Qadin.NET / Saç boyalarının ziyanı

Saç boyalarının ziyanı

 


Gözəl görünmək bütün qadınların ən böyük arzusudur. Bu böyük arzunu həyata keçirmək isə indiki zamanda o qədər də çətin deyil. Qadınlar çox zaman öz görkəmlərini bəyənməyib, müxtəlif süni yollara əl atırlar. Depressiyaya düşən, stresdən çıxmaq istəyən qadın, ilk növbədə, öz saçlarına əl gəzdirir. Qadın üçün saç dəyişimi dedikdə isə ilk növbədə saçların boyanması nəzərdə tutulur.

Doğru saç boyası seçimi görünüşü tamamilə dəyişdirərkən, səhv seçilmiş rəngdən xilas olmaq uzun müddət ala bilər. Bu müddətdə isə saçlarınız tamamilə məhv olmaq təhlükəsində olur. Mütəxəssislərin fikrincə, boyaların saça verdiyi zərər boya tipinə görə dəyişir. Qalıcı, yarı qalıcı və keçici boyaların saç üzərində fərqli təsirləri var. Qalıcı saç boyaları uzun müddət saçda qalır və saçın rəngi ancaq altdan orijinal rəngdə saç telləri çıxdığında dəyişməyə başlayır. Qalıcı saç boyaları 15-20 yumaya qədər qalsa da, yarım qalıcı boyalar 5-10 yumada gedir.

Saçlara ən çox zərər verən, saç telini köhnəldən boyalar qalıcı boyalardır. Qalıcı boyaların tərkibində olan turşular saç telinə işləyərək istənilən rəngi almasını təmin edir. Keçici saç boyaları isə saç telinə yapışan boya parçacıqlarından ibarətdir və saç telinə nüfuz etmir. Bir çox saç boyalarının tərkibində rəng piqmentlərini dəyişdirmək üçün hidrogen peroksit olur.

Kosmetoloq Arzu Quliyevanın sözlərinə görə, saçlar tez-tez boyandığı halda quruyur, sərtləşir və tökülməyə başlayır. Nizamlı olaraq saç boyaları isə irəliləyən yaşlarda saçları seyrəkləşir: "Saçlarınızın boyanın təsirindən nə qədər köhnəldiyini test etmək üçün bir saç telinizi ləyəndə olan suya atın. Əgər saçınız batmırsa, deməli, sağlamdır. Yaş keçdikcə, saçların tərkibi də boyaların təsirindən dəyişir. Belə ki, yaşlandıqca saçların yumşaqlığını təmin edən sebum istehsalı azalır və saçlar daha kövrək olur".

Bəziləri saçlarına parlaqlıq vermək, bəziləri fərqli bir rəng, çoxu isə ağ saçları gizləmək üçün saçlarını tez-tez rəngləyir. Boyanın incə telli saçları qalınlaşdırdığı deyilsə də, tərkibində kimyəvi maddələr olan saç boyaları saça çox zərər verir. Kosmetoloq keçici boyalardan istifadə etməyi məsləhət görür. O bildirir ki, saçlar ildə 2 dəfədən artıq boyanmamılıdır:

"Boyadan qaynaqlanan problemləri aradan qaldırmaq və saçları nəmləndirmək üçün başın dərisini və saçları təbii yağlarla həftədə 2-3 dəfə masaj edin. Saçlarınızı boyaların tərkibində olan zərərli maddələrdən qorumaq üçün boyanı çirkli saçlara yaxın. Çünki saçların dibində yığılmış saçın təbii yağı sebum saçı boyadakı kimyəvi maddələrə qarşı qoruyur. İlk dəfə rənglənilən saçda istənilən rəng tonu tutmaaq bir qədər çətin olur".

