Qadin.NET / Hiperaktiv insanlar unutqan olurlar

Hiperaktiv insanlar unutqan olurlar

 


Hiperaktivlik uşaqlara xas olsa da, böyüklər də bundan əziyyət çəkir. İclas və ya tədbirlərdə sakit dinləyə bilmir, səbrsiz olduğu üçün həmsöhbətinin danışığını yarımçıq kəsir, çox hərəkətli olsa da, işlərini axıra kimi çatdıra bilmir. Ətrafdakılarda əsəbi, emosional, tez özündən çıxan və məsuliyyətsiz adam təəssüratını yaradır.

Psixoloq Jalə Həmidlinin sözlərinə görə, adətən insanlar kiminsə hiperaktiv olduğunu eşidəndə, həmin adama paxıllıq edir və özləri də hiperaktiv olmaq istəyirlər. Lakin hiperaktiv insan yalnız enerjili, çevik, sosial həyatda aktiv, çalışqan bir insan deyil, o, həm də səbrsiz, unutqan, tez qıcıqlanan, diqqətini cəmləməkdə çətinlik çəkən şəxsdir. Onlar çılğın və emosional davranışı ilə ətrafdakılarda ikrah hissi doğururlar. Adətən hiperaktivlikdən uşaqlar əziyyət çəksə də, bu, yetkin insanlarda da müşahidə olunur: "Uşaqlıqda hiperaktivlikdən əziyyət çəkənlərin yarısı böyüyəndə də hiperaktiv olur. Yetkin yaşlarda isə hiperaktivlik nadir hallarda yaranır. Bu cür insanlar enerjili və gümrah olsalar da, sakit, səbrli ola bilmir, diqqətini cəmləməkdə çətinlik çəkirlər. Məsələn, iclasda, tədbirlərdə sakit oturub dinləməli olduğu halda bunu etməyə səbrləri çatmır. Əlində qələm oynadır, sənədə baxır və s" deyən həmsöhbətimiz əlavə edib ki, yetkin insanlarda hiperaktivliyin əlamətlərinə unutqanlıq, fikrini cəmləməkdə çətinlik çəkmək, hədsiz emosional problemlər, tez qıcıqlanmaq, əsəbləşmək, özünə qarşı tənqidi münasibət, keçmişdə bacarıqsız olmağı aiddir.

Hiperaktiv insanlar vaxtlarını düzgün planlaşdıra bilmirlər. İşlərini yarımçıq qoyur, daim harasa tələsir, buna baxmayaraq da gecikirlər. Onlar adətən fikrini cəmləməkdə çətinlik çəkirlər. Lakin bəzi hiperaktiv insanlar var ki, onlar əksinə olaraq gördüyü işə elə diqqətlə yanaşırlar ki, ətrafda baş verən şeyləri görmürlər. Kimsə yanlarında danışsa, onlardan bir şey soruşsa da, buna fikir verə bilmirlər. Bununla yanaşı hiperaktiv yetkin insanlar unutqan olurlar.

Hiperaktivliklə yanaşı, belə adamlarda özlərinə qarşı güclü tənqidi münasibət də müşahidə olunur. Onlar özləri bundan xəbərsiz olsalar da, tənqidi münasibətləri ilə yalnız özlərinə işgəncə verirlər. Onlarda özünə güvən hissi çox aşağı olur. Xüsusilə də məktəb vaxtlarında dəsrlərində müəyyən uğursuzluqların olması, sonradan da işdə və şəxsi həyatda xoşagəlməz hadisələrin baş verməsi onların özünə güvən hissini daha da azaldır: "Bir qayda olaraq uğursuzluqlarla üzləşən hiperaktiv şəxs bunda özünü günahkar hiss edir və onda natamamlıq kompleksi baş qaldırır. Bu cür insanlar bədbəxt hadisələrdə də özlərini hədsiz günahlandırmaqdan əziyyət çəkirlər".

