Müasir dövrdə qlaukoma bərpa olunmaz korluğun əsas səbəblərindən biri hesab olunur. Göz xəstəlikləri arasında ən çox qlakomalı xəstələr üstünlük təşkil edir. Tibdə baş verən inkişafa rəğmən xroniki proqressivləşən qlaukomanın müalicəsi mümkün deyil. Xəstəliyin kəskinləşməsinin dayandırılması - gözdaxili təzyiqin normal saxlanması və görmə qüsurlarının artmamasına nail olmaq cüzi də olsa, uğur sayıla bilər.
“Qara su”
Həkim-oftalmoloq Kəmalə Abbasova Milli.Az-a deyir ki, qlaukoma yunanca “qlaukos” sözündən götürülüb mənası yaşıl deməkdir. Xəstəlik el arasında “qara su” kimi tanınsa da, kəskin qlaukoma tutması zamanı gözlərin rəngi yaşıl rəngə çalır. Ağır və təhlükəli olan xəstəliyə, əsasən, şimal və cənub ölkələrdə yaşayan əhali arasında sıx rastlanılır. Qlaukoma zamanı göz daxili təzyiqin artması nəticəsində görmə siniri atrofiyalaşır və görmə funksiyaları pozulur. Məhz təzyiqin gözdə qan dövranını pozması nəticəsində korluq yaranır. Bu zaman göz daxili mayenin mübadiləsində pozulma baş verir. Gözdə fasiləsiz olaraq göz toxumalarının normal qidalanması üçün vacib olan mayelər mübadiləsi gedir. Mayelər qidalı maddələr və oksigen əmələ gətirərək gözdən işlənmiş mübadilə məhsullarını xaric edirlər. Gözün ön və arxa kameralarını dolduran, şüşəvari cismi qidalandıran gözdaxili maye, əsasən, kiprikli nahiyyədə hasil olunur. Az da olsa, bu funksiyanı qüzeyli qişa da yerinə yetirir. Göz daxili mayenin sutka ərzində dəyişmələri 4-5 milliqramdan artıq olmamalıdır. Əgər, bu göstərici 5 mm-dən artıq olarsa, potoloji hal sayıla bilər.
Gizlənən bəla
Həkimin sözlərinə görə, xəstəlik, əsasən, 40 yaşdan sonra özünü büruzə verir. İllər ərzində görmə sinirini zədələyərək proqressivləşən xəstəlik görmə qabiliyyətinin itirilməsi ilə nəticələnir. Bu səbəbdən xəstəliyin erkən aşkarlanması və müalicəsi çox önəmlidir. Əks təqdirdə korluq qaçılmazdır. Əksər hallarda xəstəlik gizli gedir və pasient gözlərində nə baş verdiyini anlamır və inkişaf edən xəstəlik gözün görmə radiusunu daraldır. Bu hal bir neçə il ərzində davam edə bilər. Bəzi hallarda xəstə şəxs təsadüf nəticəsində gözünün yalnız birinin gördüyünü və ya görüntünün bulanıq olduğunun fərqinə varır. Xəstəliyin ilkin əlaməti gözdə və başın ənsə nahiyyəsində olan ağrı ilə başlayır. Gözlər qızarır, göz qapaqları şişir, bəbəklər böyüyür və görmədə problem yaranır. Həmçinin qusma və orqanizmdə ümumi zəiflik baş verir. Qlaukomaya səbəb ola biləcək digər amillərdən bir neçəsi isə göz yanıqları, yaralanmaları, gözdə şiş, həmçinin aparılan cərrahi əməliyyatlar, şəkər xəstəliyi, aşağı və yuxarı qan təzyiqi və miqrendir.
Müalicə metodları
Oftalmoloq bildirib ki, xəstəliyin müalicəsi 3 metodla aparılır. Müalicədə dərman vasitəsi ilə yanaşı, lazer və cərrahi üsuldan da istifadə olunur. Buna isə xəstəliyin gedişatı nəzərə alınaraq yalnız oftolmoloq qərar verə bilər. Ümumilikdə isə qlaukomanın müalicəsi dərman pereparatları, əsasən də göz damcıları vasitəsi ilə həyata keçirilir. Özünü müalicə etmək və ya dərman müalicəsinin həkim məsləhəti olmadan kəsilməsi ağır fəsadlara səbəb ola bilər. Vaxtında aşkar olunaraq fasiləsiz və düzgün müalicə xəstəliyin kəskinləşməsini uzun müddət təxirə salır, pasiyentin həyat fəaliyyətini və iş qabiliyyətini saxlamağa kömək edir. Ancaq bu tip xəstələrə ağır fiziki işlə məşğul olmaq, başı aşağı vəziyyətdə uzun müddət işləmək, alkoqoldan və nikotindən istifadə etmək qadağandır.
