İndiyədək nikotin və ağrı hissi barədə ziddiyyətli məlumatlar vardı.
Kimsə deyirdi ki, siqaret hissiyyatı azaldır, kimsə əksinə, iddia edirdi ki, artırır (siqaret çəkənlər kəskin və xroniki ağrılara daha meyllidirlər).
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, Nort Vey Universitet hospitalının həkimi Aslak Yohansen 10364 könüllünün üzərində müşahidə aparıb.
Bu qrupdakı qadınların 22,1, kişilərin isə 18,8 %-i siqaret çəkirdi. Qadınların 38,6, kişilərin isə 46,8 faizi əvvəllər çəkən olublar. Onların hissiyyatı buzlu su ilə test zamanı ortaya çıxarılıb (yəni əli bu suda mümkün qədər çox saxlamaq lazım idi). Məlum olub ki, heç vaxt siqaret çəkməyən insanlar ağrıya daha yaxşı dözürlər. Ən pis nəticə siqaret çəkənlərdə, bir qədər pis nəticə isə nə vaxtsa siqaret çəkənlərdə müşahidə olunub.
Şotland mütəxəsisslər isə (Dandi Universiteti) siqaret çəkmə, xroniki ağrı və depressiyanın əlaqəsini araşdırıblar. 24042 nəfəri müşahidə edən alimlərin rəyinə görə, məhz depressiya ağrıya dözümsüzlüyün nikotinin təsirilə artmasına təsir göstərir.