Qadin.NET / Onun ürəyini partlatmaq çox asandır: susmaq ən ağrılı fatihədir

Onun ürəyini partlatmaq çox asandır: susmaq ən ağrılı fatihədir

 

 

Problemin üzərinə getmək əvəzinə bəzən onun olduğunu unutmaq da lazımdır

İnsan arzuları bitməz-tükənməzdir, zaman-zaman arzular həyata keçdikcə yeni arzular yaranır. İstəklərimiz həyata keçməyəndə isə pessimist olur, hər şeydən bezirik. Psixoloqların fikrincə isə nəyəsə malik ola bilmiriksə, həmin şeylərə qarşı laqeyd olmalıyıq. Çünki hər kiçik şeyi problem kimi qəbul etməklə biz onun varlığını qəbul edir və ona güc veririk.

Siz düşmənə nə qədər çox diqqət ayırırsınızsa, o bir o qədər güclü olur, kiçik bir səhvi düzəltmək istəyəndə həmin vaxt daha ciddi və nəzərə çarpan problemə çevrilir. Hərdən hər şeyi olduğu kimi saxlamaq yaxşıdır. Əgər istədiyiniz, lakin yiyələnə bilmədiyiniz nə isə mövcuddursa, ona münasibətdə saymamazlıq nümayiş etdirin. Unutmayın ki, siz nə qədər az maraq göstərmiş olacaqsınızsa, bir o qədər əlçatmaz olduğunuz təsiri bağışlayacaqsınız.

Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, insan nə qədər istəyinin arxasınca qaçırsa, o sivişərək bir o qədər çətin ələ düşür. İnsan arzu obyektinə nə qədər çox maraq göstərirsə, onu özündən bir o qədər bərk itələyir. "Bu, onunla bağlıdır ki, arzu həddən artıq güclüdür. Bu isə insanlarda ehtiyatlı olmaq və ya qorxu hissini doğurur. İdarə edilə bilməyən arzu isə insanı miskin vəziyyətinə salır. Əgər istəyiniz həyata keçmirsə, siz ondan üz çevirməli, biganəliyinizi, saymamazlığınızı göstərməlisiniz. Bu, güclü reaksiyadır və obyektinizi müvazinətdən çıxaracaq", -  deyən həmsöhbətimiz bildirir ki, bu zaman bir neçə reaksiya meydana gələ bilər. Belə ki, onun dediyinə görə, qarşınızdakı sizə yiyələnək və ya sizi incitmək istəyə bilər. "Sizə yiyələnmək istəyirlərsə, bu o deməkdir ki, oyunumuz baş tutub, sizi incitmək istəyirlərsə, əyilməyin, oyununuza davam edin".

Əlçatmazlara qarşı saymamazlıq onları əlçatan edir. Düşmənlərə qarşı laqeydlik onları gücdən salır. Hələ zamanında XIV Lüdovik də bu üsuldan istifadə edirdi. Belə ki, o sevmədiyi, nifrət etdiyi insanlara qarşı elə davranırdı ki, sanki onlar yoxdur. "Siz saymamazlığınızı nümayiş etdirməklə, insanlara onlarsız da keçinə bildiyinizi hiss etdirirsiniz və bu da onları öz gözlərində kiçildir.

Miskin insanlara diqqət yetirməklə siz özünüzü də miskin vəziyyətə salmış olursunuz. Və sizin ünsiyyətiniz nə qədər çox davam edirsə, bu miskinlik o qədər əhəmiyyətli təsir bağışlayır".

Bəzən hər hansı bir kiçik səhvimizi düzəltməyə çalışırıq. Amma nə qədər çalışsaq da, bu səhvi düzəltmək əvəzinə daha da böyüyür. "Problemin üzərinə getmək, onu üfləyib alovlandırmaq və dərinləşdirmək əvəzinə, çox zaman belə bir probleminizin olduğunu unutmağa çalışmalısınız. Kiçicik bir misal göstərək, hər hansı bir xırda yaranı götürək. O yara xırda olsa da, ağrıyır, incidir. Siz onu qaşıyır, qoparırsınız. Yara böyüyür. Yaranı həkimə göstərəndə isə o daha böyük problem yaradır. Amma siz bütün ağrılara baxmayaraq, ona əl vurmasanız, yara elə sağalır ki, izi də qalmır. Yəni demək istəyirəm ki, insan özü özünə problem yaradır. Hər şeyi özü böyüdür".

Psixoloqun fikrincə, əgər sizə sizdən aşağı hesab etdiyiniz insanlar hücum edir, söz atırsa, diqqət yetirməyin, özünüzü elə aparın ki, sanki bu hücumlar və söz atmalar vecinizə də deyil. Və kiməsə qarşı səhv etdiyiniz zaman özünüzü elə aparın ki, sanki bu səhv sizin üçün o qədər də əhəmiyyətli deyil. "Belə olan təqdirdə sizin etdiyiniz addımın səhv olduğunu bildirmiş olursunuz. Siz o səhvin üzərinə getdikdə isə özünüz üçün problem yaratmış olacaqsınız. Yadda saxlamaq lazımdır ki, güclü insanlar qanqaraldan xırdalıqlara və qıcıqlandıran boş şeylərə ancaq laqeydlik göstərirlər".

Bir insanı, bir əşyanı əldə etmək və ya hər hansı bir istəyinizin həyata keçməsini arzulayırsınızsa, buna nə qədər can atsanız da alınmırsa, sadəcə laqeyd olun. Biganəlik göstərib, saymazlıq edin, o insanı, o əşyanı unutmağa səy göstərin. Unutmayın ki, itiağıllı insan üçün susmaq ən ağrılı fatihədir.

Mənbə:Milli.Az

 

26 aprel 2014
GO BACK