Qadin.NET / Mirvari, gözdə axan şəlalə

Mirvari, gözdə axan şəlalə

 

 

Büllur və onun kapsulunun istənilən formada bulanması katarakta ilə nəticələnir. “Katarak”ta yunan sözü olub şəlalə deməkdir. Bu, gözdə büllur və qüzehli qişa arasında yuxarıdan aşağıya doğru şəlalə kimi enən tutqun boz pərdəyə bənzər olması ilə bağlıdır. Xəstəliyin son həddində gözün rəngi mirvariyə oxşadığından, xalq arasında kataraktaya "Mirvari suyu" da deyilir.
Bulantı
Həkim-oftalmoloq Kəmalə Abbasova deyir ki, normada olmayan müəyyən ingrediyentlərin daxil olması və ya lazımi maddələrin çatışmaması nəticəsində göz daxili mayenin tərkibinin dəyişməsi büllur epitel hüceyrələri və liflərində mübadilə pozğunluğuna səbəb olur. Epitel hüceyrələrində baş verən istənilən mübadilə pozğunluqları nəticəsində büllur lifləri şişir, bulanır və parçalanır. Göz bəbəyinin arxasında yerləşən büllur buynuz qişadan (kornea) gözə düşən şüaları sındıraraq beyinə ötürür. Büllurun bulanması nəticəsində isə şüa göz dibinə çatmır və göz görmə qabiliyyətini itirir. Əksər hallarda bulanma tədricən, 3-5 il ərzində yaranır. Bəzən isə büllur bulandıqdan bir-iki ay sonra xəstə görmə qabiliyyətindən məhrum olur: “Xəstəliyin əsas əlamətlərindən - göz önündə sanki duman və sisin olması, uzaq və ya yaxını görməmək, qaraltılı və ləkəli görmə, görüntünün sarı rəng alması, rəng çalarlarını çətin fərqləndirmək kimi problemləri səbəb göstərmək olar”.
Anadangəlmə və qazanılma
Həkimin sözlərinə görə, katarakta anadangəlmə və qazanılma olmaqla iki qrupa bölünür: “Anadanadangəlmə kataraktalara tez-tez gözün digər inkişaf qüsurları ilə birgə rast gəlinir. İrsi xarakter daşıyan bu problem, həmçinin bətndaxili inkişaf patalogiyası nəticəsində ola bilər. Anadangəlmə kataraktalar çox zaman ikitərəfli olur, ancaq büllurun birtərəfli bulanması da müşahidə edilir”.

Növləri
K.Abbasova kataraktanın bir neçə növ olduğunu söyləyərək bunların necə baş verdiyini də izah edib:
Ön və arxa qütb kataraktası - ağ kəskin sərhədli ləkə şəklində büllurun arxa tərəfində olur. Bu katarakta kiçik ölçüləri səbəbiylə görməni azaltmır. Ona görə də müalicə tələb olunmur.
Qatlı nüvəətrafı katarakta - uşaqlarda kataraktanın ən çox rast gəlinən formasıdır. Bu zaman büllurun şəffaf periferik (göz çevrəsi) ön və arxa qatları ilə mərkəzi arasında bir neçə bulanmış təbəqə olur. Yalnız bəbək genəldikdə bülluru müayinə etməklə bu tip kataraktanı müəyyən etmək mümkündür.
Tac kataraktasında - büllurun periferiyası boyunca müxtəlif, ağ, boz, göy rəngli damcı şəkilli ləkələr müşahidə edilir. İşıq düşdüyü zaman isə göz mavi rəngdə görünür.
Mərkəzi kataraktada - büllurun mərkəzində diametri təxminən 2 mm olan dairəvi bulanma olur. Gözün nüvəsində mikroskopik olaraq büllur liflərinin degenerasiyası və parçalanması baş verir.
İyvari katarakta - mərkəzi kataraktaya oxşar olub, büllurun bir qütbündən digər qütbünə çəkilmiş tutqun, nazik şəkilli olur. Bu növ katarakta görmə problemi yaratmır. Ancaq bəzən mərkəzdə yerləşmiş bulanmada bəbək daraldığı üçün xəstədə pis görmə ola bilər.
Tam yumşaq kataraktada - büllur tamamilə bulanmış olduğu üçün bəbək nahiyəsi boz rəngdə olur. Büllur əvvəlcə durulaşaraq sonradan tədricən sorulur. Nəticədə üzərində ağ, sarımtıl nöqtələr və xətlər olan pərdəşəkilli kataraktka əmələ gəlir. Belə xəstələrdə çox vaxt kiçik göz, çəpgözlük və nistaqm müşahidə edilir.
Yeganə vasitə, əməliyyat
Oftalmoliq bildirib ki, anadangəlmə (irsi) ön-arxa qütb kataraktalarında, həmçinin inkişaf etmiş travmatik və şüa kataraktasında katarakta əleyhinə preparatlar effektiv olmur. Dərman müalicəsi yalnız büllurun başlanğıc bulanmalarında yəni başlanğıc kataraktalarda özünü doğruldsa da, ümumiyyətlə, kataraktadan qurtulmanın yeganə yolu yalnız cərrahi üsulladır. Bu bulanmış büllurun xaric olunması və ya kataraktanın ekstraksiyası əməliyyatıdır. Kataraktanın xaric olunma əməliyyatına onun yetişmə dərəcəsi ilə yox daha çox hər iki gözün görmə funksiyalarının vəziyyəti ilə müəyyən olunur. Əgər katarakta bir gözdə inkişaf edirsə, onun tam yetişməsini gözləmək lazımdır. Əgər xəstəlik hər iki gözdə inkişaf edibsə və görməni məhdudlaşdırırsa, belə halda əməliyyat kataraktanın yetişməmiş mərhələsində aparıla bilər. Yetişmiş katarktada isə əməliyyatı yubatmaq olmaz. Əks təqdirdə bu, ciddi ağırlaşmalara səbəb ola bilər: “Müasir dövrdə kataraktanın cərrahi yolla əməliyyatı fakoemulsifikasiya üsulu ilə aparılır. Əməliyyat zamanı ultrasəs dalğalarla həndpis adlanan qələm vasitəsi ilə büllur parçalanar və vakuumla parçalanan hissələr sorularaq çıxarılır. Bu əməliyyatın üstünlüyü, gözdə kəsiyin çox kiçik ölçüdə (3,2-5,5 mm) olması, proses bitdikdən sonra tikişin qoyulmaması və cərrahi müdaxilənin ardından xəstənin görmə qabiliyyətinə qovuşmasıdır. Həmçinin bərpa müddəti qısa olduğundan xəstə ertəsi gün işə çıxa bilər”.

