Qadin.NET / Xəstəlik: heç nə gördüyümüz kimi deyil

Xəstəlik: heç nə gördüyümüz kimi deyil

 


Əslində dünyada heç bir şey gördüyümüz, bildiyimiz, öyrəndiyimiz kimi deyil. Hara gedəsən? Kimə inanasan? Hamı özü üçün yaşayır. Hər yerdə kameralar quraşdırıblar, bizi izləyirlər. Telefon əlaqələrimiz, mesajlarımız, heç bir şey güvənli deyil. Ən gizli danışıqlarımız, ən məhrəm söhbətlərimiz nə gizlidir, nə də məhrəm. Dostlarımız da üzdə dostdurlar, yaxşı günün dostları. Sabah başımıza bir iş gəlsə, onlardan da, heç kimdən də xeyir yoxdur. Öz ailən də hər an səni arxandan vura bilər...

 
Yuxarıdakı sətirlərin ya bir hissəsini, yaxud da hamısını gündəlik həyatda çox eşidirik (ya da deyirik), elə deyilmi? Əslində isə bu ifadələr bir xəstəliyin əlamətləridir: Paranoyya.
 
Paranoyya sözü fransızcadır; mənası şişirdilmiş qürur, inamsızlıq, güvənsizliklə müəyyənləşən bir ruh xəstəliyi deməkdir. Bu xəstəliyin ən spesifik xüsusiyyəti isə təəssüf ki, gec fərqinə varılmasıdır. Buna görə də müalicəsi olduqca çətin və uzunmüddətli olur.
 
Xüsusilə hazırkı cəmiyyətimizin bu xəstəlikdən - bilərək və ya bilməyərək - əziyyət çəkdiyini deyə bilərik. İnsanlar arasındakı güvən duyğusunun minimuma endiyi, “birdən məni aldadar”, “nə marağı var ki?”, “niyə mənə durduğum yerdə kömək etsin ki?” şəklindəki ifadələrin artdığı, bunun nəticəsində də, belə demək mümkünsə, hər kəsin özü üçün yaşadığı bir dünyada ömür sürmək, yəqin ki, zülmdür.
 
Nə oldu bizim cəmiyyətimizə? Niyə bir-birimizə güvənimiz bu qədər sarsıldı? Niyə belə sürətlə dəyişdik?
 
Deyəcəksiniz ki, neyləyək, güvənirik, aldanırıq. Unutmayın, tarixin hər dövründə insanın yaxşısı da olub, pisi də. Hər insan öz xarakterini nümayiş etdirir. Kimin davranışı başqalarının münasibətinə görə müəyyənləşirsə, o öz xarakterinə bir daha nəzər salmalıdır.
 
Paranoyya xəstəliyinin zərərlərinin bir qismini aşağıdakı kimi sıralaya bilərik:
 
1) Bu xəstəliyə tutulan, yəni yersiz və səbəbsiz başqalarından şübhələnən, heç kimə inamı qalmadığını tez-tez təkrar edən, hər addımbaşı insanları günahlandıran şəxs heç vaxt xoşbəxt ola, xoşbəxtliyi həqiqi mənada iç dünyasında duya bilməz. Çünki yalnız gözəl görən gözəl düşünər. Gözəl düşünən də həyatından ləzzət alar.
 
2) Xarici dünyadan yavaş-yavaş tamamilə təcrid olunmaq, tək qalmaq, bu xəstəliyin ən acınacaqlı səbəblərindən biri olaraq qeyd edilə bilər.
 
3) Müxtəlif əsəb xəstəliklərinin, habelə başqa daxili xəstəliklərin meydana çıxmasına güclü zəmin təşkil edir.
 
4) Mənfi mənada insanın özünü diqqət mərkəzinə çəkir, mənfi qürur meydana gətirir. Əslində insan yalnız özündən razı olduğu üçün başqalarından razı olmur və bunun tərsi də doğrudur.
 
5) Əlbəttə, ətrafının zərərli olduğu hissini daşıyan insan o ətrafdan, yəni, demək olar ki, bütün insanlardan bir növ qisas almaq istəyir. Xəstəliyin irəliləyən zamanlarında cinayətlərə qədər aparan “insanlara nifrət” hissi güclənməyə başlayır (buna qısqanclıq, haqsızlıq kimi paranoyya növləri misal göstərilə bilər).
 
6) Başqalarının gizli, məhrəm hallarını araşdırmaq artıq adi hala çevrilir. Halbuki Müqəddəs Kitabımız başda olmaqla, bütün əxlaq qanunları bunu insanlara qadağan etmişdir: “Ey iman gətirənlər!.. (Bir-birinizin eybini, sirrini) arayıb-axtarmayın, bir-birinizin qeybətini qırmayın!..” (Hucurat surəsi, 49/12).
 
7) Paranoyya xəstəsi bir insan davamlı ətrafına mənfi enerji verdiyi üçün insanlar onun yanında olmaq, onunla söhbət etmək, dostluq qurmaq istəməzlər. Sui-zənn, yəni başqaları haqqında mənfi düşünmək düzgün deyil. Allah: “Ey iman gətirənlər! Çox zənn-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır...” (Hucurat surəsi, 49/12) deyə buyurur. Ancaq bunu da qeyd edək ki, başqalarını sui-zənnə sövq etmək də sui-zənn qədər günahdır. Ona görə də birinci növbədə sui-zənn etməməli; mənfi gördüyümüz və ya eşitdiyimiz şeylər varsa da, əgər faydalıdırsa, araşdırmalı; eyni zamanda başqalarının haqqımızda sui-zənn etmə ehtimalını unutmamalı; hətta sui-zənnə səbəb ola biləcək hərəkətlərimizi izah etməliyik. Əks halda, ya özümüz paranoyya xəstəliyinə tutulacağıq, yaxud da başqalarına bu xəstəliyə gedən bir yol açmış olacağıq.
 
Və sual... Bu yazının sonunda özünüzdən soruşun: “Məndə paranoyya xəstəliyinin əlaməti var.
Mənbə:Milli.Az

 

27 aprel 2014
GO BACK