Milli.Az Palitra.az-a istinadən bildirir ki, alimlər belə qənaətə gəliblər ki, ifrat vasvasılıq depressiyaya gətirib çıxara bilər.
Həm evdə, həm də ofisdə daim təmizlik işləri aparan insan zərərli bakteriyalarla yanaşı, orqanizmin fəaliyyəti üçün faydalı olan virusları da məhv edir.
Daha əvvəl sübuta yetirilibdir ki, bəzi bakteriyalar insanın immun sisteminin möhkəmlənməsi, orqanizmin müxtəlif iltihab proseslərinə və allergik reaksiyalara müqavimətinin artması üçün zəruridir. Tədqiqatlar nəticəsində sübuta yetirilmişdir ki, lazımi bakteriyaların çatışmazlığı insan beyninin fəaliyyətinə mənfi təsir göstərir. Beyin əhvalı yüksəldən, “xoşbəxtlik hormonu” deyilən bioloji aktiv maddə – serotoni hasil etmir.
Tədqiqatın müəllifi Endryu Millerin fikrincə, ruh düşkünlüyü immun sisteminin fəaliyyətindən asılıdır. Yaşa dolduqca insanın immun sistemi inkişaf edir və möhkəmlənir. Külli miqdarda bakteriyaların və parazitlərin müqavimətinə məruz qalan immun sisteminin onların təsirini məhdudlaşdırmaq imkanları artır. Hazırda ətraf mühit çox təmiz olduğu üçün immunitetimiz infeksiyalarla səmərəli mübarizə apara bilmir.
Alimlərin fikrincə, Qərbdə insanlar depressiyadan inkişafda olan ölkələrə nisbətən daha çox əziyyət çəkirlər, çünki onların immun sistemi zərərli bakteriyalara qarşı mübarizəyə uyğunlaşmamışdır. Məsələn, Böyük Britaniyanın hər on sakinindən biri depressiyadan əziyyət çəkir, halbuki Nigeriyada bu xəstəliyin əlamətlərinə hər yüz adamdan birində təsadüf edilir.
Mənbə:Milli.Az