Qocalıq kataraktası
Həkim-oftalmoloqun dediyinə görə, qazanılmış kataraktalar, əsasən, yaş (qocalıq), şüa, travmatik, ağırlaşmış və müxtəlif xəstəliklər nəticəsində yarana bilər.
Yaş kataraktası qabıq və ya boz, nüvə və ya qonur rəngdə olur bulanmanın ilk əlaməti büllur qabığında meydana çıxır. Mərkəz hissə şəffaf qaldığı üçün görmə qabiliyyəti uzun müddət dəyişmir. Xəstələr ilkin dövrdə göz önündə duman və uçan nöqtələrdən şikayət edirlər. Bəzən xəstə əli ilə gözünü sürtərək bu ləkəni silmək istəyir. Yetişmə dərəcəsinə görə yaş kataraktası 4 mərhələyə - başlanğıc, yetişməmiş-şişən, yetişmiş və ifrat yetişmiş kataraktaya bölünür.
Başlanğıc kataraktada bulanma periferiyada yerləşdiyi üçün görmə itiliyi pozulmur, büllurun bulanması uzun müddət dəyişməz qalır. Ancaq zaman keşdikcə bulanma yayılır və büllurun həcmi böyüyür. Nəticədə görmə itiliyi kəskin azalır.
Büllurun nəzərə çarpacaq dərəcədə şişməsi nəticəsində gözdaxili təzyiq artır. Bu dəyişiklik isə yetişməmiş-şişən katarakta üçün xarakterikdir.
Yetişmiş katarakta büllurun bütün qabıq qatlarının bulanması ilə nəticələnir. Büllur su itirməsi səbəbindən həcmi azalır, bəbək nahiyyəsi boz rəng alır, görmə itiliyi zəifləyir. Həmçinin qüzehli qişanın titrəməsi müşahidə olunur.
İfrat yetişmiş kataraktada epitel hüceyrələrin çoxalması nəticəsində büllur kapsulunda parlaq ağ ləkələr, xolesteril və əhəng çoküntüləri əmələ gəlir. Bəzən bulanmış maddə durularaq südəbənzər mayeyə çevrilir və bu zaman nüvə aşağı çökür. Buna Morqani kataraktası deyilir.
Şüa kataraktası istilik (infraqırmızı) şüalar, elektrik cərəyanı və ionlaşdırıcı radiasiyanın təsiri nəticəsində yaranır. İnfraqırmızı şüaların təsiri ilə yaranan kataraktada bulanmalar, əsasən, büllurun arxa qütbündə baş verir. Elektrik cərəyanı və idırım vurması ilə törənən kataraktada digərinə bənzəyir.
Travmatik kataraktada büllur kapsulunun bütövlüyünün pozulması büllurun bulanmasına səbəb olur. Belə ki, büllur lifləri kamera mayesi ilə birləşərək şişir və bulanır. Əksər hallarda kapsulun bütövlüyü pozulduqda sürəti bulanma nəticəsində tam katarakta inkişaf edir. Büllurun mexaniki zədələnməsi zamanı kontuziyon katarakta və onun yüngül forması fossiusun yaranır. Bu problem qüzehli qişanın arxa səthinin bəbək nahiyyəsində büllurun ön kapsulu ilə təması nəticəsində yaranır.
Travmatik kataraktanın konservativ müalicəsi yaş kataraktasında olduğu kimidir. Travma zamanı kataraktanın əməliyyatına tələsmək lazım deyil və əməliyyat travmadan bir ildən tez yerinə yetirilməməlidir. Ön kameraya tökülmüş və şişən katarakta kütlələri gözdaxili təzyiqin artmasına və ya fakogen iritə səbəb olarsa, büllur kütlələri təcili çıxarılmalıdır.
Ağırlaşmış kataraktalar isə göz almasının iltihabi və distrofik proseslərdə, həmçinin qlaukoma, diabet, miopiya xəstəlikləri zamanı inkişaf edir.
K.Abbasova vurğulayıb ki, kataraktanın inkişafını ləngidən vasitələr artıq 10 ildən çoxdur məlumdur. Qazanılmış kataraktanın konservativ (dərman) müalicəsi yalnız kataraktanın başlanğıc mərhələlərində tətbiq oluna bilər. Son illər müalicədə sistein, qlütamin, riboflain tərkibli mübadilə proseslərini sürətləndirən dərman preparatları və damcılar tətbiq olunur. Həmçinin göz üçün tərkibində A və E vitaminləri - balıq, köklə yanaşı, protein və mikroelementlərlə zəngin olan qidalardan istifadə etmək məsləhətdir.
Zəhra
Mənbə:Milli.Az

 

26 aprel 2014
GO BACK