Qadin.NET / Yaralı barmağa "dolama"

Yaralı barmağa "dolama"

 

 

Əl barmaqları insan üçün vacib orqanlar sırasındadır. Bu səbəbdən onlarda yaranan hər hansı bir ciddi xəstəliyi vaxtında müalicə etdirmək mütləqdir. Əks təqdirdə insan əmək qabiliyyətindən məhrum olaraq başqasına möhtac ola bilər.
Əl barmaqlarında tez-tez təsadüf olunan xəstəliklərdən biri də dolamadır. Xəstəliyə, əsasən, bölgələrdə yaşayan, kənd təsərüfatı və heyvandarlıqla məşğul olan əhali arasında daha çox rast gəlinir. Həmçinin çoxlu manikür etdirmək də xəstəliyə yoluxma ilə nəticələnə bilər.
 
Həkim-infeksionist Aygün Həsənovanın dediyinə görə, dırnaq yatağınını irinli iltihabına dolama (paranixiya) deyilir. Dırnağı əhatə edən dəri ən yüngül şəkildə sıyrıldıqda yaxud kəsildikdə infeksiya daxilə keçə bilir. Burada ən təhlükəli yaralar deşilmə, cırılma və ya it dişləməsi nəticəsində yaranır. Xəstəliyi törədən bakteriya stafilokokk və streptokokklardan ibarətdir.
Dolamanın 5 növü var. Dəri dolaması, dərialtı dolama, sümük dolaması, vətər dolaması və tendovaqinit və ya oynaq dolaması.
 
Ət dırnaqdan ayrılır
 
A.Həsənova qeyd edib ki, dəri dolaması infeksiyanın dırnaqətrafı sahədən daxil olması ilə əmələ gəlir. Bunun nəticəsində irin subepidermal boşluğa toplanır və dərini dırnaqdan aralayır. Dəri dolaması çox vaxt irinli proseslər şəklində dırnaqətrafında və ya dırnaqaltı sahədə davam edir. İnfeksiya dırnağın kökünə keçdikdə bütün dırnağı çıxarmaq lazımdır. Dırnaq çıxarıldıqdan sonra onun yerinə yağlı sarğı və ya parafin mayesində isladılmış tənzif qoyulmalıdır.
 
Pisxassəli dolama
 
Həkim deyir ki, dərialtı dolamanın üç növü var. Birinci növdə irin əmələ gəlmir, lakin yumşaq toxumaların quru nekrozu başlayır. Belə hallarda əməliyyat zamanı adi kəsik əhəmiyyətli və təsirli nəticə vermir. Ona görə də bütün quru nekroz (ölü toxuma) sahəsini kəsib çıxarmaq lazımdır. İkinci növdə yaş iltihabi proses müşahidə edilir. Belə hallarda adi kəsik aparmaqla problemdən qurtulmaq mümkündür. Yara kəsildikdən sonra irinin çıxması üçün tampon qoymaq lazımdır. Üçüncü növ isə pisxassəli dolama sayılır ki, bu zaman dərini kəsmək olmaz. Belə hallarda infeksiya dərhal linfa və ya qanda yayılmağa başlaya bilər. İrin mənbəyi və ya irinləmə prosesi burada müşahidə edilmir. İnfeksiyanın bu şəkli ən virulentli və ən təhlükəlidir. Xəstəni xilas etmək üçün hiperemiya tədbirlərindən istifadə edilməli, həmin yerə dezo sarğısı qoyulmalı, vena daxilinə müxtəlif dərman qarışıqlarından ibarət maye və qan köçürülməlidir. Həmçinin infeksiya əleyhinə digər tədbirlərdən də istifadə olunmalıdır. Bu zaman barmağı və əli isti vannaya qoymaq lazımdır. Heç bir tədbir fayda vermədikdə və xəstənin ağrıları şiddətləndikdə təcili əməliyyat edərək toplanmış irinli infeksiyanın kənara axması üçün yol açmaq məsləhətdir. Əməliyyatdan sonra kompres üçün adi sudan istifadə etmək mütləqdir. Çünki antiseptik məhlullar toxumalara zərər verə bilər. Aparılan bu tədbirlərdən sonra yara təmizlənir və xəstənin səhhətində müsbətə doğru sürətli dəyişiklik baş verir.
 
Dözülməz ağrı
 
İnfeksionist bildirib ki, sümük dolaması digərlərinə nisbətən sümük toxumasının zədələnməsi ilə fərqlənir. Burada infeksiya kiçik deşilmiş yaradan daxil olur və sümüküstlüyünü zədələyir. İltihabi proses genişləndikdə əvvəlcə nekrozlaşan periositit (sümüküstlüyünün qatları) əmələ gəlir, sümüyü qidalandıran damarlarda iltihab trombozu başlayır və toxumada iltihab “şişi” nəticəsində həmin damarlar sıxılır. Sümükdə davam edən nekrotik proses damarları və sümüküstlüyünü sonadək məhv edir. Bakteriya toksinlərinin sümüyə göstərdiyi pozucu təsirini də nəzərə almaq lazımdır. Belə hallarda xəstədə dözülməz ağrlar baş verir. Sümük dolamasında, ilk növbədə, periost tələf olur. Həkimə vaxtında müraciət edildikdə əvvəlcə sümüyə qədər kəsik açılmalı və sekvesterinin (nekrozlaşmış sümük) xaric edilməsini gözləmək lazımdır.
 
