Qadin.NET / Sevimli cinsiniz: o da sizi sevirmi?

Sevimli cinsiniz: o da sizi sevirmi?

 


Mövsümündən, formasından və rəngindən asılı olmayaraq cins geyimlər hər zaman dəbdədir. Cins parçalar içində ən məhşur olanı və davamlılıq baxımından ən möhkəm olanıdır. Elə buna görə də insanların ən çox müraciət etdikləri parçalar sırasında cinslər ilk pillədə durur. 

Zaman keçdikcə, geyildikcə köhnələn digər geyimlərdən fərqli olaraq yeganə cins parçadır ki, daha da dəbli görünür. Bu gün əksəriyyətin dəbli, gözəl saydığı cins şalvarların ilk sahibləri isə qızılaxtaranlar olub. Materialının möhkəmliyi, gec cırılması, soyuğa və hədsiz istiyə davamlı olan bu parçalar qızılaxtaranlar üçün ən ideal geyim sayılıb. Zamanla bu geyimlər ən çox işçilər arasında yayılmağa başlayır. 1960-cı illərdə isə cins dəbində əsl dönüş baş verir. Artıq denim parçadan şalvarlardan əlavə, köynəklər, ətəklər, gödəkçə və plaşlar, kepka və hətta ayaqqabılar da tikilirdi. Cins ətəklər və eləcə də jaketlər ötən əsrin 70-ci illərində dəbə gəldi. Cins jaketlər demək olar ki, başqa parçadan olan şalvar və ətəklərlə çox rahat uyğunlaşdırılırdı. 

80-90-cı illərdə cins ətəklər qeyri-rəsmi geyim növü kimi bütün dünya qadınlarının qarderobunda özünə yer eləməyi bacardı. O zaman ətəklərin uzunluğu əsasən dizə qədər, forması isə düz olurdu. Bununla yanaşı, diskotekalarda gənc qızların əynində ətəklərin çox məşhur olan mini-variantlarına da ras gəlmək olurdu. Zamanla modelyerlər cins ətəkləri tikərkən bəzi kriteriyalara üstünlük verdilər; ətəklər müxtəlif bədən quruluşlarına uyğun, nazik və qalın denim parçalardan tikilməyə başladı. Zamanla ölkələr arasında məşhurlaşan bu geyimlərə modelyerlər müxtəlif naxış və muncuqlarla rəng qatmağa başladılar. Qısa müddət ərzində populyarlaşan bu geyimlər bu gün kişi və qadınların vazgeçilməz geyimləri sırasındadır. Cins geyimi olmayan insan demək olar ki, yoxdur. 

Cins şalvarlar nə qədər rəğbət qazansa da, zamanla bu şalvarların da ziyanı üzə çıxmağa başladı. Dəbdən geri qalmaq istəməyən, eləcə də bədənə çox gözəl oturan bu geyimlər gözəlliyi ilə yanaşı xəstəlikləri də bərabərində gətirdi. Əvvəllər gen cins şalvarlar dəbdə olduğu üçün xəstəliklərin də adı tutulmurdu. Zaman keçdikcə darlaşan və çanağa enən cins şalvarlar əsl təhlükə mənbəyinə çevrilməyə başladı. Dar şalvarlara meyl edənlər onun damarları sıxlaşdırdığından, sinirlərə təsir etməsindən xəbərsiz olduqlarından bu geyimlərin mümkün qədər ən darını almağa çalışırlar. Halbuki, bu geyimlər gözəl görüntüsünün altında dəhşətli problemlər gizləyirlər. 

Ginekoloq Mehriban Cavadovanın sözlərinə görə, qadınlar arasında geniş yayılan cins şalvarlar bu gün hər 5 qadından 2-də problemlər yaradır. Qadınlar bunun fərqində olsalar belə, bu geyimlərdən əl çəkmirlər: "Dar şalvarlar aşağı ətraflara qan hərəkətini məhdudlaşdırır. Qadın orqanlarının sıxılmasına, inkişafdan qalmasına səbəb olur. Belə şalvarlar hamiləlik vaxtı olduqca təklükəlidir. Gənc qızların da belə şalvarlar geyinməməsini məsləhət görürəm. Daxili orqanların sıxılması onların zədələnməsinə səbəb ola bilir. Bu cür geyimlər mütəmadi geyinilərsə, rəhm və yumurtalıq xərçənginə də səbəb ola bilir". 

