Səhv seçilmiş musiqilər gəncləri aqressivləşdirir
Musiqi hər yerdə, həyatın hər dövründə və sahəsində insanı əhatə edir. Evdə, küçədə, alverdə, radioda, televiziyada, məktəbdə, iş yerində, səfərdə ən yaxın dostumuz da musiqi olur. Kimisi yol boyu musiqi dinləməklə yolun uzunluğunu maraqlı bir hala çevirir, kimisi isə yatmaq, yuxuya getmək üçün musiqiyə qulaq asır. İstənilən halda yaşından və cinsindən asılı olmayaraq hər bir insanın musiqi zövqü və dinləmə tərzi var.
Musiqinin insan orqanizminə mənfi və ya müsbət təsiri də hər zaman maraq dairəsində olub. Hətta dünyaya gələcək körpənin ana bətnində musiqi dinləməsi bəzi həkimlər tərəfindən müsbət hal kimi dəyərləndirilir. Bir sözlə, musiqi əksər hallarda baş qarışdırıcı vasitə olmaqdan çıxıb müalicə metodu kimi də istifadə oluna bilir.
İnsan daim musiqi ilə iç-içə olduğu üçün müxtəlif davranışlara da sahib olmuş olur. Musiqi ilə istirahət, musiqi ilə iş, musiqi ilə harasa getmək, musiqi ilə ev işlərini görmək kimi davranışlar inkişaf edir. İnsan ruhu ilə əlaqə qurmasına inanılan musiqi insanı daxilən dəyişmək gücünə də malikdir. Musiqinin ritminə və səslənməsinə uyğun olaraq dəyişən əhval insanın günlük yaşamına da təsirsiz ötüşmür.
Psixiatr Fidan Hümbətlinin sözlərinə görə, musiqi insanın ruhuna, ürəyinə xitab edib rahatlıq yaratdığı üçün bir sıra müalicələrdə də musiqidən faydalanılır. Musiqi bir estetik anlayışdır və insanda estetik duyğu, düşüncəni inkişaf etdirir. "Musiqi daha nəzakətli bir insan olmağımızı təmin edir, hərəkətlərimizi daha da ölçüb-biçərək etməyimizi, qarşıdakı insanı qırmamağı, incitməmək üçün diqqətli olmağımızı təmin edir, içimizdəki sevgini artırır, gözəlləşdirir, mərhəmət duyğusunu aşılayı. Psixiatriyada nevrozdan tutmuş şizofreniyanın bəzi formalarına qədər olan xəstəliklərin müalicəsində də musiqi terapiyası müsbət nəticələr verir. Musiqinin insan orqanizminə təsir edən psixofiziologiyası var. Buna görə də ruhi sarsıntılar zamanı da musiqi ilə müalicəyə daha çox üstünlük verilir".
Onun dediyinə görə, musiqi insan əhvalını dəyişə, onu bir əhvaldan başqa bir əhvala sala bildiyi üçün sağlam insanlar qədər psixoloji problemləri olan insanlara da xoş təsir göstərir. Elə buna görə də musiqi ilə terapiya xəstələr tərəfindən müsbət qəbul edilir. Xarici ölkələrdə bəzi tibbi mərkəzlərdə psixiatorlarla bərabər, musiqiçilər də çalışırlar. Sırf səslərlə - sənətlə, musiqiylə xəstələrə kömək edən musiqiçilər istər xəstələr, istərsə də onların yaxınları tərəfindən çox müsbət qarşılanır. "Klassik musiqilər xəstəlikləri müalicə edir, beyni, ürəyi rahatladır. Qardaş ölkə Türkiyədə də ana olmağa hazırlaşan qadınlara belə musiqiləri dinləməyi məsləhət görürlər. Çünki bu musiqilər dünyaya gəlməmiş körpənin də beyninə müsbət təsir göstərir".
Musiqilər hər bir insana görə müxtəlif təsir gücünə malikdir. "Musiqi dinləyən insan sakitləşəcək və hisslər də harmoniya təşkil edəcək. Lakin bu gün gənclər səhv musiqi seçimi ilə nəinki dincəlir, onlar olan-qalan əsəblərini də bu musiqilərə qurban verirlər".
Maraqlı haldır ki, orqanizmin normal iş funksiyasına mənfi mənada təsir edən kənar təzyiqlər sırasında musiqinin adı da çəkilir. Daimi olaraq musiqinin təsiri altında olan insanların ömrünün qısaldığı, onlarda qan təzyiqinin olduğu barədə də ehtimallar var. Psixiatr bildirir ki, bütün musiqiləri müalicə kimi qəbul etmək olmaz. Çünki elə musiqilər var ki, onlar sakit və səbirli insanı da əsəb xəstəsi edə bilər. Son illərdə insanlarda əsəb-sinir xəstəliklərinin artmasına təsir göstərən amillərdən biri elə yalnış seçilən musiqilərin dinlənilməsidir:
"Elə musiqilər var ki, gənclər onu dinləməklə daha da aqressivləşirlər. Musiqinin xarici təhriklərinin sinir sistemi üzərində yaratdığı yüksək təzyiq nəticəsində, insan şüur və düşüncə qüvvəsini əldən verir. Çünki insanın düşüncə qüvvəsi musiqi təhrikediciləri arasında əsirə çevrilir və tədricən ruhi və şüuri iğtişaşlara səbəb olur. Sonda isə musiqi insanın ağlını sıradan çıxararaq, belə şəxslərdə çılğınlıq əlamətlərini üzə çıxarır".
Araşdırmalar göstərir ki, musiqi insanın embrion dövründən qocalıq dövrünə qədər onun kəllə-beyin sisteminə təsir edir. Bundan başqa, müxtəlif çalğı alətləri insanın orqanlarına müxtəlif cür təsir göstərir. Skripka, fortepiano əsəbləri daha yaxşı sakitləşdirir, fleyta və violonçelin səsindən insan rahatlıq tapır, ürəyin ritmi düzəlir, qaboy, klarnet qaraciyərin funksiyasını musiqidən və günün saatından asılı olaraq aktivləşdirir, ya da sakitləşdirir.
Hansı musiqini dinləməklə yanaşı, musiqini necə dinləmək də sağlamlıq üçün əhəmiyyətlidir. Əvvəllər toylardan əhvalı yüksək qayıdan insanların indi əsəb və gərginliklə qayıtmasının səbəbi də elə musiqilərdir. Şadlıq evlərindəki musiqi avadanlıqları bir neçə 100 metrə qədər səs buraxır ki, bu da sinir sisteminə mənfi təsir göstərən faktorlardan biridir. Şadlıq evlərində səsin norması təxminən 55 desibel olmalıdır. Bundan artıq norma insanlarda müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır. Monitorinqlər göstərir ki, bəzi restoranlarda, hətta bu rəqəm 400-500 desibelə çatır. Gənclərin daha çox meyl göstərdiyi diskoteka və barlarda bu göstərici 700 desibeldən artıqdır. Bu isə bir müddətdən sonra gənclərin sağlamlığında müxtəlif problemlərin meydana çıxması ilə özünü göstərir.