Qadin.NET / Ekologiyamız "sağlam" olarsa..

Ekologiyamız "sağlam" olarsa..

 


Belə bir ənənəvi prinsip var: “Sağlam bədəndə sağlam ruh olar”. Amma bədənimizin, necə deyərlər, orqanizmimizin sağlam olması üçün, ilk növbədə, ətraf mühit sağlam, saf olmalıdır. Əgər bu gün dənizimiz, çayımız, yaşıllıqlarımız, qısası, yaşantımıza təkan verən hər nə varsa, xəstəliyə yoluxma ehtimalı ilə üz-üzə qalıbsa, çirkab içində boğulub-batırsa, sağlam bədəndən, sağlam ruhdan belə, söhbət açmağa dəyməz.

 
Ekologiya və ətraf mühit elə bir sahədir ki, nə qədər yazıb-pozsan da tükənən deyil. Çünki aldığımız nəfəs, getdiyimiz, keçdiyimiz yollar, küçələr, içdiyimiz su, bir sözlə, yaşantımız ekologiya və ətraf mühitlə bağlıdır.
 
Belə bir ənənəvi prinsip var: “Sağlam bədəndə sağlam ruh olar”. Amma bədənimizin, necə deyərlər, orqanizmimizin sağlam olması üçün, ilk növbədə, ətraf mühit sağlam, saf olmalıdır. Əgər bu gün dənizimiz, çayımız, yaşıllıqlarımız, qısası, yaşantımıza təkan verən hər nə varsa, xəstəliyə yoluxma ehtimalı ilə üz-üzə qalıbsa, çirkab içində boğulub-batırsa, sağlam bədəndən, sağlam ruhdan belə, söhbət açmağa dəyməz. 
 
Arzuolunmaz vərdişlərimiz
 
İşin gərginliyini, yorğunluğunu, stresini atmaq üçün bir parkda, yaxud hər hansı bir mənzərəli yerdə dincəlmək istəyirsən, 1-2 saatlıq da olsa, rahatlıq arayırsan özün üçün. Lakin elə ilk andaca əhvalın pozulur, çünki keçdiyin yolda, addımladığın küçədə gördüklərin əsəbiləşdirir səni. Hətta “belə dincəlməkdənsə...” deyib, əvvəlki vəziyyətinə şükür də edirsən. Natəmiz hala salınmış küçə çıxır qarşına...
 
Demək olar ki, hər gün rastlaşırıq belə hallarla. Açıq-aşkar üzü üzünə, gözü gözünə baxa-baxa, keçib-getdiyi yola tüpürür və o bu hərəkəti ilə qarşıdan gələnlərdən nəinki utanıb-çəkinir, bəlkə də, “elə belə də olmalıdır”, - deyə düşünür. Əslində gördüklərimizin çox da fərqinə varmırıq, daha doğrusu, “niyə belə edirsən” deyə iradımızı bildirmədən üzümüzü çevirib yolumuza davam edirik. Və adiliklə qarşıladığımız bu hadisə ilə, bəlkə də, sağlamlığımıza dəyən ən ağır zərbəni, fəsadı dadırıq. Yerə tüpürmək “mədəniyyəti” ekologiyamızın pozulmasının bir görüntüsü deyilmi? 
 
Evinin qapısı - zibil yuvası
 
Yekə bir zibil torbasını otağın bir küncündən sürüyə-sürüyə dəhlizin qapısının arxasına, divarın dibinə qoyursan, “təki evdən uzaqlaşsın” deyirsən və düşünürsən ki, nə vaxtsa yolun zibil qutularının yanından düşəndə əlinə “ilişdirib” atarsan. Və beləcə, sənin bu torbanın qoxusu ətrafı bürüyür, sellofandan sızıb-keçən çirkli su dəhlizə hopur, qonum-qonşunun haqlı narazılığına səbəb olur, ağcaqanadın, müxtəlif xəstəliktörədici həşəratların oylağına çevrilir... Əslində düşünmürsən ki, bu hərəkətinlə, əksinə, zibil quyusuna çevirirsən. Çünki o zibilə daraşan həşəratlar, parazitlər, gözlə görünməyən mikroblar elə o qapının ağzındanca otağına, ətrafdakı mənzillərə asanlıqla daxil olur və cürbəcür xəstəliklərin bünövrəsini qoyur.
 
Bəzən zibili yaxınlaşıb qutuya atmağa da ərinirik, uzaq məsafədən tullayırıq, hara düşə-düşə, “əsas odur mən atdım” deyə. Qutu boş, ətrafı isə zibil torbaları ilə dolu, üfunətdən baş çatlayır... Qarşıdan isti yay günləri gəlir. Bəs onda necə olacaq? Bəlkə bunu düşünüb, belə addımlardan çəkinək? 
 