Həkimlərin cins şalvarlara münasibəti birmənalı deyil. Demək olar ki, bütün həkimlər cins şalvarların, xüsusən dar şalvarların geyinilməsinə qarşıdır. Dermatoloq Sahib Rzayev də dar şalvarların əleyhinədir. Dediyinə görə, dar geyimlər hüceyrələri korlaşdırır, zəiflədir. Hədsiz dar şalvarlar hüceyrələrin inkişafını dayandırır ki, bu da hüceyrələrin ölməsinə səbəb olur. Ölmüş hüceyrələrin sayı getdikcə artdıqda isə dəridə qırışlar və sallanmalar meydana gəlir. "Cins geyimlər qan dövranını pozur. Laxtalanma artır. Dar geyimlər bədəni sıxdığı üçün insanda üşümə hissi yaradır. Dar geyimlər bədənin quruluşunu da tamamilə dəyişir. Uzun müddət çanaqdan olan şalvarların geyinilməsi belin formasını dəyişir. Cins parçalar son dərəcə sərt, qalın olduğunda qan normal dövr edə bilmir. Bu zaman limfa dövranı pozulur. Bu da hüceyrələri dəyişdirərək sellülitin ortaya çıxmasına gətirib çıxarır". 

Cins geyimlərdən imtina etmək isə əksər insanlar üçün mümkünsüzdür. Bakı sakini 21 yaşlı Azadə Qurbanovanın sözlərinə görə, cins geyimlər onun ən sevdiyi geyimlərdir. Xüsusən dar olan şalvarları çox sevir. Sağlamlığı bahasına başa gəlsə belə, o bu geyimlərindən imtina etmək fikrində deyil: "Uşaqlıqdan geyinirəm. Çox sevirəm cins şalvarları. Xüsusən rəngli və dar olanlarını alıram. Sağlamlıq baxımından inanmıram ki, problemim yarana. Gün ərzində 5-6 saat universitetə geyinirəm. Bu qədər vaxt, yəqin ki, məndə başqa xəstəliklər yaratmaz. İndi gen şalvar geyinmək bir yana, satan yoxdur axı. Hamısı eyni forma, eyni stildir". 

62 yaşlı Vahab Ağayev isə indiki gənclərin cins şalvar geyinməsinin əleyhinədir. Onun fikrincə, istər kişilər, istər qadınlar bu geyimdən imtina etməlidirlər: "Bizim vaxtımızda da dar cins şalvarlar olub. Amma o vaxt həmin cavanlar, cahıllar geyinib lovğalanırdılar. O da 1-2 həftəlik olurdu. Amma indikilərə baxanda insan xəcalətdən gizlənməyə yer axtarır. Dar şalvar qızlara yaraşır, göz yummaq olur ki, uşaqdır, qızdır, amma kişilərin balağı gödək, beli dar, əyindən düşən şalvar geyinməsinə pis baxıram. Ağzında kişi deyirsən. Elə geyin ki, sənə hörmət etsinlər, kişi kimi baxsınlar. Belə geyimlər dəb deyil, düşüklükdür". 

Cins şalvarların qiymətinə gəlincə, müxtəlif yerlərdə müxtəlif qiymətə satılır. Belə ki, 5 manatdan başlayaraq 50-60 manata da cin şalvar almaq olar. Metronun "20 Yanvar" stansiyası ərazisində yerləşən "Velotrek" alış-veriş məkanında cins şalvarlar satılan mağazanın satıcısı Mehman Muradovun dediyinə görə, mağazada gen şalvarlar satılsa da, tələbat daha çox dar şalvarlaradır. Dar şalvarların insan orqanizminə ziyanlı olub-olmamasına gəlincə, müsahibimiz bundan xəbərsizdir. "Bundan xəbərim yoxdur, amma açığı mən istəyərdim ki, yaraşan adamlar dar geyinsin. Hamının dar geyinməsinə qarşıyam. Dar geyim gözəllikdirsə, hamıda bu geyim gözəl görünmür". 

Modelyer Nərmin Rüstəmovanın sözlərinə görə, cins geyimlər dəbdən düşməyən geyimlərdir. "Əvvəllər bu geyimlərdən fəhlə geyimi kimi istifadə olunsa da, sonra elit təbəqənin belə geyiminə çevrildi. Cins hər zaman dəbdədir deyirik, amma dəb də insan yaraşanı geyinmək deməkdir. Bu gün bir çox kilolu - kök qadınlarımız var ki, dar cins geyimlər geyinirlər, ətləri cinsdən kənara çıxır. Bu, çox çirkin görünüş verməklə yanaşı insan orqanizmi üçün zərərlidir. Piy-yağ qatı dar cinsin altında əzilir, hüceyrələr məhv olur və ət sallanır". 

Modelyer deyir ki, çox dar olmayan, bədənə oturan, sıxmayan cins geyimləri hər zaman geyinmək olar. Bu il isə ən çox yaşıl və göy cinslər dəbdədir.

Mənbə:Milli.Az

 

26 aprel 2014
GO BACK