"Bu il Azərbaycanda göbələkdən zəhərlənmə və onun yaratdığı fəsadlarla bağlı müraciətlərin sayı artıb".
Bunu APA-ya açıqlamasında Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudov deyib. O bildirib ki, ötən illərdə bötövlükdə mövsüm ərzində, oktyabr-noyabr-dekabr aylarında 20-yə qədər müraciət daxil olurdusa, bu ilin oktyabr ayından bu günə kimi 24 müraciət qeydə alınıb: “Göbələkdən zəhərlənmə ilə bağlı daha çox Zaqatala rayonundan müraciət daxil olub. Belə ki, oktyabr ayının 23-də də Zaqatala rayonunda qeydə alınan hadisə nəticəsində bir ailənin üzvləri göbələkdən zəhərlənib. Bu zaman 2 azyaşlı uşaq dünyasını dəyişib. Lakin onların valideynləri tam sağalıblar və artıq dünən evə buraxılıblar. Bundan sonra göbələkdən zəhərlənmə diaqnozu ilə daha 12 nəfər Bakıya göndərilib. Onlara ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıblar. Digər müraciətlər isə paytaxtın müxtəlif rayonlarından daxil olub və onlarda ciddi fəsadlar qeydə alınmayıb”.
A.Maqsudov qeyd edib ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə həftə ərzində göbələkdən zəhərlənmə ilə bağlı 5-6 müraciət daxil olur.
Mənbə:Milli.Az