Qadin.NET / Qafqazın "Barselona"sı: axı niyə məhz o?

Qafqazın "Barselona"sı: axı niyə məhz o?

 

Milli.Az sizə bu gün "Qarabağ" futbol klubu, onun uğurları haqda danışır...
"Qarabağ" futbol klubunun adı onun adındakı mənanı açıq şəkildə büruzə etməyə bəs edir. 1987-ci ildən bu ad ilə yaranan klub indiyə kimi öz əzəmətini qoruyub saxlayıb. "Qarabağ" klubu bir növ "qızıl dövrü"nü yaşayır da demək olar. Çünki son bir neçə il ərzində bu klubun oyunu göz oxşayır. Əbəs yerə "Qarabağ"a "Qafqazın "Barselona"sı" demirlər. Ölkə çempionatını 1 dəfə (1993-cü il) qazanan klub, bu mövsüm uzun müddətdən sonra aktivinə ikinci çempionluğu əlavə etməyə çox yaxındır. Demək olar, Qurbanovun yetirmələri 98% işin öhdəsindən gəliblər. Cari mövsüm ərzində 4 dəfə məğlub olaraq rekord nəticə əldə edən "Qarabağ", həm də Avropada öz qapısında ən az qol (16 qol) görən klub adını daşımaqdadır. Bu əla göstəricidir. Təsadüfü hal deyil ki, bombardirlər cədvəlində də ilk pilləni (19 qol) bu klubun ən yaxşı "snayper"i Reynaldo tutur.
"Qarabağ" avrokuboklarda
2009/10 mövsümündə aktiv çıxış etməyə başladı. Ard-arda 2 güclü rəqibi təsnifat mərhələsindən uzaqlaşdırdıqdan sonra "Tvente" qarşısında tab gətirə bilmədi və məğlub oldu. Ardıcıl olaraq növbəti 2 il ərzində isə "Brügge" və "Ayntraxt"a məğlub olaraq qrup mərhələsinin 1 addımlığında "Avropa xülyası" sona çatdı. Bu il "Qarabağ"dan hər kəs qrup mərhələsinə düşməyini gözləyir. Niyə də olmasın?! Ardıcıl 3 dəfə play-off-da məğlub olubsa, bunu bacarıbsa, deməli, onun da öhdəsindən gələr. Ancaq bu klubun heç bəxti gətirmir. Nə ölkə çempionatında, nə də ki Avropada. Həmişə bir addım qalmış büdrəyir. Ancaq “Qarabağ” vuruşaraq, mübarizə apararaq qrup mərhələsinə düşməyə layiq olduğunu sübut etdi. Və öz potensialından bir baş üstün oynamaqla Azərbaycan klubunun da Avropanın adlı-sanlı komandaları ilə mübarizə apara biləcəyini ortaya qoydu. Deyəsən, bu mövsüm tilsimi qıracaqlar. Həm ölkə çempionu olacaqlar, həm də Avropada qrup mərhələsinə düşəcəklər.
 
"Qafqazın "Barselona"sı"
 
"Qarabağ" Kataloniya klubu olan "Barselona"nın oyun stilini mənimsəyərək ondan çox gözəl şəkildə istifadə edir. Hətta onlara "Qafqazın "Barselona"sı" adını da veriblər. Qurbanov da açıqlamalarında oyun üslubunu "Barselona"ya oxşatmağa çalışdıqlarını gizlətməyib. Qurban Qurbanov "Barselona"ya gedib orada onların məşqləri ilə yaxından tanış olduqdan sonra bu tip oyun üslubunu öz klubunda daha da formalaşdırmağa başlayıb. Və etiraf etmək lazımdır ki, bu onlarda çox yaxşı alınır.
 
Qurban Qurbanov əfsanəsi
 
Qurban Qurbanov Azərbaycanın futbol tarixində adını qızıl hərflərlə yazdırmış futbolçu olub. Bəli, Qurban Qurbanovun bir məşqçi kimi Azərbaycan futboluna xidmətləri onun toxunulmazlıq hüququ olduğuna sübutdur. O, "Qarabağ"ın baş məşqçi postuna gələndə, çox təzyiqlər ilə qarşılaşdı, dəfələrlə "istefa" şüarları ilə qarşı-qarşıya gəldi. Amma Qurbanov bu klubu özü kimi əzmkar etməyi bacardı. Sanki "Qarabağ" döyüşə çıxan bir ordu, Qurbanov isə onun komandiridir. Bu məşqçi klubu sıfırdan yığaraq adından Avropada söz etdirən kluba çevirdi. Onun "Qarabağ"dakı zəhmətləri danılmazdır.

Reynaldo faktoru
 
"Qarabağ"ın ulduzu Reynaldo Dos Santosun bu il ulduzu parladı. O, "Qarabağ" üçün çox uğurlu transfer oldu. Ortaya qoyduğu performans və göstərdiyi oyun çempionluq yarışında "Qarabağ"ı rəqiblərindən bir pillə önə düşməkdə əsas pay sahiblərindən biri, bəlkə də birincisidir... Qeyd etdiyimiz kimi, bombardirlər cədvəlində 1-ci pillədə qərar tutub. Bunun məntiqi nəticəsi kimi, Roberto Karlosun baş məşqçilik etdiyi Türkiyənin ortabab klublarından sayılan "Sivasspor" Reynaldonun transferi üçün 1 milyon avroluq təklif göndərməyə hazırlaşır. Bu futbolçunun gələcəyinin çox parlaq olması danılmaz faktdır.
 
Yekun...
 
Uzun sözün qısası, "Qarabağ" yalnız Azərbaycan futbolu üçün mübarizə aparmır, onlar Ağdama görə, Azərbaycana edilən haqsızlıqlara görə mübarizə aparırlar. "Axı "Qarabağ" niyə ölkə çempionu olmalıdır?!" sualına yuxarıdakı bəndlərdə açıqlamalar gətirildi.
"Qarabağ" futbol klubu Azərbaycanın fəxridir.
 
Niyaməddin Şirinov
Mənbə:Milli.Az

 

26 aprel 2014
GO BACK