Çeçələ və baş barmaq təhlükədə
 
A.Həsənovanın sözlərinə görə, tendovaqinit və ya vətər dolaması vətərlərin və vətər yataqlarının zədələnməsidir. Bu tip dolama digərlərinə nisbətən daha təhlükəlidir. Bu xəstəlik vətər yataqlarının bilavasitə travmatik zədələnməsi nəticəsində inkişaf edir və ya infeksiya irinli iltihab mənbələrindən, yumşaq toxumalardan, sümüklərdən və oynaqlardan keçir.
İkinci, üçüncü və dördüncü barmaqların vətər yataqlarında infeksiya nisbətən təhlükəsiz olur. Çünki irinli iltihabi proses ovucun ön səthinədək yayılaraq bir barmağın vətərlərini tələf edir. Proses çeçələ barmaqda və baş barmaqda inkişaf edərkən vəziyyət ciddiləşir. Bu zaman infeksiyanın biləyə keçmə təhlükəsi artır. Bütün tendovaqinit hallarda xəstəni daim nəzarət altında saxlamaq və müalicə tədbirlərini vaxtında görmək lazımdır. Əməliyyat zamanı isə yoluxmamış yerlərə toxunmaq olmaz.
İrinli tendovaqiniti müəyyən etmək və dəqiq diaqnoz qoymaq bəzən çətin olur. Ancaq xəstəliyin bəzi əlamətləri mövcuddur ki, buna diqqət etmək vacibdir: zədələnmiş vətərin boyu bərabəri ağrıverən iltihabi şiş əmələ gəlir, xəstə barmaq həmişə azacıq bükülmüş vəziyyətdə qalmağa məcbur olur, vətər yatağını əl ilə basdıqda xəstə ağrı hiss edir.
Tendovaqinitdə xəstənin ümumi halı yaxşı olmur. Əksər hallarda temperatur yüksəlir, qızdırma, bəzən dözülməz üşütmə və həmin nahiyədə gizilti başlayır. Xəstə şiddətli ağrıdan şikayət edir. İrinli tendovaqiniti olan xəstələri mütləq xəstəxana şəraitində müalicə etmək lazımdır. Diaqnoz müəyyən edildikdən sonra xəstə nahiyənin əməliyyat edilməməsi vətərlərin nekrozlaşmasına səbəb ola bilər. Həmin nahiyə yarıldıqda vətəri xilas etmək və barmaqların bütövlüyünü saxlamaq isə asan olur.
 
Parlayan vətər
 
Cərrah Kazım İsmayılov deyir ki, bəzən həkimlər irinli tendovaqiniti barmağın ortadan kəsilməsi ilə müalicə edirlər. Ancaq bu üsul doğru deyil. Çünki barmaq üzərində orta kəsik, vətəri aralayıb onu nekrozlaşdıra bilər. Burada yan tərəflərdən ayrı-ayrı kəsiklər açmaq (Klapp üsulu) daha məqsədəuyğundur. Belə kəsiklər vətərləri zədələmir. İrinli tendovaqiniti operativ surətdə müalicə etdikdə bu şərtlərə ciddi riayət etmək lazımdır: tam ağrısızlaşdırma (narkoz və digər vasitələr) və ətrafın qansızlaşdırılması: “Əməliyyat zamanı nisbətən dərin və qansız olan yaranın dibində kəsilən vətər sədəf kimi parıldamağa başlayır. Sədəf kimi parlayan vətər görünmədikcə cərrah vətərin üstünü açdığına əmin ola bilməz”.
 
Güclü iradə
 
Həkim-infeksionist vurğulayıb ki, tendovaqinitin finksional müalicəsi üçün isti vannaların böyük əhəmiyyəti var. Finksional müalicədə xəstənin hər gün isti su vannası qəbul etməsi çox faydalıdır. Bunun nəticəsində barmaq fəal və sərbəst hərəkət etməyə mümkün qədər tez başlayır. Ancaq tam sağalmanın dəqiq vaxtını göstərmək çətindir. Burada xəstənin özünün tədricən fəal hərəkət göstərməsi əsas şərtdir. Xəstə öz iradəsini toplayıb barmağını ağrıya baxmayaraq hərəkət etdirməli və vətərlərin funksiyasının bərpasına çaılşmalıdır. Belə hallarda iradəsi zəif və həssas olan xəstələrə mənəvi dayaq olmaq və psixoloji dəstək vermək lazımdır. Yara sağaldıqdan sonra bir neçə ay müntəzəm olaraq masaj və passiv idman etmək, müalicə məqsədi ilə xüsusi mexanoterapevtik alətlərdən istifadə etmək olar.
 
Amputasiya
 
Həkimin sözlərinə əsasən, oynaq dolamalarında məlum səbəblərə görə hərəkətin bərpa olunması çətin məsələdir. Bu zaman barmaqarxası və əl yaralandıqda infeksiyanın oynağa keçmə təhlükəsi daha böyük olur. Çünki bu yerdə dəri səthi ilə oynaq nahiyəsi arasında olan yumşaq toxumaların qalınlığı cəmi 2 mm-dən artıq deyil. Barmaqda və əldə olan bütün irinli proseslər cərrahi əməliyyat vasitəsi ilə müalicə edilərkən mütləq həmin nahiyə ağrısızlaşdırılmalıdır. Sümüklər, oynaqlar və vətər yataqları bir yerdə, eyni zamanda yaralandıqda, yəni pandaktilit əmələ gəldikdə yoluxmuş nahiyə amputasiya edilməlidir.

Zəhra

Mənbə:Milli.Az

 

25 aprel 2014
GO BACK