Həmsöhbətimizin dediyinə görə, çox xanımlar istifadə etdikləri məhsullarının, boyaların, krem və ətirlərin içində nə olduğuna baxmağı belə ağıllarından keçirmirlər: "Halbuki, dərimiz də üzərində olan maddələri qan dövranına köçürmə qabiliyyətinə sahibdir. Bu səbəbdən saç boyası alarkən etiketində yazılmış "içindəkilər" bölümünə diqqət yetirmək lazımdır".

Qeyd edək ki, saç boyası istehsalında istifadə edilən kimyəvilərdən 22-si Avropa ölkələrində qadağan edilib. Saç boyasının üzərindəki etiketdə 6-Methoxy-2,3-Pyridinediamine, 2,3-Naphthalenediole, 2,4 Diaminodiphenylamine, 2,6-Bis(2-Hydroxyethoxy)-3,5-Pyridinediamine, 2-Methoxymethyl-p-Aminophenol, 4,5-Diamino-1-Methylpyrazole, 4,5-Diamino-1-((4-Chlorophenyl)Methyl)-1H-Pyrazole Sulfate,4-Chloro-2-Aminophenol, 4-Hydroxyindole, 4-Methoxytoluene-2,5-Diamine, 5-Amino-4-Fluoro-2-Methylphenol Sulfate, n, N-Diethyl-m-Aminophenol, n, N-Dimethyl-2,6-Pyridinediamine, n-Cyclopentyl-m-Aminophenol, n-(2-Methoxyethyl)-p-phenylenediamine, 2,4-Diamino-5-methylphenetol, 1,7-Naphthalenediol, 3,4-Diaminobenzoic acid, 2-Aminomethyl-p-aminophenol, Solvent Rədd 1 (CI 12150), Acid Orange 24 (CI 20170), Acid Rədd 73 (CI 27290)17 maddələri varsa, belə boyalardan birmənalı şəkildə imtina etmək lazımdır.

A.Quliyeva məsləhət görür ki, qadınlar təbii saç boyalarına üstünlük versələr daha yaxşı olar. Təbii boyaları kimyavi boyalardan fərqləndirmək üçün ilk öncə boyanın qutusunda göstərilən etiketə nəzər salmaq lazımdır. Etiketdə rezorsinol, amonyak, phenylene diamine və hidrogen peroksit maddələri olmayan boyalardan istifadə etmək olar. Unutmamaq lazımdır ki, təbii boyalar, saç rəngini aça bilmir. Saç qutusunda tünd saç rəngini, sarıya boyaya biləcəyinizi göstərirsə, təbii deyil. Təbii boyalarda, rəngləmədən bir müddət sonra boya axar və ağ saçlar görünməyə başlar.

Dermetoloq Ramil Qocayev isə bildirir ki, saç boyaları, lenfoma xərçəngi riskini artıra bilir: "Saç boyaları 1980-cı ildən istifadə edilməyə başlanılıb. Boyalardan istifadə qadınlar arasında lemfoma xərçənginin artmasına da səbəb olub. Saç boyaları lemfoma xərçənginə tutulma riskini 40 faiz artırır. Saç boyalarından istifadədən sonra dəridə sulu qabıqlı yaralar yarana bilər. Saç boyaları dəridə, müxtəlif allergik xəstəliklərə və ekzemaya da səbəb ola bilər".

Həkimin bildirdiyinə görə, saçları çox boyamaq onların vaxtından əvvəl ağarmasına səbəb olur: "Bununla yanaşı hamilə qadınlara saç boyamaq məsləhət görülmür. Çünki hmailəliyin ilk 5 ayına qədər dəriyə düşən hər bir maddə orqanizm tərəfindən sorulur. Yalnız 5-ci aydan sonra saçları boyamaq olar".

Müsahibimiz bəzi valideynlərin uşaqlarının da saçlarını boyadığını xatırladaraq, bunun yolverilməz olduğunu deyir: "Bu, qətiyyən olmaz. Çünki körpələrin dərisi daha həssas olur. Bu, övladınızda ağır xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Ancaq 18 yaşından sonra saçları boyamaq olar". 

Mənbə:Milli.Az

 

26 aprel 2014
GO BACK