"Övlad edilmiş uşaq sizə doğma ola bilər. Ailənizə uşaq götürün!"
Belə bir çağırışı televiziyada yayılan sosial reklamda edirlər.
Hərtərəfli inkişaf üçün istənilən uşağa ailə, onu sevən valideyinlər və ev rahatlığı lazımdır. Hər bir uşağın buna haqqı çatır. Öz övladını sevmək təbiidir və heç bir cəsurluq tələb etmir. Ancaq övladlığa götürmək, bu, artıq böyük ürək tələb edir.
Azərbaycanda əsas iki prinsip əsasında uşaq götürürlər. Birincisi müxtəlif səbəblərdən ailədə uşaq olmadıqda, ikincisi isə valideyin qayğısından məhrum olunmuş uşağa yardım etmək məqsədi ilə övladlığa götürülmədir.
Bəs siz övladlığa uşaq götürərdinizmi? Hansı hallarda bu cür addım atmağa hazırsınız?
Milli.Az xəbər verir ki, Day.Az saytı qeyd edilən məsələ ilə bağlı tanınmış aktyor Bəhram Bağırzadənin fikirlərini öyrənməyə çalışıb.
"Bir çox ailələrin uşaq evindən övladlığa uşaq götürmələrinə yaxşı baxıram. Hər bir uşağa ailə lazımdır. Əgər valideynləri onları atıbsa, onların günahları yoxdur axı. Valideynlərdə səbəblər fərqli olur, ancaq mən düşünürəm ki, nə olursa olsun, onlar övladlarını atmamalıdırlar. Uşaq yalnız atasının və anasının yanında özünü güvənli hiss edir. Mənim üç övladım var. Əgər mənim qazancım dördücü uşağı da saxlamağa imkan versəydi, mütləq uşaq övladlığa götürərdim. Təəssüf ki, qazancım ona yetmir. Məni yalnız bu dayandırır", - B.Bağırzadə qeyd edib.
Bəs siz bu barədə nə düşünürsünüz, əziz oxucular?