Qadin.NET / Alkoqolizm - öldürən sərxoşluq

Alkoqolizm - öldürən sərxoşluq

 

 

Qanda spirtin konsentrasiyası 6 faizdən çox olduqda xəstədə ağır alkoqol zəhərlənməsi yaranır

Alkoqolizm, sırf tibbi mənada etil spirtinə aludəçiliklə şərtlənən ən geniş yayılmış toksikomaniyadır. İctimai mənada isə alkoqolizm bir sıra davranış, əmək fəaliyyəti və digər pozuntularla müşayiət edilən, bəzi cinayət əməllərinin törənməsinə şərait yaradan spirtli içkilərdən sui-istifadədir.

Psixoloq Elnarə Bağırovanın sözlərinə görə, alkoqolizmin yaranmasının səbəbləri müxtəlif ola bilər. Bu asılılığın yaranmasına şəxsin tərbiyəsi, böyüdüyü mühit, təhsili, sosial statusu, keçirdiyi sarsıntılar təsir edir. Xüsusilə də pis mühitə düşmək, alkoqolizmə meyl edən insanlarla yaxından dostluq etmək və ya problemlərlə, streslərlə mübarizə apara bilməmək alkoqolizmə gətirib çıxara bilər. Belə ki, iradəsi zəif olanlar bu cür hallarla üzləşəndə alkoqol içkilərə sığınmağı yeganə çıxış yolu kimi görürlər. Nəticədə uzun müddət alkoqol qəbulu asılılığa və psixi pozuntulara səbəb olur. Alkoqolun qəbulu nəticəsində yaranan psixi pozuntular isə iki qrupa bölünür: spirtli içkilərin birdəfəyə və ya epizodik qəbulu nəticəsində meydana çıxan alkoqol sərxoşluğunun törətdiyi psixi pozuntular, uzun müddət, müntəzəm olaraq spirtli içkilərin qəbulu nəticəsində meydana çıxan və xroniki alkoqolizmlə şərtlənən psixi pozuntular.

Qeyd edək ki, alkoqol sərxoşluğu və ya kəskin alkoqol intoksikasiyası etil spirtinin psixotrop təsiri nəticəsində yaranır. İntoksikasiyanın əmələgəlmə və əlamətlərin inkişafı bir çox amillərlə, o cümlədən alkoqolun nazik bağırsaqlardan sorulma sürəti, yəni onun mədədən evakuasiyası tezliyindən asılıdır. Mədədə olan qidanın miqdarı və tərkibi spirtin sorulmasını ləngidir. Alkoqolun tündlüyü, müxtəlif dərman maddələrinin qəbulu alkoqolun sorulma surətinə və onun toksikliyinə təsir göstərir.

Spirtli içkilərin təsir gücünə müqavimət göstərən orqanizmin fərdi fiziki və bioloji imkanları da nəzərə alınmalıdır. Ümumi və psixi yorğunluq, müxtəlif somatik xəstəliklər, mərkəzi sinir sisteminin üzvi patologiyası bu prosesdə fəal iştirak edir. Spirtli içkilərə qocalar, uşaqlar və qadınlar daha həssas olurlar.

Qanda spirtin miqdarından asılı olaraq sərxoşluğun dərəcələri fərqli olur. Psixoloq bildirib ki, 0,1-0,5 faiz yüngül dərəcə, 0,5-2 faiz orta dərəcə, 2-6 faiz ağır dərəcə, 6 faizdən yuxarı sərxoşluğun ölümlə nəticələnə bilən dərəcəsidir: "Sərxoşluğun ilkin mərhələsində əhvalın yüksəlməsi, sərbəstlik, əzələlərin relaksasiyası, bütün bədəni bürüyən xoş istilik duyğusunun təsiri altında məstolma, rahatlıq hissi yaranır. Orqanizmin keçirdiyi belə bir hal adamı məmnunluğa və cəsarətli olmağa sövq edir. Belə şəxslər yad adamlarla asanlıqla tanışlıq yarada bilir, zarafatcıl, şən və çox danışan olurlar. İçkinin miqdarı azdırsa, mədə şirəsi ifrazının güclənməsi nəticəsində iştaha artır. Belə adamlar yeməkdən xüsusi ləzzət alırlar. Qeyd edilənlərlə yanaşı, tənəffüsün dərinləşməsi, nəbzin sürətlənməsi, damarların genişlənməsi nəticəsində dərinin, dodaqların və gözlərin qızarması müşahidə edilir. Eləcə də sərxoşluğun ilk mərhələsindən başlayaraq hərəkətlərin qeyri-dəqiqliyi, özünə və ətrafdakılara qarşı tənqidi münasibətin enməsi qeyd edilir".

