Göyçay fermerlərinin əsas gəlir mənbəyi olan tərəvəzçilik bu il onlara külli miqdarda maddi ziyan vurub.
Milli.Az El Tv-yə istinadən bildirir ki, fermerlər hər il olduğu kimi bu ilin yanvarında pomidor toxumlarını mağazadan alaraq yetişdiriblər. Martın əvvəlində pomidor şitillərini torpağa köçürüblər. İki ay ərzində edilən qulluq isə nəticəsiz olub. Hazırda pomidor məhsulu inkişafdan qalıb. Xırda-xırda olan pomidorlar vaxtından əvvəl tələf olur. Fermerlərin sözlərinə görə, iki ay ərzində yetişdirilən bu bitkinin hər birinin üzərində hazırda çəkisi 300-500 qram olan pomidorlar olmalıdırsa, hazırkı pomidorların 50-60 qram çəkisi var. Min bir əziyyətlə yetişdirdikləri məhsulun tələf olmaması üçün müxtəlif üsullardan istifadə edən fermerlər carəsiz qalıblar.
Hazırda Göyçayda işbazların satdığı saxta toxumu alaraq əziyyətinin bəhrəsini görə bilməyən yüzlərlə fermer var. Rayonun bütün kəndlərində əhali hər il pomidorun “Belbelina” sortunun əkilməsinə üstünlük verirdi. Bu il bu pomidor sortunun saxta toxumları fermerlərə yüz minlərlə manat maddi ziyan vurub. Bu isə rayonda faraş tərəvəzçilik sahəsində məhsuldarlığın çox aşağı olacağına gətirib çıxaracaq. Qeyd edək ki, mayın əvvəlində istixanalarda pomidor yığımına başlanılmalı olduğu halda, bu, il bu mümkün olmayacaq.