Sarğılı, sellofanlı ağaclar
 
Başına nə oyunlar açmırıq bu ağacların - gah gövdəsinə mismar çaxırıq, gah dibinə tullantı suları axıdıb quruduruq, gah qol-budağını kəsib, dekorativ əşya kimi istifadə eləyirik, bəzən də kökünü-gövdəsini oyuq-oyuq edib, “ürək sözlərimizi” yazırıq. Hətta altında heyvan kəsib su əvəzinə, qan da içiririk təbiətin bu gözəl varlıqlarına. Beləcə, ağacların başına min bir oyun açırıq, sonra da oksigen çatışmazlığından, xəstəliklərdən şikayətlənirik.
 
Dibçəkdə gül becəririk, təki otağımızın havası təmiz, görünüşü gözəl olsun, eyvanımızın altında boy atan ağacı isə zibilə bürüyürük, gövdəsini parça, sellofanla sarıyırıq. Elə bil kiminsə acığını, hirs-hikkəsini çıxırıq ondan. Bax bu da ekoloji sarsıntımızın bir nişanəsidir... 
 
Nəqliyyat vasitələri mikrob yuvasına çevrilib...
 
Avtobus-metro salonlarındakı oturacaqlar, tutacaqlar o dərəcədə çirklidir ki, yıxılmamaq üçün yapışanda əlini güclə qoparırsan oradan. Bəlkə də ən bahalı yapışqan o qədər möhkəm “yapışma qabiliyyəti”nə malik deyil. Hətta avtobusun döşəməsi də tutacaqlar qədər çirkli görünmür. Bəzən körpə valideyninin qucağında olsa da, ağzını, əlini toxundurur oralara. İndi təsəvvür edin, gündə yüzlərlə, minlərlə insanın istifadə etdiyi bu yerlərdə mənşəyi məlum olmayan və Allah bilir, hansı ağır xəstəliklərə yol açan mikrob, virus gəzib-dolaşır və milyonlarla insanın sağalmaz xəstəliklərə yoluxmasına səbəb olur. Olmazmı ki, ən azından həftədə bir dəfə sərnişin avtobuslarının salonları, oturacaqları, tutacaqları dezinfeksiya oluna, yaxud antibakterial maddələrlə yuyulub təmizlənə? Məncə, adıçəkilən məsələ ilə bağlı səlahiyyətli orqanların düşünməsi daha məqsədəuyğun olardı. Çünki bu iş elə özü də ekoloji mədəniyyətimizin tərkib hissələrindən biridir. Nəzərə almalıyıq ki, ekologiyamızın saflığı, təmizliyi hər birimizin sağlamlığına xidmət edir. Odur ki, ictimai yerlərin mühafizə olunmasına, qorunmasına diqqət yetirsək, pis olmaz. 
 
Anam saçımı yağış suyu ilə yuyardı
 
Rəhmətlik Gülarə nənə bizimlə qonşuluqda yaşayırdı, əslən Füzuli rayonundan idi, qaçqınlıq zamanı o da doğulduğu torpağından ayrı düşmüşdü. Nə isə... Gülarə nənə həmişə deyərdi ki, uşaq vaxtı anam saçımı yağış suyu ilə yuyardı ki, daha təmiz, yumşaq və kəpəksiz olsun. “Saçıma bu su dəyəndən sonra o qədər gözəl olurdu ki. Hətta suyumuz olmayanda bu sudan içmək üçün də istifadə edərdik”.
 
İndi hardadır o təmiz yağış suyu? Göyə o qədər zərərli maddələr, tüstülər buraxılır ki, buludlar “boğulur”, yerə axıtdıqları “göz yaşları” da zəhər-zəhrimar, içmək, saçı yumaq bir yana qalsın, göy-göyərtini xəstələndirir. Ozon qatı yırtılıb deyə, Günəşdən gələn və sağlamlığa mənfi təsir edən maddələr bədənimizə “oturur” və bunun ağır fəsadlarını isə illər keçəndən sonra hiss edirik. 
 
Təbiəti qoruyaq ki...
 
Qarğalar orda-burda ölmüş heyvan leşləri, atılmış yemək qalıqları ilə qidalanmaqla əslində təbiətin gigiyenasını qorumuş olur, çəkisindən ağır yük daşıyan qarışqalar da, soxulcanlar da torpağın münbitləşməsində az rol oynamırlar, sərçələr ziyanverici həşəratları məhv etməklə taxılı, eləcə də digər məhsulları müxtəlif xəstəliklərdən, məhvolmadan xilas edirlər, ağacdələn ağacı qurumaqdan qoruyur və s. Təbiət bizə hər cür sərvət bəxş edib, yetər ki, onu qoruyub saxlamağın məsuliyyətini dərk edək.
 Mənbə:Milli.Az

 

27 aprel 2014
GO BACK