Orta dərəcəli alkoqol intoksikasiyası zamanı isə bədənin müvazinətinin, koordinasiyasının pozulması baş verir. Xoş əhval-ruhiyyə, qıcığa qarşı həssaslığın artması, mənasız yerə əsəbiləşmək, hiddətlənmək, qaşqabaq sallamaq, çoxları ilə razılaşmadıqları üçün mübahisəyə girmək kimi hallar qeyd edilir. Belə hallarda impulsiv, aqressiv hərəkətlər mümkündür. Şəxsin nitqi də dəyişir, sözlər anlaşılmaz, qeyri-səlis tələffüz olunur. İfadə və cümlələr lüzumsuz təkrarlanır, bəzən isə onların arasında əlaqə pozulur. Sərxoşluq mərhələsi qurtardıqdan sonra ümumi zəiflik, süstlük, əzginlik, baş ağrısı, ağızda xoşagəlməz hissiyyat, susuzluq, qıcığa qarşı həssaslığın artması kimi əlamətlər təzahür edir. Yüngül və orta dərəcəli sərxoşluq zamanı baş vermiş hadisələr, keçirilən hisslər, davranış pozuntuları şəxsin yadında qalır.

Ağır dərəcəli alkoqol sərxoşluğunda düşüncənin keyləşməsindən komayadək pozulması inkişaf edə bilər. Bununla yanaşı əzələlərin atoniyası, hipotermiya, reflekslərin itməsi, tənəffüsün, ürək fəaliyyətinin pozuntuları, bəzən isə qeyri-ixtiyari sidik ifrazı və defekasiya aktları, epilepsiyaya bənzər cəngolma tutmaları müşahidə edilir. Ağır dərəcəli sərxoşluq tam amneziyaya səbəb olur.

Ən təhlükəli sərxoşluq dərəcəsi 6 faizdən yuxarı hesab olunur. Belə ki, qanda spirtin konsentrasiyası 6 faizdən çox olduqda xəstədə ağır alkoqol zəhərlənməsi yaranır. Xəstə, adətən komatoz vəziyyətdə xəstəxanaya gətirilir. Belə ağır zəhərlənmə vəziyyətində xəstəxanaya gətirilən xəstələrdən yalnız üçündən birinin həyatını qorumaq olur.

Müsahibimizin dediyinə görə, xroniki alkoqolizmin yaratdığı intoksikasiyalar bir sıra somatik və nevroloji pozuntulara səbəb olur: "Alkoqoliklar populyasiyasında mədə-bağırsaq sistemi xəsətlikləri: qastrit - 70-95 faiz, mədənin və onikibarmaq bağırsağın xorası - 4-9 faiz pankreatit, hepatit, qaraciyər sirrozu, alkoqol piy distrofiyası - 35 faiz hallarda təsadüf edilir. Alkoqoliklər arasında rast gəlinən ürək-damar xəstəlikləri tez-tez ölümlə nəticələnır. Bundan başqa, zülal, karbohidratlar, piy mübadiləsinin pozulmasını, endokrin sistemin xəstəliklərini, vitamin çatışmazlığını da qeyd etmək olar. Həm də ağır keçən xroniki alkoqolizm 20-30 faiz hallarda alkoqol polinevritinə çevrilir".

Psixoloq qeyd edib ki, alkoqolizmin müalicəsi çox çətin və uzunsürən prosesdir: "Müalicənin əsasını isə insanın alkoqoldan fiziki və psixi asıllığını aradan qaldırmaq təşkil edir. Adətən müstəqil olaraq müalicə olmaq mümkün olmur və çox vaxt tam müalicə üçün mütəxəssisə müraciət etmək ehtiyacı yaranır". 

Mənbə:Milli.Az

 

27 aprel 2014
GO BACK