Qadin.NET / Onlar bir zamanlar sinələrdə parlardı...

Onlar bir zamanlar sinələrdə parlardı...

 

 

Bir o qədər də uzaq olmayan yaxın keçmişdə - Sovet dönəmində insanlara müxtəlif sahələrdəki xidmətlərinə görə verilən orden və medalların əksəriyyəti günümüzdə özünün həm mənəvi, həm də maddi dəyərini itirib.
 
Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, bir zamanlar insanların böyük fədakarlıq və zəhmətlər hesabına əldə etdiyi mükafatlar indi ancaq kolleksiyaçıların diqqətini cəlb edir. Yəqin elə bu səbəbdən də onlar artıq satışa çıxarılır.
 
Demək olar ki, hər bir şəhərdə köhnə, nadir tapılan tarixi əşyalar satan mağazalara rast gəlmək mümkündür. Gəncədə də belə mağazalar mövcuddur. Bu mağazalarda tarixin müxtəlif zamanlarına aid müxtəlif növ əşyalar əldə etmək mümkündür. Xüsusən də bu işin kolleksiyaçıları üçün. Lakin satılan əşyalar arasında elələri var ki, onların mənəvi dəyəri satış qiymətindən çox yüksəkdir. Söhbət həmin mağazalarda satılan keçmiş sovet dönəminə aid medallardan gedir. O medallar ki, vaxtilə həmin medallara layiq görülmək üçün insanlar çox böyük əmək sərf edib, şücayət göstəriblər. Ancaq bu gün həmin medallar müxtəlif insanlar tərəfindən adi bir əşya kimi kolleksiyaçılara satılır.
 
Yusif Məmmədov- Gəncə şəhər Veteranlar Şurasının sədri: “Biz veteranlar həmin medal və ordenləri həmişə qiymətli tutmuşuq. Lakin həmin medallara layiq görülən insanların övladları həmin medal və ordenləri əziz tutsalar həmin medallar bazarlarda, bəzi yerlərdə satışa çıxarılmazdı və həmin medallar əşya kimi istifadə edilməzdi”.
 
Qeyd edək ki, medallar arasında əməyə görə, Böyük Vətən müharibəsində iştiraka görə, qəhrəman analara verilən medallar var. Bir zamanlar bu medallar adıçəkilən sahələrdə böyük qəhrəmanlıq göstərən insanların sinəsində dayanırdısa, bu gün sadəcə bəzəkli bir metal parçası kimi vitrinlərə asılıb. Ancaq daha yaxşı olardı ki, əsl sahibləri kimi, onların övladları da min bir əziyyət hesabına qazanılan bu mükafatların dəyərini bilsin və onları qorusun. Ən azı medal sahiblərinə ehtiram xatirinə...
Vaxtı ilə bu medalları əldə etmək üçün insanlar böyük qəhrəmanlıq və şücayət göstərirdilər. Lakin bu gün bu medalları əldə etmək olduqca asandır. Belə ki, artıq bu medallar ucuz bir əşya kimi şəxsi kolleksiyaçılara dəyərindən olduqca qat-qat aşağı qiymətə satılır.
Mənbə:Milli.Az

 

26 aprel 2014
GO BACK