nümayəndələrilə görüşüb. Bir versiyaya görə, MKİ rəhbərinin Ukraynaya səfərində məqsəd bu ölkənin güc strukturlarının əlaqə kanallarının Rusiyanın müdaxiləsindən qorunmasıdır. Amerika xüsusi xidmət orqanlarının Ukraynada yaşananlarda iştirak etdiyini Ukrayna prezidentliyinə namizəd Oleq Saryev və ölkənin sabiq rəhbəri Viktor Yanukoviç də bəyan etmişdi. Bundan başqa, sosial şəbəkələrdə və müxtəlif KİV-də Ukraynanın cənub-şərqində amerikalı muzdluların olduğuna dair xəbərlərə tez-tez rast gəlinir.
Beləliklə, aydın olur ki, Cenevrə danışıqları tərəfləri problemin həllinə yaxınlaşdırmayıb (amma onların bir masa arxasına əyləşmək üçün özlərində güc tapmaları belə, sevindirici haldır). İndi Kiyevin özündə belə, Maydan yenidən fəallıq göstərməyə başlayıb. Bütün dünyada məşhur olan meydana hələ də narazı vətəndaşlar toplaşmaqdadırlar. Bəziləri hökumətin ölkənin cənub-şərqində vəziyyətin sahmana salınmasında göstərdiyi qətiyyətsizlikdən narazıdır, digərləri hesab edir ki, Ukraynada həyat dözülməz hal alıb - ərzaq məhsulları, kommunal xidmətlər və nəqliyyat xərcləri bahalaşıb.
Prezident seçkisinə hazırlıq da qəribə şəkildə gedir. Xalq deputatı, Ukrayna prezidentliyinə namizəd Oleq Saryev amansızcasına döyülüb. O, dövlət maraqlarına xəyanətdə və separatçılıqda ittiham olunur. Prezidentliyə digər namizəd Mixail Dobkinin üzərinə "zelenka" və un atıblar. "Batkivşşina" partiyasının lideri, prezidentliyə namizəd Yuliya Timoşenko birtərəfli şəkildə seçki kampaniyasını bir kənara qoyaraq "Ukrayna uğrunda müqavimət hərəkatı"nın yaradılması ilə məşğul olur. Artıq 2014-cü il mayın 25-nə təyin olunmuş seçkinin təxirə salınmasına dair təkliflər də səsləndirilir. 

Ukrayna hökuməti aprelin 18-də ölkə Konstitusiyasına dəyişikliklərin müzakirəsinə başlanılmasına göstəriş verib. Söhbət hakimiyyətin desentralizasiyasını nəzərdə tutan dəyişikliklərdən gedir. Belə olan təqdirdə, əvvəl Konstitusiyaya dəyişikliklərin edilməsi, prezident seçkisinin bundan sonra keçirilməsi daha məntiqlidir. Əks təqdirdə, legitimlik məsələsilə bağlı mübahisələr yarana bilər. Amma ölkənin bir hissəsi faktiki olaraq mərkəzi hökumətə tabe olmursa, ümumxalq səsverməsi necə keçiriləcək? Digər tərəfdən indi ölkəni vətəndaş müharibəsindən və faktiki parçalanmadan xilas etmək üçün Kiyevə təcili olaraq hamının qəbul etdiyi legitim hakimiyyət lazımdır.
Ukraynanın "sağ qalmasına" ehtiyacı olan yalnız onun özü deyil. O, Ukrayna ordusu ilə döyüşməsini təsəvvür etməyin belə (hətta orada yaşayan etnik rusların müdafiəsi məqsədilə), çətin olduğu Rusiyaya da lazımdır. Moskva nə qədər öyünsə də, iqtisadi sanksiyalara sinə gərmək onun üçün çox çətindir. Üstəlik, Krım da "həzm olunmalı"dır.
Bundan başqa, sabit Ukrayna Avropaya da lazımdır. İqtisadi və daxili siyasi problemlərinin onsuz da kifayət qədər olduğu Köhnə Dünyada mayın sonunda Avropa Parlamentinə seçki olacaq və seçkidə sürprizlərin mümkünlüyü də artıq indidən məlumdur.
Bir sözlə, vahid Ukrayna bütünlükdə dünya birliyinə lazımdır. Səbəbini izah etmək isə artıq olardı.
Mənbə:Milli.Az

 

28 aprel 2014
GO BACK