Üç tipli qlaukoma
K.Abbasovanın dediyinə görə, qlaukomanın 3 əsas tipi var - birincili, ikincili və anadangəlmə. Həm birincili həm də ikincili qlaukoma ömür boyu göz daxili maye axınının pozulmasına gətirib çıxaran dəyişikliklərin fonunda baş verir. Birincili qlaukomada görmə siniri diskinin (qlakomatoz), göz daxili mayenin ön axın yollarının, torlu qişa və görmə sinirində pozğunluqların inkişafı ilə müşayət olunan, göz daxili təzyiqin yüksəlməsinə səbəb olan xroniki proses yaranır: “Birincili qlaukomanın erkən müayinəsi xüsusi əhəmiyyətə malikdir. Xəstəliyə pasientin şikayətlərinə, xəstəliyin anamnezinə, klinik gedişinə, görmə funksiyalarına, əsasən də göz bəbəyinin müayinəsinin nəticələrinə və göz daxili təzyiqin vəziyyəti nəzərə alınaraq diaqnoz qoyulur. Müayinə isə tonometriya və tonoqrafiya vasitəsi ilə aparılır. Bu cihazların köməyi ilə göz daxili təzyiq və xəstəliyin səviyyəsi ölcülür”.
İkincili qlaukoma
Həkim-oftalmoloq vurğulayıb ki, göz alması toxumalarında baş verən bir çox patoloji proseslər gözün hidrostatika (mayenin gözə təzyiqi) və hidrodinamik təzyiqini pozaraq ikincili qlaukomanın yaramnasına səbəb olur. Bu hal iltihabi xəstəliklərdə, tarvmalarda, göz billurunun patalogiyalarında baş verə bilər. İkincili qlaukoma daha çox gözün üveal traktında (mərkəzi hissəsi) iltihabi proseslərdən sonra baş verir. İkincili qlaukomada göz daxili maye axınının ön və arxa yolları zədələnir. Bu tip qlaukomanın erkən diaqnostikası çox zaman çətindir. Belə ki, xəstəliyin gedişatı əksər hallarda ikincili qlaukomanın başlanğıc əlamətlərini kölgədə qoyur. Buna görə də çox zaman gecikmiş diaqnostiya rast gəlinir. Nəticədə gözün görmə-sinir mərkəzinin geriyədönməz dəyişiklikləri müşahidə olunur. Bu tip qlaukomanın müalicəsi çox zaman oftalmoloqlar üçün çətinlik yaradır. İkincili qlaukomanın gedişatı birinciyə nisbətən daha ağırdır.
Xəstəliyin kəskin dövründə xəstələrə 0,1 faizli adrenalin hidroxlorid tərkibli göz damcısı təyin olunur və gözə gündə 1-2 dəfə damcı tökülərək tampon qoyulur.
Anadangəlmə qlaukoma
K.Abbasovanın sözlərinə əsasən, cəmiyyətdə anadangəlmə qlaukomaya nisbətən daha az təsadüf olunur və göz patalogiyalarının çox az faizini təşkil edir. Bununla belə bu tip qlaukoma da korluğa səbəb olur. Xəstəlik hər iki gözdə ola bilər. Bu hala qadınlara nisbətən kişilərdə daha çox rast gəlinir. Xəstəliyə hətta 6-12 aylıq uşaqlar arasında da təsadüf edilir.
Anadangəlmə qlaukomanın yaranmasının ən əsas səbəblərindən biri irsi amildir. Bu zaman həm göz almasına aid həm də bütün orqanizmdə müxtəlif anomaliyalar aşkarlanır. Ancaq əksər hallarda xəstəliyin yaranması müxtəlif patalogiyalar nəticəsində dölün bətndaxili inkişafı zamanı baş verir. Onlar arasında qızılca, məxmərək, qrip, toksoplazma, hipoksiya və endokrin pozğunluqlar xüsusi rol oynayır.
Anadangəlmə qlaukomalı uşaqlar böyük gözləri ilə diqqəti cəlb edirlər. “Bu gözəllik” yüksəlmiş göz daxili təzyiqi ilə dartılmış buynuz qişa ölçülərinin böyüməsi ilə əlaqədardır. Gözün müalicəsi nəticəsində buynuz qişada yığılmış ödem meydana çıxır, eyni zamanda gözdə qamaşma, yaşaxma və göz almasının durğunluğu özünü biruzə verir. Gözdə olan ağrılar səbəbindən uşaq özünü narahat hiss edir, pis yatır, az yeyir və iştahsız olur. Xəstəlik inkişaf etdikcə buynuz qişa dartılmaqda davam edir və onun ufiqi diametri durmadan böyüyür. Nəticədə dessemet təbəqəsində çoxlu sayda çatların yaranmasına səbəb olur. Gözün gərilməsi prosesi onun bütün strukturunu əhatə edir - sklera nazilir, mavi çalar alır (damarlı qişa görünür), gözün limb nahiyəsi çox genəlir. Eyni zamanda qüzehli qişada atrofik proseslər inkişaf edir, bəbək genəlir və işığa ləng reaksiya verir. Billurun ölçüləri adətən normal, lakin yastılaşmış olur və arxaya çəkilir. Göz almasının ölçüləri həddindən artıq böyüdükdə dartılmış və nazilmiş kiprik bağlarının qırılması baş verə bilər. Bu da billurun çıxığı və yarım çıxığı ilə nəticələnir. Xəstəliyin şiddətli mərhələsində ağırlaşmış katarakta, yəni billur bulanıqlığı yaranır.
Zəhra
Mənbə:Milli.Az