Somnambulizm psixoloji deyil, nevroloji problemdir
Yuxu hər bir insan üçün vacibdir. İnsanın dincəlməsi, günün yorğunluğunu atması, gün ərzində olan pis və yaxşı anları az da olsa unutması üçün yuxu çox önəmlidir. Amma rahat yuxu yatmaq hər insana nəsib olmur. İnsanların əksəriyyəti yuxu zamanı qorxularıyla boğuşduğu halda, əksər insanlar da gecə gəzməklərindən narahat olurlar. Yorğun yuxu yatanlar isə təbii ki, dincəlmək yerinə daha da gərgin olurlar.
Bir də yuxuda danışmaq var ki, bu da insanların narahat olduğu anlardan biridir. Gün ərzində etdiklərinizi kimdənsə gizlədirsiniz və gecənin bir yarısı gizlətdiklərinizi qeyri- ixtiyari danışırsınız. Ertəsi günsə ifşa olunmuş halda heç kimin üzünə baxa bilmirsiniz. Belə halla qarşılaşmaq arzuolunmaz haldır, amma təəssüf ki, bu vəziyyətə düşənlər də az deyil.
Psixoloqlar sübut ediblər ki, gecə yatarkən kişilərin danışdığı sözlər realdır, özü də kişilər ancaq sirlərini etiraf edirlər. Belə insanlara yuxuda danışarkən nə sual versəniz, doğru cavab alacaqsınız. Yuxuda danışmaq lunatizmin bir növüdür. Bu, yalnız kişilərdə aşkarlanır. Gənclərin 50 faizində, yaşlı kişilərinsə 5 faizində bu xəstəliyə rast gəlmək mümkündür.
Nevropatoloq Allehverdi Musayevin sözlərinə görə, yuxuda danışmaq, yəni somnambulizm qorxulu xəstəlik deyil. Hətta onu xəstəlik adlandırmaq belə düzgün olmaz. Bu hal xəstəlik kimi insana zərər vurmaqdan çox onun ailədaxili problemlərə düçar olmasına zəmin yaradar. Ona görə də yuxuda danışan adamların kiçik tədbirlərlə bu vəziyyətdən qurtulması mütəqdir. Ola bilər ki, yuxuda danışılanlar heç o dərəcədə də yaşanmamış hadisələrdir, lakin insan yuxudaykən onu bir başqa cür, daha şişirdilmiş danışar. Bu isə təbii ki, həmin insanın ailə daxilində problemlərinin yaranması deməkdir: "Yuxuda danışmaq beyinlə bağlı bir haldır və somnambulizmi ilk olaraq nevropatoloqlar müalicə edir. Nevropatoloqların müəyyən dərman preparatları ilə müalicəsindən sonra psixoloqa müraciət etmək daha düzgündür. Bundan sonra xəstənin müalicəsini psixoloqla nevropatoloq paralel aparmalıdır. Psixoloq bir qədər yardım göstərsə də, bu xəstəliyin tam müalicəsinə nail ola bilmir. Ümumiyyətlə, yüngül aşkarlanan yuxuda danışma hallarını insan özü bəzi tədbirlər alaraq tərgidə bilər. Siqaret və alkoqollu içkilər qəbul edən insanlar alkoqoldan uzaqlaşmalı, axşam mümkündürsə, 7-dən sonra siqaret çəkməməlidirlər. Yatmazdan əvvəl ilıq suya bir-iki damcı efir yağı töküb, əl-üzünü yumaq, sonra eyvana çıxıb, 15 dəqiqə təmiz hava almaq, yataq otağının gecə isti olmamasına çalışmaq da lazımdır. Çünki gecə yataq otağının isti olması da çox danışmağa səbəb ola bilər".
Somnambulizmə bütün yaş qrupunda olan insanlarda rast gəlmək mümkündür. Ancaq bu hal daha çox azyaşlı uşaqlarda aşkar edilir. Daha çox doğuş zamanı travma keçirən uşaqlarda somnambulizm xəstəliyi olur. Yuxuda danışma hallarının ciddi nevrofizioloji əsasları var. Somnambulizm epilepsiya və nevroz kimi xəstəliklərdən əmələ gəlir və bunlara qarşı tibbi yollarla müalicə aparılmadıqda xəstəlik daha da irəliləyir. Nəticədə insanda yaddaş pozğunluğu halları olur.
Nevropatoloq bildirir ki, yuxunun həddindən artıq bölünmüş olması, insanların yuxuda danışmasına səbəb ola bilir. Bu vəziyyət adamın yuxuda danışma ehtimalını artıran bir vəziyyətdir. Yuxunun tez bölünməsinə gətirib çıxaran səbəblər isə çoxdur. Xüsusilə sıxıntılı vəziyyətlər, psixoloji problemlər və gün ərzində həddindən artıq yorğunluq, stress yuxunun narahat olmasına səbəb olur. Gün ərzində gərgin tempdə işləyən, həddindən artıq stresə girən insanlar digərləri ilə müqayisədə yuxuda daha tez-tez danışırlar. Xüsusilə depressiv narahatlığı, işlə bağlı qorxusu olanlar da gün boyu yaşadıqlarını yuxuda danışmağa meylli olurlar. Çünki onlar yatsalar belə beyin aktiv olaraq işləyir, dincəlmir. Yuxuda danışmağın bir başqa səbəbi isə həddindən artıq yuxusuz qalmaqdır: "Yuxuda danışan birini oyandırmaq yaxşı olmaz. Bu, onların diksinməsinə, qorxmasına, utanıb özünü daha gərgin hiss etməsinə səbəb olar. Yuxuda danışan, səs edən insanları daha da danışdırmaq yerinə hər dediklərinə "hə" deyib onları sakitləşdirmək, daha dərin yatmasına kömək etmək lazımdır".
Yuxuda danışmaq problemi ilə bütün insanlar qarşılaşa bilər. 3-10 yaş arasında olan uşaqların yuxuda danışması ciddi narahatlıq sayılmır. Mütəxəssislər bu nəticəyə gəlib ki, hər 10 uşaqdandan 1-də həftədə 3-4 dəfə yuxuda danışma halı qeydə alına bilir. Yuxusunda danışan qızların sayı oğlanlardan daha çoxdur və mütəxəssislər yuxuda danışmanın ailədən gələn bir vəziyyət olduğu fikrindədirlər. Onlar belə hesab edir ki, yatmazdan əvvəl gün ərzində baş verənləri kağıza yazmaq da yuxuda danışmağı əngəlləyə bilər.
İstənilən halda yuxuda danışmaq halı durmadan artırsa, söhbət uzanır, səs tonu yüksəlirsə mütləq nevropatoloqa müraciət etmək lazımdır. Çünki belə danışıqlar gündəlik stress və ya yorğunluqla bağlı olmur və müalicə tələb edir.