Səbrsizliyi də hiperaktivliyin əlaməti kimi göstərən psixoloq bildirib ki, belə adamlar həmsöhbətinin danışığını qəfil kəsə bilərlər. Belə şəxslərdə dinləmək qabiliyyəti demək olar ki, yoxdur. Məcburiyyət qarşısında, özlərini sıxaraq kiməsə qulaq asa bilərlər. Düşünülməmiş qərar vermək, hərəkətlərinin nəticəsini düşünməmək də onlara xasdır. Dəyişkən və anidən verdikləri qərarlar isə ətrafdakılarla münasibətdə problemlər yaradır. Onlar tez qıcıqlanan və əsəbi olduqları üçün də münasibətlərdə çətinliklərlə üzləşirlər. Belə adamlar etiraf edir ki, qərarları anidən verirlər. Sonradan isə dediyi sözlərə və hərəkətlərinə görə peşmançılıq hiss edirlər: "Həyatda qarşılarına qoyduqları məqsədə çatmaq istəyi isə onlarda o qədər də güclü olmur. Belə ki, onlar hansısa bir istiqamətdə özlərini cəmləyə bilmir və sanki daim axtarışda olan insan təəssüratını yaradırlar. İşləri planlaşdırdığı vaxtda bitirə bilmir, diqqətini cəmləməkdə çətinlik çəkir, işi sona çatdırmaq üçün özlərində kifayət qədər istək hiss etmirlər".

J.Həmidliyə görə, dəyişkən xasiyyətli olanlarda isə tez-tez əhvalın da dəyişməsi müşahidə olunur. Hiperaktiv insanlar darıxmağı sevmir və həyatlarında hər şey sakit olanda emosional yüksəliş üçün macərə axtarırlar. Xırda çətinliklər və xoşagəlməz hadisələr belə onları çox əsəbləşdirə və məyus edə bilər. Onlar xırda hadisələr üzündən belə depressiya vəziyyətinə düşürlər. Ümumiyyətlə, hiperaktiv insanlarda emosional problemlər çox olur. Müşahidələr də onu göstərir ki, hiperaktiv insanlar ailə münasibətlərini qaydaya salmaqda çətinlik çəkir və konfliktə meylli olurlar. Əgər həyat yoldaşlarından heç olmasa biri hiperaktivdirsə, onların ayrılma ehtimalı yüksəlir.

Müsahibimiz bildirib ki, əsəbilik, emosional problemlər üzündən çox vaxt hiperaktiv insanların sağlamlığı zəifləyir. Stress, sosial həyatda fəallıq və öz sağlamlığına etinasız münasibət xəstəliklərin yaranması ilə nəticələnir. Belə insanlar çox yeyir, idman etmək istəmir və müalicə aldıqda belə dərman qəbul etməyi unudurlar. Əhəmiyyətsiz problemlərə görə narahat olmaları da səhhətlərində iz buraxır. Belə insanlar xəstəliyə düşməmək üçün düzgün həyat tərzi sürməli, xəstəlik xroniki hal almamış müalicə olunmalıdırlar.

Hiperaktivliyin pis əlamətləri çox olsa da, belə adamlar çox vaxt həyatda uğur qazanırlar. Lakin onların keçmişinə nəzər saldıqda dərslərində başqalarından geri qaldığını görmək olar. Psixoloqun dediyinə görə, belə insanlar rahatlıq axtarsalar da, tapa bilmirlər. "Ona görə ki, təbiətlərində bu yoxdur. Daim hərəkətli, həyacanlı və narahat görünən hiperaktiv insanlar çətin korreksiya olunur və ömür boyu belə yaşayırlar. Onlar hərəkət etməyə ehtiyac duyur və bir yerdə oturmurlar. Buna baxmayaraq, işlərini axıra çatdıra bilmir, buna görə də üzülürlər".

Mənbə:Milli.Az

 

25 aprel 2014
GO BACK