İsrailin Neşer şəhərində "Azərbaycan - tolerantlıq məkanı" adlı fotosərgi açılıb
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, sərgi Heydər Əliyev Fondu və Milli Tolerantlıq Mərkəzinin dəstəyi ilə, "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyası (Azİz) tərəfindən təşkil olunub.
Ölkənin şimalında, Hayfa şəhəri yaxınlığında yerləşən Neşerdə Azərbaycan mənşəli cəmi 150 nəfər var. Azİz rəhbərliyi məqsədli şəkildə bu fotosərgi üçün digər yerlərdən gəlmiş yəhudi icmalarının sayca çox olduğu şəhərləri seçir. Təşkilatın nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman hesab edir ki, Azərbaycandan gedənlər üçün buradakı tolerantlıq haqqında danışmağa ehtiyac yoxdur. "Biz bu həqiqətləri əsasən bilməyənlərin diqqətinə çatdırmaq niyyətindəyik. Son illərin müşahidəsi göstərir ki, bir çoxları məhz bizim təşkil etdiyimiz elmi, mədəni tədbirlərdən sonra Azərbaycanı kəşf edirlər. Neşerdəki sərgi də maraqla qarşılanıb. Ziyarətçilər Azərbaycanda əsrlərdən bəri mövcud olan məscid, kilsə və sinaqoq rəsmlərinə maraqla baxıblar.
Fotosərginin açılışında İsrailin miqrasiya naziri, Azərbaycandan getmiş Emin Çaykovski, Neşerdən olan millət vəkili Qeorqi Qerşkoviç və digəriləri çıxış ediblər. Daha sonra iştirakçılara "Azərbaycan - israilli jurnalistlərin gözü ilə" sənədli filmi nümayiş etdirilib və tədbir qafqazlı musiqiçilərin ifasında kiçik konsert proqramı ilə yekunlaşıb.