Qadin.NET / Konserv məhsulları bədəni vitaminsizləşdirir

Konserv məhsulları bədəni vitaminsizləşdirir

 


Konserv məhsulları rahat istifadəsi, müxtəlif çeşid və dadı ilə istehlekçıları cəlb etsə də, saxlanılma qaydalarına düzgün riayət olunmadıqda zəhərlənməyə və sağlamlığımıza zərər vuran başqa problemlərə səbəb olur. Bu baxımdan, keyfiyyətsiz konserv məhsulları daha təhlükəlidir. Belə ki, konserv məhsullarına olan əlavələr orqanizmi tədricən zəhərləyir.

Tələbə Sənubər Ağayevanın sözlərinə görə, gündəlik qida rasionunda konserv məhsulları əsas yer tutur: "Tələbə üçün konserv məhsulları uzun-uzadı yemək hazırlamaqdan daha əlverişlidir. Düzdür, konserv məhsullarından zəhərləndiyim, həzm prosesində problemlərlə rastlaşdığım hallar da olub. Lakin məhsulu aldıqda istifadəyə yararlılıq müddətinə fikir verdikdə ciddi problemlərlə rastlaşmırsan".

Terapevt Rahib Həmidovun dediyinə görə, konserv məhsullarından çox istifadə və gündəlik qida məhsulları arasında konservlərə üstünlük verilməsi bədənin vitaminsizləşməsinə gətirib çıxarır: "Xüsusilə də, ət və balıq konservlərin tərkibi duz və zərərli maddələrlə zəngindir. Bu cür konserv məhsulları təzə ət və balığı əvəz edə bilməz. Belə ki, bu qidalar "ölü" qida sayılır. Tərəvəz konservlərini isə salatların hazırlanmasında istifadə etmək olar".

Konserv qabının şişməsi və deformasiyaya uğraması tərkibində təhlükəli mikrobların olduğunu göstərir. Konserv qablarının şişməsi mikrobioloji, kimyəvi və fiziki olur. Konservdə mikroorqanizmlərin inkişafı nəticəsində mikrobioloji şişmə əmələ gəlir. Bu əsasən məhsulun sterilizə rejimində problem, avadanlıqların və ya qablaşdırmanın aşağı keyfiyyətli olması zamanı baş verir. Fiziki şişmə isə məhsulun qaba artıq yığılmasıdan, donmasından və ya qabın əzilməsindən baş verə bilər. Konservi açarkən iyləmək, görünüşünə fikir vermək lazımdır. Əgər görünüşü sizdə şübhə doğurursa və konservdən kəskin, xoşagəlməz iy gəlirsə, belə məhsul xarab ola bilər.

Konserv məhsulları şəffaf olmayan qaba yerləşdirildiyindən onun keyfiyyəti barədə fikir söyləmək çətin olur. Ona görə də qabın özünü nəzərdən keçirmək lazımdır. Qab əzik, paslı, ləkəli və zədəli olmamalıdır. Qabda belə əlamətlərin olması onun tərkibinə mikrobların daxil olmasını göstərir. Belə konserv məhsulundan zəhərlənmək olar.

Konservin keyfiyyətini onu istifadə edərkən də bilmək olur. Konservin qapağını açanda möhkəm səs gəlirsə, deməli düzgün hazırlanmayıb. Konservin tərkibinin bir hissəsini çıxarıb qabın divarlarına nəzər salın. Qabın divarlarında ləkələr varsa, onu yeməkdən çəkinin. Demək, belə konserv artıq korlanıb.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə, keyfiyyətsiz balıq konservləri insan orqanizmi üçün təhlükəlidir. Bu məhsulların konservlərini alarkən onların qablaşdırılmasına, markalanmasına, satış şəraitinə və bəzi amillərə diqqət yetirmək vacibdir. Metal bankalara yan tərəfdən, yaxud qapağın üstündən litoqrafiya üsulu və ya su aparmayan rənglə məhsulun istehsal, son istifadə tarixi həkk olunur. Eyni zamanda qablaşdırmanın üzərinə yapışdırılan kağız etiketdə istehsalçının adı, ünvanı, əmtəə nişanı, qida dəyəri, saxlanma müddəti və s. məlumatlar əksini tapmalıdır.

Ət konservlərinin qapağının üzərində mütləq qabarıq şəkildə döymə üsulu ilə onun istehsal və son istifadə müddətini bildirən yazılar olmalıdır. Qabın əzilməsi, paslanması və ya üzərində yararlılıq müddətinin göstərilməməsi həmin konservlərin keyfiyyətinə ciddi şübhələr yaradır. Şüşə bankalar isə çat və köpüksüz olmalıdır. Bankadakı etiket bütöv, təmiz, doğru və səliqəli yapışdırılmalıdır. Qabın markalanması tam, dəqiq, doğru olmalıdır.

Mənbə:Milli.Az

 

25 aprel 2014
GO BACK